Arif Əsgərovun qohumu 5 MİLYON ÖDƏDİ
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun məlumatına görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə məlum olub ki, E.Hüseynov 4 nəfər zərərçəkmişdən aldığı 5 milyon manatı qaytarıb. Məhkəmə prosesi dekabrın 15-də davam etdiriləcək. Növbəti iclasda dövlət ittihamçısının çıxış edərək E.Hüsyenova cəza istəyəcəyi gözlənilir. İttihama görə, E.Hüseynov Gürcüstandan izolyasiya və digər materiallar gətirmək adı ilə Emil Məmmədovdan 2 milyon 500 min dollar, Tural Hüseynovdan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat və Mərziyyə Rzayevadan isə 19 500 manat pul alaraq dələduzluq yolu ilə mənimsəyib. E,Hüseynov digər zərərçəkənlərdən də aldıqları ilə birlikdə ümumi olaraq təxminən 8 milyon manat pul mənimsəyib. Qeyd edək ki, təqsirləndirilən E.Hüseynov “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi, sonra isə nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun baldızı oğludur. Onun qardaşı Rahib Hüseynovun məhkəməsi hazırda davam edir. İttihama görə, R.Hüseynov "Azərbaycan Dəmiryolları" QSC-yə yataq dəstləri gətirmək adı ilə Qoşqar Zeynalovdan 4 milyon 300 min manat alaraq mənimsəyib. Digər zərərçəkən Namiq Mehdiyevə də pul “atıb”.