AQRAR SEKTORUMUZ Yaxın Şərq bazarında mövqelərini möhkəmləndirir

Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin, görülən işlərin, orta və uzunmüddətli proqramların uğurlu icrası nəticəsində ölkəmizdə qeyri-neft  sektorunun  ümumi ixracdakı çəkisi, xarici ticarətdəki payı gündən-günə artmaqdadır.

Təbii ki, bütün bunlara kənd təsərrüfatı, tikinti materialları istehsalı,  rabitə  və  informasiya texnologiyaları sahəsində  dövlət vəsaiti, xarici və yerli kreditlər hesabına böyük investisiya layihələrinin həyata keçirilməsi, qeyri-neft sektorunun ixrac potensialından səmərəli istifadə olunması və şaxələndirilməsi sayəsində nail olunmuşdur. Ölkə başçısı dəfələrlə bildirib ki, idxaldan maksimum dərəcədə asılılığı aradan qaldırmaq, ixrac potensialımızı artırmaq gələcək fəaliyyətimiz üçün prioritet istiqamət olmalı, bununla paralel olaraq ixrac bazarlarının araşdırılması və müəyyən edilməsi istiqamətində də ciddi işlər aparılmalıdır.

Məlum olduğu kimi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, bu sahədəki mexanizmlərin genişləndirilməsi, hüquqi bazanın təkmilləşdirilməsi, əlverişli biznes mühitinin yaradılması, kənd təsərrüfatı məhsulları istehsalçılarına vergi güzəştlərinin edilməsi, onlara subsidiyalar verilməsi, regionların inkişafı  proqramlarının uğurlu icrası və s. kimi kompleks tədbirlər artıq bu sahədə öz bəhrəsini verməkdədir. Məhz bunların nəticəsidir ki, təkcə bu ilin yanvar-may aylarında kənd təsərrüfatı məhsulları istehsalı illik müqayisədə 5,8 faiz, o cümlədən bitkiçilik sahəsində 24 faiz, heyvandarlıqda isə 3,3 faiz artıbdır.

Qətiyyətlə demək olar ki, bu gün kənd təsərrüfatı məhsulları istehsalçıları ölkəmizdə daxili bazarı keyfiyyətli mallarla təmin etməklə yanaşı, nəinki MDB, hətta Avropa və Yaxın Şərq ölkələrinə  ixracı da gündən-günə artırırlar. Cari ildə kənd təsərrüfatı məhsulları istehsalçılarının bəzi məhsulların ixracını daha da artırmaları, xüsusilə istehsal olunan arpanı xarici ölkələrə satmaları da  bunun əyani sübutudur. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bu ilin birinci yarısında İran və İraqa 9137,5 ton arpa məhsulu ixrac olunub.Təkcə iyul ayında ixracı reallaşdırılan arpa məhsulunun həcmi 4 327,3 ton təşkil edib. Belə ki, xarici ölkələrə ixrac edilən arpa məhsulunun 3 115,6 tonu yemlik, 10 349,2 tonu isə ərzaqlıq arpa məhsuludur. Nazirliyin Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev bildirib ki, 2016-cı ildə də Azərbaycanda kənd təsərrüfatının inkişafı, istehsal olunan məhsulların kəmiyyət və keyfiyyət göstəricilərinin yüksədilməsi, ölkənin ixrac potensialının artırılması qarşıya qoyulan məqsədlərdən biridir. Əsasən də ölkədə yetişdirilən taxıl, eləcə də yem məhsullarının ixracı üçün yeni bazarların axtarılması vacib məsələlərdən biridir. Onun sözlərinə görə, ölkəmizin bitkiçilik məhsullarının ixracı üçün yeni sifarişlər qəbul olunub və yaxın vaxtlarda arpa məhsullarının növbəti partiyasının ixracı planlaşdırılır.

Beləliklə, aqrar sahədə cari ilin altı aylıq mənzərəsinə diqqət yetirsək ölkə başçısı tərəfindən müəyyənləşdirilən mükəmməl iqtisadi konsepsiyanın  uğurlu nəticələrini, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətindəki nailiyyətləri, kənd təsərrüfatı məhsullarının ixracatındakı artımı, aqrar sahənin ümumdaxili məhsuldakı çəkisinin güclənməsini  müşahidə etmiş olarıq.






Fikirlər