PUTİN TAPŞIRIQ verdi: HƏR ŞEYİ edin!
Rusiya Prezidenti Vladimir Putin ölkənin iqtisadi məsələlərinə həsr olunmuş toplantı zamanı Nazirlər Kabinetinə əyləncə-ticarət mərkəzlərinin fəaliyyətlərini yoxlamaq və onların təhlükəsizliyini təmin etmək barədə tapşırıqlar verib. Putin iclası Kemerovodakı "Qış albalısı" əyləncə-ticarət mərkəzində baş verən dəhşətli yanğınla bağlı bir dəqiqəlik sükutla başlayıb. "Dmitri Anatoliyeviç, biz sizinlə danışdıq, Kemerovo şəhərində olduğum müddətdə nazirlərlə də danışdım. Bu cür əyləncə-ticarət mərkəzlərinin fəaliyyətləri nəzərdən keçirilməlidir. Bu məsələ hansısa kampaniya xarakteri almalı deyil, təhlükəsizlik təmin olunmalıdır. Bu, kifayət qədər aydın məsələdir. Mövcud qanunvericiliyə də nəzər salmaq lazımdır. Aydındır ki, biz iqtisadiyyat sahəsində liberallaşma ilə bağlı qaydaları dəyişməyəcəyik. Mövcud normativ baza insanların təhlükəsizliyini təmin etmək üçün hər şeyi etməyə imkan verir. Daha diqqətlə nəzərdən keçirmək lazımdır. Əgər orada nəsə çatışmırsa, müzakirələrdən, mövcud materialların analizindən sonra müvafiq qərarlar qəbul etmək lazımdır", - Putin Medvedyevə müraciətlə deyib. Dmitri Medvedyev isə öz növbəsində qanunvericiliyə diqqətlə baxılacağını və mövcud normativ bazanı təhlil etdikdən sonra təklifləri ölkə başçısına təqdim edəcəyini bildirib. "Əgər ehtiyac varsa, yanğında xəsarət alanlara və ölənlərin yaxınlarına yardım etmək lazımdır. Region hökumətləri əllərindən gələn hər şeyi edirlər, ancaq federal hakimiyyətin köməyinə ehtiyac yaranarsa, sizdən buna diqqət yetirmənizi və federal hökumətin öhdəsinə düşən hər şeyi etməyinizi istəyirəm" , - Putin Baş nazir Medvedyevə tapşırıb. Mənbə: axar.az