Azərbaycanda KİV-ə QADAĞA: BU məlumatlar yayılmayacaq

 Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Kütləvi informasiya vasitələri haqqında” qanuna əlavə və dəyişiklik müzakirəyə çıxarılıb.

 APA-nın məlumatına görə, komitə sədri Rəfael Hüseynov layihəni təqdim edib.

 Qanunun 11-ci maddəsinə (İnformasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən xüsusi hallar) əlavə olunan bəndə görə, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və “İnformasiya əldə etmək haqqında” qanuna uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərini olduğu kimi yayılmasına yol verilməyəcək.

 Maddənin 4-cü bəndi isə dəyişdirilərək belə verilir: “yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yaymasına yol verilmir”.

 Bəndin hazırda qüvvədə olan variantı isə belədir: “Cinayət etməkdə təqsirləndirilən yetkinlik yaşına çatmayanların və ya qanuni nümayəndələrinin razılığı olmadan onların şəxsiyyəti barədə hər hansı məlumatı yaymasına yol verilmir”.

 R. Hüseynov bildirib ki, belə bir əlavə və dəyişikliklərdə məqsəd bəzən mətbuat vasitələrində hər hansı məlumatın vaxtından əvvəl, şişirdilmiş formada verilərək mövzunun daha arzuolunmaz nəticəyə çatmasının qarşısını almaqdır: “Bu, bütün hallarda KİV-in işini məhdudlaşdırmaq demək deyil”.

 Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. 






Fikirlər