Yaxın Şərqdə hadisələr, əvvəldən də proqnozlaşdırıldığı kimi, Türkiyənin əleyhinə inkişaf etməkdə, qardaş ölkə üçün kürd təhdidi artmaqdadır.
Qərb ölkələrindən, eləcə də Rusiyadan hərtərəfli dəstək alan kürdlər artıq müstəqillik yolunda ilk addımlar atmaqdadır. Belə ki, Suriyanın Rumeylin şəhərində keçirilən qurultaya toplaşan 30-dan çox siyasi partiya Suriyanın şimalında rəsmi olaraq regional federativ administrasiyanın yaradıldığını elan edib.
Qurultayda iştirak edənlər arasında ölkənin şimal və şimal-şərqinin nümayəndələri, xüsusilə kürdlər, ərəblər, çərkəzlər, ermənilər və türkmənlər də olub.
Düzdür, Qərbi Kürdüstanın nümayəndəsi İdris Naasan qeyd edib ki, kürdlərin separatçı niyyətləri yoxdur, elan olunan federativ region isə Suriyanın tərkibində qalacaq. Rəsmi Dəməşq isə bu mövqeni pisləyib və qeyd edib ki, federallaşdırma məsələsi ölkənin ərazi bütövlüyünə qəsddir. Suriya hökumətinin bəyanatında deyilir: "İstənilən belə bəyanat qanuni gücə malik deyil və hüquqi, siyasi, sosial və iqtisadi əsasları yoxdur. Yeni qurum Suriya xalqının iradəsini əks etdirmir. Suriya Ərəb Respublikasının hökuməti xəbərdarlıq edir ki, federasiya layihəsi Suriyanın ərazi bütövlüyünü parçalamaq cəhdidir və Konstitusiyaya, xalqın birliyinə və beynəlxalq razılaşmalara qarşı yönəlib". Ankara da kürdlərin qərarını qanunsuz adlandırıb. Türkiyə hökumətindəki yüksək vəzifəli mənbə "Reuters" agentliyinə bildirib ki, ölkənin taleyi Suriya xalqı və Konstitusiyaya uyğun olaraq razılaşma yolu ilə həll edilməlidir. "Bu cür istənilən birtərəfli addımlar Suriyanın birliyini pozacaq". Türkiyəni narahat edən isə proseslərdə PKK-ya bağlı PYD-nin ön plana çıxmasıdır. Prezident Rəcəb Tayyib Ərdoğan PYD-nin addımlarını təhlükəli hal adlandırır: "Onlar da terrorçu PKK kimi kürdlərin çox az bir hissəsini təmsil edirlər. Onların əsl dəstəkçisi Qərbdir və silahların haradan gəldiyini də görürük. Bir də Qərblə Qəndil dağı eyni başlığı paylaşır: "Ərdoğan gedərsə, sabitlik gələr. Ərdoğan gələndə Türkiyə nə halda idi, bu gün vəziyyət necədir. PYD kimi YPG də terror qruplaşmasıdır və kürdlərin çox kiçik bir hissəsini təşkil edir. Bunlar silah əldə etmək üçün pulu haradan tapırlar?!"
O, Türkiyəyə münasibətdə Qərb ölkələrini səmimi olmağa çağırıb: "Terrora qarşı da münasibətiniz birmənalı deyil. Bu gün bizdə törədilən terrorlar sabah sizin ölkənizdə baş verə bilər. Fransada terror törədiləndə qiyamət qoparırdız. Bəzi ölkələr Türkiyəni dizüstə çökdürmək istəyir. Bütün terrorların arxasında duran həqiqət budur. Biz ölkəmizi daha yaxşı hala gətirmək üçün fəaliyyət göstəririk. Sizin dərdiniz isə bu ölkəni bölüb-parçalamaqdır. Amma parçalaya, bölə bilməyəcəksiniz". Ankara terrorçulara qarşı mübarizənin bundan sonra daha sərt formada davam edəcəyini də bildirib. Bu arada isə Ankara şəhərində martın 13-ü baş verən terror hücumu ilə bağlı məsuliyyəti "Kürdüstan Azadlıq Şahinləri" (TAK) təşkilatı öz üzərinə götürüb. PKK təşkilatının bir qolu kimi tanınan TAK bu barədə rəsmi internet səhifəsində açıqlama yayıb və terror aktını Səhər Çağla Dəmirin reallaşdırdığını qeyd edib. Bundan öncə isə Ankarada fevralın 17-də baş verən terror aktının məsuliyyətini öz üzərinə götürən TAK ABŞ-ın terror təşkilatları siyahısında yer alıb. Belə bir vaxtda yayılan digər məlumatlara görə, Ankaranın mərkəzində törədilmiş növbəti qanlı terror hücumunun ardınca PKK və ona bağlı terror qruplaşmaları bu dəfə İstanbulda silahlı hücumlara hazırlaşır. Düzdür,
Ankarada törədilmiş terror hücumundan sonra Türkiyənin xüsusi xidmət orqanları və asayiş qüvvələri bütün iri şəhərlərdə, o cümlədən İstanbulda fövqəladə təhlükəsizlik tədbirləri görüb. Bəzi xarici səfirliklər yeni terror hücumları təhlükəsinə qarşı Novruz bayramı günlərində fəaliyyətini dayandırıb. Xüsusi xidmət orqanları PKK və ona bağlı qruplaşmaların bomba yüklü maşınlarla yeni hücumlar planlaşdırdıqları barədə əməliyyat məlumatlarına malikdir. Elə sosial şəbəkələrdə də mümkün terror hücumları barədə məlumatlar paylaşılır. Məsələn, "Kemal Soydere" adlı sosial şəbəkə istifadəçisi yazır: "Dostlar, panikaya qapılmayın, ancaq imkanınız varsa, cümə axşamından etibarən ailənizlə İstanbulu tərk edin. Cümə günü və həftə sonları mümkün olduqca evdən çıxmayın, uşaqlarınızı küçəyə buraxmayın. Bu dəfə bomba deyil, küçə iğtişaşları və atışmaları gözlənir. Dünən təkcə Fatihdə bir evə edilən basqında 175 "Kalaşnikov" çıxdı. Nə qədər belə hücrə evi olduğunu və nə qədər silah yığılması həyata keçirildiyini təxmin belə etmək mümkün deyil. 48 saatdır davamlı olaraq evlərə əməliyyatlar təşkil edilir, ancaq çox ayrı səmtlərdə və dağınıq olaraq yer alırlar".
"Kemal Soydere" daha sonra yazır ki, məlumatları Diyarbəkirin Sur qəsəbəsindəki döyüşlərdə iştirak edən əsgərlərdən alıb. İstisna deyil ki, bu cür məlumatların paylaşılması Ankara terrorundan sonra yaşanan panikanın nəticəsidir. Baş verənlər göstərir ki, Türkiyə PKK terrorçuları ilə müharibənin daha qanlı fazasına daxil olub. Terrorçulara xaricdən gələn dəstək kəsilməyənə qədər isə bu problem Türkiyə üçün aktual olaraq qalacaq.
Tahir TAĞIYEV
Fikirlər