RUSİYANIN YARISINI YOXSULLUQ GÖZLƏYİR! – Putinin əsas nailiyyətinin üstündən xətt çəkilir

 

1451751513_1418808298_1

Bir sıra aparıcı analitik mərkəzlərin ekspertləri xəbərdarlıqla bildirirlər ki, yaxın gələcəkdə Rusiya əhalisinin yarısının yoxsullaşması riski var.

Keçən il Rusiyada gəlirlərin, məvaciblərin, təqaüdlərin və məşgulluğun son 15 il ərzində ən aşağı səviyyəyə düşdüyü il olub.

Gələcəklə bağlı proqnozlar da ürəkaçan deyil. Rusiya Federasiyası hökuməti nəzdindəki analitik proqnozlaşdırma mərkəzinin, Rusiya xalq təsərrüfatı və dövlət xidmətinin, Makroiqtisadi analizlər və qısamüddətli proqnozlaşdırma mərkəzinin və həmçinin də Dünya Bankının mütəxəssisləri rusiyalıların həyat səviyyəsinin və yaşayış keyfiyyətinin kütləvi şəkildə aşağı düşəcəyini gözləyirlər.

Analitiklər qeyd edirlər ki, Rusiya əhalisinin 30%-dən 50%-ə qədəri yaxın gələcəkdə yoxsulların sırasına qoşulacaqlar. Əgər indi onlar bu haqda heç nə bilmirlərsə, deməli 2016-cı ildə mütləq biləcəklər.

Amma görünür ki, onlar bunu hər halda öz təcrübələrindən müəyyən qədər bilirlər. 2015-ci ilin dekabr ayının sonunda Maliyyə araşdırmaları milli agentliyinin tədqiqatları çərçivəsində elan olunan məlumata əsasən, rusiyalıların 85 %-i xoşağəlməz iqtisadi vəziyyətin onların rifahına təsir göstərdiyini qeyd ediblər. Rəyi öyrənilən respondentlərin 48 %-i isə inflyasiyanın onların ailə büdcələrinə zərbə vurduğunu bildiriblər. 37 faiz respondent isə deyib ki, qiymətlərin qalxması, hətta onların ərzaq məhsullarına qənaət etmələrinə səbəb olub.

Bundan başqa “İctimai rəy” fondunun həyata keçirdiyi sorğunun 31 dekabr tarixində dərc olunan nəticələrinə əsasən, 34 % rusiyalı 2016-cı ildə öz maddi vəziyyətlərinin pisləşəcəyini gözləyir. 31 % isə hesab edir ki, vəziyyət sadəcə olaraq, yaxşıya doğru dəyişməyəcək.

Rusiya vətəndaşlarının narahatçılıq keçirmələri üçün bütün əsasları var. Rusiya Federasiyasının Dövlət Federal Statiska Xidmətinin (Rosstat) məlumatına əsasən, orta rusiyalı işçinin aldığı pulun alıcılıq qabiliyyəti, yəni real məvacib, 2015-ci ilin oktyabrında illik hesablama ilə götürdükdə 10,9 % aşağı düşüb.

“Bloomberg” və Yeqor Qaydar adına iqtisadiyyat institutunun hesablamalarına görə, oktyab ayında real məvacibin azalması 1999-cu ildən indiyədək olan ən mənfi göstəricidir. Bu isə Rusiya Federasiyası prezidenti Vladimir Putinin hakimiyyətdə olduğu dövrün ən pis göstəricisi deməkdir. İş ondadır ki, noyabr ayında rusiyalıların gəlirləri oktyabr ayı ilə müqayisədə daha 1,9 % azalıb. Hətta Kremlin ən nikbin məmurları belə, məvaciblərin 2014-cü il səviyyəsinə gəlib çatacağının 2018-ci ildən öncə baş verəcəyini gözləmirlər.

“Rosstat”ın verdiyi məlumata görə, 2013-cü ildə 12,5 milyon rusiyalının qazancı yaşayış minumumundan aşağı olub.
Rusiya statistikasına görə ölkədəki yoxsulların sayı, hal-hazırda 22 milyon nəfərdir. Həmin məlumatı “Rusiya 24” televiziya kanalına müsahibəsi zamanı Rusiya Federasiyası baş nazirinin sosial siyasət məsələləri üzrə müavini Olqa Qolodets verib. Göründüyü kimi, yoxsulluğun iki dəfə yüksəlməsi göz önündədir.

“Rosstat”ın verdiyi məlumata əsasən, rusiyalıların təxminən dörddə biri yaşayış minimumundan bir qədər çox qazanırlar. Ona görə də, qiymətlərın cüzi qalxacağı və ya gəlirlərin azalacağı təqdirdə bu insanlar çox asanlıqla yoxsulluq səviyyəsi sərhəddinin altına düşəcəklər.

Digər tərəfdən isə çətin günlərin öhdəsindən gəlmələri üçün, rusiyalıların əksəriyyətinin kifayət qədər ehtiyat pulu yoxdur. Rusiya Maliyyə araşdırmaları milli agentliyinin məlumatına əsasən, ehtiyat pul yığımının həcmi əksər rusiyalıların (60%) yalnız üç ay duruş gətirməsinə imkan verə bilər. Həm də ki, 26% etiraf edib ki, onlar bütün qazanclarını hələ bir ay başa çatmayana kimi xərcləyirlər. 16% isə bildirib ki, onların vəsaitləri bir həftəni ancaq görür.

Ümumi Daxili Məhsulun və sərmayə qoyuluşunun azalmasınının davam etməsini, həmçinin də inflyasiya və işsizliyin artmasını nəzərə alaraq, deyə bilərik ki, üzümüzə gələn il: rusiyalıların prezident Putinin başlıca nailiyyəti hesab etdikləri – ölkənin iqtisadi inkişafının, əhalinin gəlirlərinin və həyat səviyyəsinin yüksəlməsinin üstündən xətt çəkəcək.
(“Eurasia Net” – ABŞ)

 






Fikirlər