ƏRƏB ŞAHZADƏSİ HACIQABULDA 500 MİNƏ MÜLK ALDI - Fotolar

 

112047_res_01Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biri – Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktum və 100-ə yaxın səhabəsi ov etmək üçün bir neçə gün əvvəl Azərbaycana gəlib.
Onlar ötən il olduğu kimi bu il də Hacıqabul rayonunun Qarasu kəndinə gediblər. Lakin 2-3 gün Hacıqabulda qalandan sonra şeyx müvəqqəti olaraq Dubaya qayıdıb. Amma onu müşayiət edən əshabə və xidmətçiləri hələ də Qarasudadır.Kənd sakinlərinin virtualaz.org saytının Şirvan bürosuna verdikləri məlumata görə, ərəblər Qarasu kəndində artıq iki mülk də alıblar.
“Həmin evlər kəndin axırında yerləşir və iki qardaşa – uzun illər Rusiyada yaşayan Eldəniz və Vüqar Cavadov qardaşlarına məxsusdur. Hər iki ev ikimərtəbəlidir və müasir üslubda, zövqlə tikilib. Hazırda alqı-satqı üzrə sənədləşmə işləri aparılır.
Evlərini ərəb şahzadəsinə satan Cavadov qardaşlarının ailə üzvləri bu yaxınlarda ağır avtomobil qəzası keçirib. Ailənin iki üzvü ağır vəziyyətdədir və müalicə alırlar. Ona görə də ailələrin maddi vəziyyəti ağırlaşıb. Onlar evlərini yaxınlarının müalicə xərclərini ödəyə bilmək üçün satmağa məcbur olublar. Kənddə Cavadovların iki evi 750 min dollara satması haqda söhbətlər gəzsə də yaxınları zəngin ərəblərin iki ev üçün qardaşlara 500 min manat ödədiyini bildirir. Hazırda şeyxin əshabələri həmin evlərin həyətlərində əlavə təmir-tikinti işləri aparır, yeni yardımçı binalar tikirlər” – deyə Qarasu kənd sakinləri bildirib.
Rayondan əldə etdiyimiz məlumata görə, ərəblər Hacıqabulda uzun müddətə məskunlaşmaq niyyətindədir. Onların istifadəsində 50-dək CİP var.

Qarasu sakinlərinin bir çoxu günəmuzd olaraq ərəb zənginləri üçün çalışır. Ərəblərin avtomobillərinə, ov quşlarına və çadırlarına xidmət, ərzaq təchizatı, yemək hazırlamaq, paltarları təmizləmək və s. bu kimi məişət problemləri yerli sakinlər tərəfindən həll edilir.
Şahin quşlarını ova gətirmiş ərəblər Qarasu və ətraf kəndlərin sakinlərindən çöl göyərçinləri alaraq quşları ayrıca çadırlarda saxlayırlar. Həmin göyərçinlərdən hər gün bir neçəsi havaya buraxılaraq şahin quşları tərəfindən ovlanılır və bu ov mərasiminin videoçəkilişi aparılır. Quşlar itməsin deyə onlara xüsusi elektron vericilər (“çip”) bağlanıb.
Əsl ov mərasimi isə bəzgək quşlarının əraziyə miqrasiya etməsindən sonra başlanacaq. Yəni müvəqqəti olaraq göyərçin tutmaqla məşq edən şahinlər bəzgəkləri ovlamağa başlayacaqlar. Amma bəzgəklərin Kür-Araz ovalığına kütləvi köçünə hələ bir neçə ay vaxt qalıb. Elə şahzadənin Dubaya geri dönməsinin səbəbinin də məhz bu vaxt amilinə bağlı olduğu bildirilir. Yəni ov quşları kütləvi şəkildə Qarasuda məskunlaşandan sonra şahzadə yenidən “quşu quşla ovlamaq üçün” geri dönəcək.

Qeyd edək ki, ərəb zənginlərinin ovdanı Şamaxı rayonu ilə həmsərhəd olan Hacıqabulun Qarasu və Muğan kəndlərinin düzəngahlarıdır. Onların buranı ovdan seçməsi də təsadüfi deyil. Yerli sakinlər bildirir ki, bəzgəklər sıx ot örtüyünə malik olan bu yerlərə əsasən noyabr ayının sonlarında kütləvi köç edir, aprel ayının sonlarında isə köçüb gedirlər. Həm də bəzgəklər adətən sıx, şirəli və yaşıl otla zəngin olan bu düzəngahlara sürü halında enirlər. Bu quşlar ən nadir çöl quşlarındandır ki, qidalanmaq üçün əkin sahələrinə tez alışır. Bu zaman ərəblərin saatda 100 km-dək sürətlə uçmaq qabiliyyətinə malik şahin quşları bəzgəkləri ovlayır. Adətən bu ov mərasiminin videoçəkilişi aparılr.
Kür-Araz ovalığı ərazisinin hamar relyefə malik olması ovçulara sürətlə uçan quşları CİP-lərlə müşayiət etməyə və alıcı quşların bu ov prosesini canlı izləməyə də imkan yaradır. Ərəb ölkələrində hər birinin qiyməti 50-100 min dollara çatan şahin quşları ilə ov etmək varlı ərəblərin ən sevimli əyləncəsidir…
Kür-Araz ovalığı ərazisinin hamar relyefə malik olması ovçulara sürətlə uçan quşları CİP-lərlə müşayiət etməyə və alıcı quşların bu ov prosesini canlı izləməyə də imkan yaradır. Ərəb ölkələrində hər birinin qiyməti 50-100 min dollara çatan şahin quşları ilə ov etmək varlı ərəblərin ən sevimli əyləncəsidir…

 






Fikirlər