Heydər Əsədovun İlham Əliyevdən 5 xahişi
Bunu dünən yanvarın 27-də prezident İlham Əliyevin iştirakı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı kənd təsərrüfatı naziri Heydər Əsədov çıxışında deyib.
Nazir bildirib ki, dünyada ilk dəfə prezident tərəfindən irəli sürülmüş və ölkəmizin bütün ərazisinin inkişafının yeni keyfiyyət səviyyəsinə yüksəldilməsini nəzərdə tutan regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının müvəffəqiyyətlə icra olunması “vahid milli iqtisadi məkan”ın tarixi nümunəsini formalaşdırmaqdadır: “Dünya Bankının məlumat bazasına əsasən Dövlət proqramlarının həyata keçirildiyi son 10 il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz, Azərbaycanda isə 48,9 faiz, yəni dünya üzrə orta göstəricidən 17,1 faiz bəndi artıq olub. Bu dövr ərzində ərzaq məhsullarının artımı 18 faiz olduğu halda ölkəmizdə bu göstərici 39 faiz təşkil edir.
Hesabat ilində kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5,2 milyard manat təşkil edib, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,8 milyard manat olub. Bu da əvvəlki ilə nisbətən 3 faiz artım deməkdir. Hesabat ilində son 50 ildə görünməmiş quraqlıq və havaların əlverişsiz keçməsi ilə əlaqədar bitkiçilik məhsullarının istehsalı üzrə artım müşahidə edilməyib.
Hesabat ilində ölkənin kənd təsərrüfatı məhsulları üzrə ixracının əsasını təşkil edən meyvə-tərəvəz məhsullarının ixrac həcmi qonşu dövlətlərdə monetar sahədə baş verən məlum hadisələrə baxmayaraq 291 milyon ABŞ dolları və ya əvvəlki illə müqayisədə 16,1 faiz çox olub. Bu dövr ərzində ölkəyə idxal olunan meyvə-tərəvəz məhsullarının həcmi isə 25,2 milyon ABŞ dolları və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,5 faiz az olub. Bu faktlar ərzaq məhsullarına olan daxili bazar tələbatının ödənilməsində yerli istehsalın rolunun əvvəlki illə müqayisədə xeyli artdığını göstərir.
Bir il öncə mən bu kürsüdən çıxış edərkən kənd təsərrüfatı işçilərinin dövlətin bu sahəyə qayğısını yüksək qiymətləndirməklə bərabər müasir kənd təsərrüfatı texnikasının dəyərinin bir hissəsinin dövlət tərəfindən qarşılanması, alınmış texnika ilə bağlı yaranmış borcların müəyyən hissəsinin dövlət hesabına ödənilməsi, mineral gübrələrin satış qiymətinə tətbiq edilən dövlət güzəştinin həcminin artırılması arzusunda olduqlarını ali diqqətinizə məruzə etmişdim.
Bu gün sonsuz minnətdarlıq hissi ilə qeyd edirəm ki, sizin göstərişiniz əsasında kənd təsərrüfatı texnikasının dəyərinin 40 faizinin dövlət tərəfindən qarşılanmasına və satılmış texnika ilə bağlı yaranmış borcların eyni hissəsinin dövlət hesabına silinməsinə, habelə güzəştlə satılan mineral gübrələrin həcminin hər hektar üzrə 50 manatdan 80 manata qədər artırılmasına və eləcə də bu mineral gübrələrin satış qiymətinə tətbiq edilən güzəştin həcminin 50 faizdən 70 faizə yüksəldilməsinə qərar verilib".
H.Əsədovun sözlərinə görə, dövlət qayğısının artırılmasının nəticəsidir ki, hesabat ilində fermerlərin istehsal vasitələri ilə təminatında yaddaqalan nəticələr olub: “Belə ki, hesabat ilində kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilmiş texnikalar əvvəlki illə müqayisədə 37 faiz, o cümlədən taxılyığan kombaynlar 57 faiz, traktorlar 48 faiz, digər texnikalar isə 29 faiz artıb. Son ildə alınmış ümumi kənd təsərrüfatı texnikasının 83 faizini, kombaynların isə 79 faizini Avropa ölkələrinin ən tanınmış şirkətlərinin məhsulları təşkil edib.
Beləliklə, idxal qiymətlərinin azaldılması ilə yanaşı tətbiq edilən güzəştlərin həcminin artırılması hesabına 2014-cü ildə fermerlər texnikanı əvvəlki ilə nisbətən 50 faiz, gübrəni isə 30 faiz aşağı qiymətlə əldə edə bilib. Bu da məhsulun maya dəyərini əhəmiyyətli dərəcədə aşağı salmaqla bərabər onların gəlirlərinin artmasına və investisiya imkanlarının genişləndirilməsinə eyni səviyyədə müsbət təsir göstərib.
Bundan əlavə, bitkiçiliyin inkişafına birbaşa dəstək tədbirləri çərçivəsində 2014-cü ilin məhsulu üçün buğda və çəltik səpininə görə 20,1 milyon manat, əkin sahələrinin və çoхillik bitkilərin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə isə 51,8 milyon manat yardım verilib.
Dövlət başçısının tapşırığına uyğun olaraq Bakı şəhərində hər həftə sonları və bayram günləri təşkil edilən yarmarkaların fəaliyyəti daha da təkmilləşdirilib. Özəl biznes subyektləri ilə əməkdaşlıq sistemi yaradılaraq iqtisadi tənzimləmə və valyuta bazarında olduğu kimi ərzaq bazarına natural məhsullarla “intervensiya” tədbirləri nəticəsində həm Qurban bayramı, həm də Yeni il ərəfəsində bazarlarda tələbata uyğun məhsul bolluğu yaradılmış və qiymət dəyişmələri baş verməyib.
Əvvəldə qeyd etdiyim quraqlıq və əlverişsiz hava şəraiti səbəbindən toxumçuluq sahəsində yaranmış ciddi problemlərin sizin göstərişinizlə dövlət büdcəsindən ayrılan 2,8 milyon manat vəsait hesabına bir sıra rayonlarda fermerlərə pulsuz toxum verilməsi yolu ilə qısa müddət ərzində aradan qaldırılması insanların bu sahəyə olan marağının azalmasına imkan verməyib.
Cənab prezident, fürsətdən istifadə edərək kənd zəhmətkeşlərinin sizə olan sonsuz inam və istəyini ifadə edərək aşağıdakı problemlərin həlli istiqamətində ali diqqətinizi xahiş edirik:
- yem təminatının vəziyyətini daha da yaxşılaşdırmaq üçün təkrar əkinin həyata keçirilməsini stimullaşdırmaq məqsədilə müvafiq tədbirlərin görülməsi;
- ölkədə toxuma olan tələbatın dayanıqlı şəkildə ödənilməsini təmin etmək məqsədilə Toxum Fondunun yaradılması;
- kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq və motor yağlarına görə yardımların həcminə bir daha baxılması;
- tam istifadəsiz hala düşmüş və təmir edilməsi iqtisadi cəhətdən səmərəli olmayan texnikalara dair müvafiq qərarın qəbul olunması;
- mülkiyyətində olan torpaq sahələrindən istifadə etməyən torpaq sahiblərinə qarşı müvafiq tədbirlərin görülməsi məqsədəuyğun olardı".