Putin 133 min gənci orduya çağırdı – Onların çoxu Ukrayna ilə müharibəyə göndəriləcək...
Vladimir Putin 2024-cü il oktyabrın 1-dən dekabrın 31-dək ehtiyatda olmayan və hərbi xidmətə çağırılmalı olan 18 yaşdan 30 yaşadək 133 min nəfər Rusiya Federasiyası vətəndaşının hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb. “AzPolitika” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının hüquqi məlumat portalı xəbər yayıb. Həmin fərmanla çağırış üzrə hərbi xidmət müddəti başa çatmış əsgərlərin, matrosların, çavuşların və komandirlərin hərbi xidmətdən ehtiyata buraxılması da həyata keçirilir. Qeyd edək ki, Rusiya hərbi-siyasi rəhbərliyi uzun müddətdir ki, səfərbərlik elan edilməsini müzakirə edir. Ancaq Kreml əhalidə narazılıq yaradacağından ehtiyat edərək bu addımı atmaqdan çəkinir. Xatırladaq ki, 2022-ci ilin payzıda səfərbərlik elan olunmuşdu və nəticədə 300 mindən artıq kişi Ukraynada döyüşən ordunun sıralarına cəlb edilmişdi. Hakimiyyət Ukrayna cəbhəsində ağır itkilərdən sonra bu qərarı verməyə məcbur olmuşdu, amma səfərbərliyə qarşı bölgələrdə baş qaldıran etirazlar Kreml administrasiyasını daha ehtiyatlı variantlara üz tutmağa vadar edib. Hazırda Ukraynada gündəlik itkiləri 800-1200 əsgər civarında olan Rusiya Silahlı Qüvvələrinin canlı qüvvə ehtiyacı muzudlular hesabına təmin olunur. Belə ki, müqavilə bağlayıb döyüşmək istəyən hər şəxs dövlətdən 24 min dollar birdəflik bonus, habelə aylıq 2500-7000 dollara qədər (rütbə, hərbi təcrübəyə görə dəyişir) qədər məvacib alır. Rəsmi məlumatlara görə, ayda təxminən 25-30 min nəfər muzdlu döyüşmək üçün ordu sıralarına yazılır. Ukraynadakı silahlı qüvvələrin aylıq itkiləri də elə bu civarda olduğu bildirilir. Son aylarda bu rəqəm kəskin şəkildə azalıb. Mətbuata sızan məlumatlara görə, ordu rəhbərliyi müddətli hərbi xidmətə çağırılan gəncləri Ukraynada döyüşmək üçün təşviq edir, şirnikləndirir. Nəticədə 18-20 yaşlı çağırışçıların bir qismi müqavilə bağlayaraq Ukraynaya göndərilir. Qeyd edək ki, Rusiya qanunvericiliyinə görə, müddətli çağırışçılar hərbi əməliyyatlara yalnız könüllülük prinsipi əsasında cəlb edilə bilər. Canlı qüvvə çatışmazlığı getdikcə artan ordu rəhbərliyi isə gənc çağırışçıların könlünü pulla, bəzən təzyiq, hədə ilə “alaraq” onları od-alovun içinə atır.