"Qarabağı ancaq müharibə yolu ilə almaq olar" — DEPUTAT

"Qarabağı ancaq müharibə yolu ilə almaq olar" — Deputat

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan müsahibəsində Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları və Laçının 13 kəndinin sülh yolu ilə qaytarılması barədə danışıqların gedəcəyini bildirib.

Dağlıq Qarabağ ətrafındakı 6 rayon və Laçın rayonunun bir hissəsinin qaytarılması, həmin ərazilərdə sülhməramlıların yerləşdirilməsi barədə millət vəkili Araz Əlizadə Ölkə.Az-a danışıb:

"Müftə pendir ancaq siçan tələsində olur. Əgər bizə müharibəsiz işğal olmuş ərazilərimizin bir qismini qaytarırlarsa, onda top keçir bizim meydana. İndiyə qədər deyirdik ki, ermənilər güzəştə getmir. Ermənilər artıq deyəcək ki, biz artıq Azərbaycana güzəştimizi etmişik. İndi güzəşt növbəsi gəlib çıxır Azərbaycana.

Sülhməramlı qüvvələrin yerləşdirilməsi də həmin şeydir. Maraqlı qüvvələrin nəticəsini biz Abxaziya və Cənubi Osetiyada gördük. Ona görə də, nə işğal olmuş ərazilərimizin bir qismini qaytarılmasına razı olmalıyıq, nə də sülhməramlıların oraya yerləşdirilməsinə.

İşğal olunmuş bütün torpaqlarımızın sülh yolu ilə qaytarılacağına şübhə edirəm. Yox əgər işğal olunmuş bütün torpaqlarımızı geri qaytarmayacaqlarsa, biz müharibə yolu ilə işğal olunmuş bütün torpaqlarımızı geri qaytarmalıyıq. Yol müharibə yoludur. Başqa bir yolunu bilmirəm. Sülhməramlı deyəndə rus qoşunlarını nəzərdə tuturlar. Kim bunun tərəfdarıdırsa Gürcüstanın halına baxsın".






Fikirlər