“Kənd təsərrüfatı məhsullarının ixrac coğrafiyası genişlənib” - NAZİR

““Kənd təsərrüfatı məhsullarının ixrac coğrafiyası genişlənib” - Nazir

“Azərbaycan kənd təsərrüfatı məhsullarının ixrac coğrafiyasını genişləndirib”.

AzerTaym.az Qafqazinfo”-a istinadən xəbər verir ki , Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov iyulun 10-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Nazir qeyd edib: “Həyata keçirilən aqrar islahatlar, bu sektora dövlət dəstəyinin əhəmiyyətli dərəcədə gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi və institusional islahatların aparılması kənd təsərrüfatında ciddi inkişaf dinamikasına, mühüm kəmiyyət və keyfiyyət dəyişikliklərinə, eləcə də bu sahəyə inamın artmasına və fəallığın yüksəlməsinə səbəb olub. İnstitusional islahatlar demək olar ki, başa çatdırılaraq elmi müəssisələrin fəaliyyətindəki paralelliyin aradan qaldırılması, nazirliyin balansında olan toxumçuluq, tingçilik və damazlıq üçün nəzərdə tutulan torpaq sahələrinin konsolidasiya olunaraq birbaşa funksional vəzifələrin icrası məqsədlərinə yönəldilməsi, informasiya-məsləhət xidmətlərinin yaradılması, aqrar sahənin əlavə fiskal tənzimlənmə alətləri ilə dəstəklənməsi tədbirləri daha intensiv davam etdirilib".

Onun sözlərinə görə, aqrar sektorun texnika təminatındakı problemlər həll edilib və lazımi həcmdə gübrə ehtiyatının yaradılması təmin olunub: "Bütün bunların nəticəsində ilin birinci yarısında faktiki yetişdirilmiş məhsula uyğun 7 faiz artım gözlədiyimiz halda, havaların 25 gün aramsız yağışlı keçməsi səbəbindən biçinə 15 gün gec başlanılması ilə əlaqədar göstəricilərin xeyli hissəsi iyul ayına təsadüf etdiyinə görə artım 3,1 faiz təşkil edib və bu artım bütün əsas növ kənd təsərrüfatı məhsulları üzrə müşayiət olunub.

Bütün bunlar nəzərə alınarsa, ilin sonuna aqrar sektorda istehsalın həcmində ən azı 6 faiz artımın olacağını proqnozlaşdırırıq. Dünya Bankının verdiyi proqnozlara görə isə ölkəmizdə 2016-cı ildə kənd təsərrüfatında 4,2 faiz, 2017-ci və 2018-ci illərdə isə hər il 4 faiz olmaqla artım gözlənilir ki, bunun da hesabına Azərbaycanın hesabatın əhatə etdiyi Şərqi və Mərkəzi Avropa ölkələri arasında ön yerlərdən birini tutacağı qeyd olunur".

H.Əsədov bildirib ki, ilkin proqnozlara görə, cari ildə ölkədə 3 milyon tondan artıq taxıl istehsalı gözlənilir. Hazırda istehsal edilmiş taxılın satışında və ayrı-ayrı dəyirmanlar tərəfindən tədarükündə heç bir ciddi problem müşahidə olunmur: "İstehsalın artımı ilə yanaşı, ixracın stimullaşdırılması üçün müəyyən edilən dəstək tədbirləri, habelə aidiyyəti dövlət orqanları tərəfindən məhsul ixracı ilə bağlı yaranan maneələrin aradan qaldırılması kənd təsərrüfatı məhsullarının həm ümumilikdə, həm də müxtəlif seqmentlər üzrə ixracını kəskin şəkildə artırıb. Belə ki, cari ilin 6 ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 27,5 faiz, o cümlədən meyvə ixracı üzrə 13,1 faiz, tərəvəz məhsulları ixracı üzrə isə 33,1 faiz artıma nail olunub".

Nazir vurğulayıb ki, Rusiya mənbələrində bu ölkənin bazarlarında satılan pomidorun 7,4 faizinin Azərbaycanın payına düşdüyü bildirilir, halbuki ötən il bu göstərici cəmi 1 faiz təşkil edib: "Əlamətdar hal ondan ibarətdir ki, ilk dəfə olaraq ərzaqlıq lobya, düyü, ərzaqlıq və yemlik arpa, darı və çərəzlərin, heyvandarlıqda isə ət və süd məhsullarının ixracına başlanılıb. Eyni zamanda, ixracın coğrafiyası dəyişilərək ənənəvi Rusiya bazarı ilə yanaşı, İran, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İraq və Türkmənistanı da əhatə edib".

Onun sözlərinə görə, yerli istehsalın artımı heyvandarlıq məhsullarının əksəriyyəti üzrə idxalın həcminin kəskin şəkildə azalmasına səbəb olub. İdxalın həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə ət və ət məhsulları üzrə 2,8 faiz, süd və süd məhsulları üzrə isə 15,7 faiz, iribuynuzlu heyvanların baş sayı üzrə 74,5 faiz, xırdabuynuzlu heyvanlar üzrə 94,2 faiz, damazlıq cücə üzrə 51,6 faiz azalıb:

"Bununla yanaşı, devalvasiyaya baxmayaraq, daxili bazarda həm iri, həm də xırdabuynuzlu heyvan ətinin pərakəndə satış qiyməti manat ifadəsində 20 faizdən çox azalıb ki, bu da yaddaqalan nailiyyətlərdən biridir. Analoji vəziyyət süd məhsullarının idxalında da müşahidə olunub. Belə ki, azalma xama üzrə 18 faiz, pendir üzrə 6,6 faiz, kərə yağı üzrə 18,8 faiz təşkil edib".

 

 






Fikirlər