Şamaxıda yarım MİLYONLUQ yeyinti və müavinin FƏRARİ qohumları

Şamaxıda yarım milyonluq yeyinti və müavinin fərari qohumları

“Mən həmişə demişəm, hər bir dövlət məmuru, o cümlədən prezident xalqın xidmətçisidir. Xalq bizə etibar eləyib, biz də bu etibarı, inamı hər gün doğrultmalıyıq. Dövlət məmurları özlərini təvazökar aparmalıdır, özləri və onların ailə üzvləri xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq göstərməməlidirlər. Hesab etməməlidirlər ki, onların hansısa statusu var. Onların statusu insanlara xidmət etməkdir. İnsanları incitməməlidirlər, əksinə qayğı, diqqət göstərməlidirlər”.

Bu, prezident İlham Əliyevin müşavirələrin birində səsləndirdiyi fikirlərdir. Hansı ki, ölkə başçısı artıq bir neçə ildir ki, hər çıxışında bu məsələyə toxunur.

Amma çox təəssüf ki, bəzi məmurlar bu tapşırıqlardan nəinki nəticə çıxartmırlar, əksinə, daha da harınlayırlar. Belə məmurlardan biri də Şamaxı rayon icra başçısının 1-ci müavini Qasım Qasımovdur.

Bu barədə Şamaxı rayon ziyalıları və şəhid ailələri adından ünvanlanan məktubda qeyd olunub.

Məktubda Qasım Qasımovun icra başçısının müavini  kimi hansısa əməlindən yox, bir insan kimi yol verdiyi yanlışdan yazılıb: “Söhbət Qasım Qasımovun  yaxın qohumlarının hərbi xidmətdən yayınmaları barədə Sizlərə bir qısa məlumat veririk.

Qasım Qasımovun oğlu, qardaşı oğlanları, yaxın qohumları orta məktəbi qurtaran kimi hərbi xidmətdən yayınmaq üçün, vətənin övladlıq borcunu yerinə yetirməməsi üçün Respublikanı tərk edərək, Rusiya federasiyasının Sankt Peterburq şəhərinə getmişlər .Orada böyük biznes şəbəkəsi olan Qasımovlar ailəsi vətənin hansı şəraitdə olması onları qəti maraqlandırmır”.

Məktubda deyilir: “Görəsən Qasım Qasımov şəhidlərimizin məzarlarını yad edərkən hansı hissləri keçirir?! Təbii ki Qasım müəllimi bir şey maraqlandırır-qisas almaqla küllü miqdarda pul əldə etmək. 22 ildən artıqdır ki, müharibə şəraitində yaşayırıq. Ermənistan tərəfinin hərbi təcavüzü nəticəsində 1 milyondan artıq soydaşımız dədə-baba torpaqlarından digərgin düşüb, qaçqın və məcburi köçkün həyatı yaşayır, 20 mindən çox insan qətlə yetirilib, 50 mindən artıq adam yaralanıb və şikəst olub.

Məhz elə bu səbəbdən də hər bir azərbaycanlı düşmənə nifrət hissi ilə yaşamalı, daim işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün ölkə başçısı tərəfindən veriləcək əmrə hazır olmalıdır.

Qasımovlar kimi qaçıb başqa dövlətlərdə gizlənməməlidir. Qasım Qasımov kimi məmurlar öz övladlarını hərbi xidmətdən yayındırdıqlarından bu məsələni mediadan qapalı saxlayırlar”.

Müəllif daha sonra yazır: “İndi isə keçək Qasım Qasımovun Şamaxını necə bərbad hala salmasının təfərruatları barədə sizi məlumatlandıraq. Qasım Qasımov  Şamaxı kimi qədim ənənəyə sahib olan rayonu öz qanunları ilə idarə edir.

Özünə tam tabe etdirdiyi adamları rayondakı əsas postlara təyin etdirərək istədiyini diqtə edən Qasım Qasımov bu yaxınlarda daha bir orjinal işə öz dəsti – xəttini qoyub.

Belə ki rayona mart 2016-cı ildə ayrılan  rayonun su-kanalizasiya və asfalt örtüyünün təmiri üçün ayrılmış 500 000 manat vəsaiti Asif Ağayevlə birgə Qasımov mənimsəyiblər. 

Rayonun küçələri batıb gedir. Tarixən Şirvanın paytaxtı olmuş Şamaxı indi Qasımovun şəxsi imperiyası sayəsində xarabazarlığa çevrilməkdədir. Buna səbəbsə Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Ağayevlə icra başçısının müavini Qasım Qasımovun yarıtmaz fəaliyyəti, nəticədə yerli əhalinin zülm çəkməsidir”.






Fikirlər