İŞİD dünyanın 3-cü nüvə gücünə çevrilə bilər- Nüvə təhlükəsi

 

 

Pakistanla Səudiyyə Ərəbistanı aralarındakı hərbi əməkdaşlığı artırmaq niyyətindədirlər.

 Azərtaym.az bildirdiyinə görə, İslamabada səfər edən Səudiyyə Krallığının müdafiə nazirinin müavini Məhəmməd bin Abdullah Eyş Pakistan ordusunun Baş qərargah rəisi general-polkovnik Rail Şəriflə görüşüb və görüşdə hərbi əməkdaşlıq məsələləri müzakirə edilib.

İki ölkənin ən yüksək hərbi iradəsinin keçirdiyi görüşün bir müddət əvvəl 34 islam ölkəsinin bir araya gələrək terrorizmə qarşı ittifaq yaratdığını bəyan etməsinin ardından baş tutması təsadüfi hesab olunmur. Məlumat üçün qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının Riyadda keçirilən toplantısında qəbul edilən bu qərara imza atan ölkələrin arasında heç şiə dövləti yox idi. Ekspertlər bu fakta əsaslanaraq ittifaqın əslində terrorizmə qarşı yox, şiəliyə qarşı yaradıldığına inanırlar.

Maraqlıdır ki, Pakistanın da adı həmin ittifaqa dəstək verənlərin arasında çəkilmişdi. Xəbəri şərh edən Pakistan Xarici İşlər Nazirliyinin katibi Aizaz Çaduri Səudiyyə Ərəbistanı liderliyində qurulan ittifaqda ölkəsinin adını oxuyub təəccübləndiyini bildirmişdi. Pakistanın ən səlahiyyətli diplomatının bu açıqlaması verilən məlumatı şübhə altına almış, İslamabadın adından sui-istifadə olunduğu qənaətini yaratmışdı.

Təbii ki, bu sui-istifadə səbəbsiz deyil. Məlum olduğu kimi, bu ölkə islam dünyasının ən ciddi hərbi qüdrəti hesab olunur. O, rəsmən nüvə arsenalına sahib yeganə islam ölkəsi olaraq tanınır. Özü də Pakistan sadəcə dünyanın bir neçə “nüvə xoşbəxtlərindən” biri də deyil. ABŞ-ın Karnegi Beynəlxalq Sülh Vəqfiylə Stimson adlı düşüncə quruluşunun birgə hazırladığı hesabata görə, 5-10 il içində o, dünyanın 3-cü ən böyük nüvə dövlətinə çevriləcək. Dünyanın ən etibarlı təşkilatlarının nəzərində ilk iki nüvə gücü sayılan ABŞ və Rusiyadan sonra Pakistanın önə çıxması onun xor görülməyəcək qədər ciddi hərbi güc olduğunun ən bariz sübutudur.

Xatırladaq ki, hazırda bu sahədə 3-cülüyü əlində saxlayan Fransadır. Fransanın 300-dən çox nüvə başlıqlı silahı var. Belə çıxır ki, 2020-ci ildən sonra Pakistan da öz nüvə arsenalını bu səviyyəyə çatdıracaq və hətta Fransanı keçəcək.

Hazırda isə Pakistanın 120 atom silahının olduğu güman olunur. Onun ziddiyyətdə olduğu və yarandığı qısa tarix ərzində 3 dəfə savaşdığı Hindistan isə cəmi 100 ədəd bu cür silaha sahibdir. Halbuki, 1998-ci ildə ilk nüvə sınağını keçirən Pakistan bu qüdrətə sahib olmaq istəyinin səbəbini Hindistandan gələ biləcək nüvə təhdidilə əsaslandırmışdı.

O da maraqlıdır ki, Hindistan ilk nüvə sınağını 1974-cü ildə həyata keçirmişdi. Rəqibindən 24 il sonra “nüvələşməyə” başlayan, amma 17 il ərzində nəinki onu arxada buraxan, hətta dünyanın ən böyük 3 qüdrətindən birinə çevrilən Pakistanın birdən-birə ildırım sürətiylə güclənməsi ağıllarda müəyyən suallar yaradır. Hər halda Pakistan Asiyanın iqtisadi cəhətdən yenidən parıldamağa başlayan ulduz dövlətlərindən biri deyil. Onun iqtisadi qüdrəti nə ABŞ-la kəllə-kəlləyə gəlməkdən çəkinməyən Çin, nə də texnoloji qabiliyyətilə seçilən Yaponiya və ya Cənubi Koreya qədər deyil. “Nüvələşmə” strategiyasını özünün ən başlıca hərbi doktrinası olaraq qəbul edən Çinin belə bu sahəyə ayırdığı diqqətdə (diqqətin həm də pul demək olduğunu diqqətdən qaçırmayaq) Pakistandan xeyli geridə qalması, həqiqətən də, təəccüblüdür.

Pakistan rəsmiləri nüvə başarılarının sirrini iki əsas amillə əsalandırmağa çalışırlar. Bunlardan biri islam dünyasının Eynişteyni hesab olunan Əbdülqədir Xandır. Hindistanda doğulub, sonra Pakistana köçən bu türkəsilli “bombabeyin” düha, doğrudan da, İslamabadın getdikcə dünya dövlətlərindən birinin paytaxtına çevrilməsində müstəsna rol oynayıb. Hollandiyanın atom energetikasına aid qurumlarda çalışan və ciddi təcrübə toplayan Əbdülqədir Xan daha sonra Hindistana qarşı nüvə qalxanı yaratmaq istəyən Pakistanın çağırışını qəbul edib vətəninə qayıdıb. Hindistanın 3-cü nüvə sınağından sonra 3 gün ərzində ondan daha möhtəşəm sınaqlarla Dehlini təəccübləndirəcəyinə söz verən ölkəsinin üzünü qaraltmayıb. Həqiqətən də, 3 gündən sonra eyni anda 5 uğurlu nüvə sınaqlarıyla Pakistanın hərbi qüdrətinə silinməz möhür vurub.

Fəqət bu “bombabeyin” dühanın intelektual gücünün öz ölkəsini 20 il ərzində dünya 3-cülüyünə çıxarmağa kifayət etməyəcəyi açıqdır. Məsələnin, türklər demiş, püf nöqtəsi bu əsrarəngiz dühanın əqli potensialını reallaşdırmaq üçün tələb olunan kapitalın hardan tapılmasındadır. Nədən ki, 180 milyonluq əhalisi ilə Pakistanın o qədər də ürəkaçan iqtisadi gücə malik olmadığı məlumdur. Elədirsə, bəs bu qədər pulun mənbəyi nədir?

İslamabad bu sualı ölkəsinin iqtisadi fədakarlıqlarıyla əsaslandırır. Rəsmi məlumata görə, Pakistan illərlə yeməyib, içməyib, əlinə keçən bütün pulunu nüvə silahlarına yatırıb. İndiyə qədər bütün Pakistan yetkililərinin söykəndiyi bu ideyanın müəllifi ölkənin sabiq prezidenti Zülfiqar Əli Buttoya aiddir. Hindistan 1974-cü ildə ilk nüvə sınağını həyata keçirəndə Zülfiqar Əli Butto özünün tarixi sözlərini dilə gətirərək demişdir: “Quru ot yeyəcəyik, ac qalacağıq, amma nüvə silahları düzəldəcəyik”. O gündən etibarən, Pakistanın bütün qüdrətinin bu sözün reallaşmasına yönəldilmiş və İslamabad gözlənilən sürpriz hədiyyəni SSRİ dağıldığı sıralarda, 1998-ci ildə almışdır.

İrəli sürülən bu rəsmi açıqlamaya şəkki-şübhəmiz olmasa da, yalnız ot yeməklə modern sənaye gücülərini arxada buraxmaq tam inandırıcı görünmür. Zira, əgər bu xasiyyətlə bu qədər hərbi qüdrətə sahib olmaq mümkün olsaydı, onda gərək otyeyən canlılar dünyaya hökm edərdilər.

Möcüzələrə çox etibar etməyən ekspertlər məhz bu məntiqə əsaslanaraq Pakistanın bu qədər böyük qüdrətə sahib olmasının açıqlanmayan başqa bir sirrinin mövcudluğuna inanırlar. Bəziləri hətta bu qüdrətin sirrini Səudiyyə Krallığının kapital gücündə axtarır. Rəsmən təsdiqlənməyən mülahizələrə görə, Pakistanın  nüvə arsenalının nüvəsini Səudiyyə kapitalı təşkil edir. Yəni, o silahların pulunu rəsmi Riyad verir.

Səudiyyə ailəsinin nüvə arsenalını öz ölkəsində yox, ondan çox-çox uzaqlarda yaratması isə səbəbsiz deyil. Zira İsrailin təhlükəsizliyini təhdid gərəkçəsiylə beynəlxalq aləm Səudiyyə Ərəbistanına bu imkanı verməzdi. Getdikcə nüvələşən İran təhdidi isə pulu başından aşan rəsmi Riyadı gələcəyini güvəncə altına almağa sürükləyirdi. Gələcəyin qarantiyası isə nüvə gücündədir. Əgər məqsəd İran nüvəsindən qorunmaqdırsa, onu İranın şərq sərhədlərində də yaratmaq olardı. Necə deyərlər, İranın Qərb sərhədlərində yaradılan nüvə silahlarının sabah istiqamətini İsrailə tərəf çevirməyəcəyi nə məlum?

Məsələyə bu aspektdən nəzər salanda Səudiyyə Ərəbistanının Pakistanın razılığını almadan adını öz müttəfiqləri siyahısına salmasının səbəbi aydın olur. Görünür, özünü ferma müdiri hesab edən Səudiyyə kralı sağıcıya xəbər verməyə belə lüzum görmədən onun əvəzinə qol çəkmiş, sağıcı isə adını mətniylə yenicə tanış olduğu, özü də mətbuatdan oxuduğu siyahıda görəndə təəccüblənmişdi. Sağıcının təəccübləndiyini açıq şəkildə büruzə verməsi sirrin üstünü açdığından, ferma müdiri dərhal qulamını onun yanına göndərmiş və hal-qəziyyəni qulluqçusuna izah etmişdir. Krallığın müdafiə nazirinin müavininin Pakistana təşrif buyurub ölkənin Baş qərargah rəisiylə əsgəri əməkdaşlıq haqqında müzakirə aparmasını ancaq bu misalla müqayisə etmək olar.

Dövlətlərarası münasibətlərdə əsl skandal hesab olunacaq yuxarıdakı ehtimalı həmin görüşün ardından verilən açıqlamalar da sübut edir. Maraqlıdır ki, bu açıqlamalar hərbi yetkililərdən deyil, yenə təəccübüylə bir böyük paxırın üstünü açan  Pakistanın Xarıcı İşlər Nazirliyi tərədindən verilib. Bu səfər isə danışan başqa bir diplomatik yetkili olub. Məlumata görə, İslamabadda həftəlik mətbuat brifinqində danışan XİN-nin sözçüsü Qazi Xəlulullah deyib: “Pakistan terrorizmə qarşı koalisiyaya qoşuldu. Bu ittifaqa töhfəmizin nə olacağı barədə detalları Səudiyyə Ərəbistanından gözləyirik”.

Qazi Xəlilullahın yuxarıdakı cümlələrini loru dilə çevirəndə belə alınır: “Ferma müdirindən əmr gözləyirik!”

Sözsüz ki, özünü ferma müdiri kimi aparan Səudiyyə Ərəbistanının Pakistanı sağıcı yerinə qoyması Uzaq Şərqin bu kasıb ölkəsini də Orta Şərqin gününə qoya bilər. Çünki 180 milyonluq Pakistanın ən azı 20%-nin şiə olduğu və onların əsasən İran sərhədləri boyunca yaşadığı məlumdur. İlk baxışdan 20% kimi rəqəmlə ifadə olunan bu statistika bəlkə bəzilərinə xeyli az görünə bilər. Onu faizsiz rəqəmə çevirəndə isə olduqca böyük say alınır: təxminən, 40 milyon. Yəni 30 milyonluq Səidiyyə Ərəbistanından 3/1 qədər çox.

Səudiyyə Ərəbistanının kuklasına çevrilməyə qərar verən Pakistanda bu durumun təsirsiz qalmayacağı və islam dünyasını ağuşuna alan məzhəb müharibəsinin bu ölkəyə də sıçrayacağı güman olunur.Məzhəb müharibələri isə istər-istəməz Pakistanda Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilən və onsuz da ciddi təsir imkanına sahib olan Taliban, əl-Qaidə, İŞİD tipli qüvvələri ön plana çıxara bilər. Bu da gələcəyin ən böyük nüvə arsenallarından birinin radikal islamçıların əlinə keçməsi deməkdir. Əlbəttə, o radikalların ki, onlar İsraili, ABŞ-ı yox, şiələri özlərinin ən böyük hədəfinə çeviriblər.

Sonda onu da qeyd edək ki, irəli sürdüyümüz bu ehtimal, deyəsən, Pakistan ictimaiyyətini də ciddi narahat edir. Hər halda haqqında söhbət açdığımız mətbuat konfransında danışan Qazi Xəlilullahın bir suala veridiyi cavab bu cür düşünməyə əsas verir. Jurnalistlərdən birinin sualını cavablandıran diplomat deyib ki, Pakistanda nəinki İŞİD təhlükəsi yoxdur: “Hətta onun kölgəsinin belə yaranmasına izn verilməyəcək. İŞİD təhlükəsinə qarşı bütün təhlükəsizlik qüvvələrimiz alarm vəziyyətinə gətirilib”.

Adamdan soruşarlar ki, ey mübarək adam, həqiqətən də, İŞİD təhlükəsi yoxdursa, təhlükəsizlik qüvvələrinizi niyə alarm vəziyyətinə gətiribsiniz?






Fikirlər