Dini Komitənin səlahiyyətləri artırılır
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətləri artırılır. AzVision.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, qanunun 29-cu maddəsinə (Müvafiq icra hakimiyyəti) qurumun səlahiyyətləri sırasına 12-ci və 13-cü abzaslar əlavə edilir.
12-ci abzasa görə, qurum eyni zamanda “nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların, dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna uyğun olaraq yoxlamalar aparır.
13-cü abzasa görə isə qurum din sahəsində mütəxəssislərin hazırlanması və ixtisasların artırılması üçün tədbirlər görür, ixtisas artırma kurslarını təşkil edir.
Qeyd edək ki, mövcud qanuna edilən dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.