Hər kəs Məcidi tanısın…
Aprel ayının əvvəllərində baş vermiş döyüşlərdə qəhrəmancasına şəhid olan Əbdulməcid Axundovun hərbi xidməti başa vurmağına cəmi üç ay qalırmış. Texniki Universitetdən məzun olan Əbdulməcid əsgərliyi bitirəndən sonra ali təhsil aldığı mühəndislik ixtisası üzrə işləməyi düşünmürmüş. Onun yeganə istəyi, arzusu hərbi xidmətdə qalıb vətənə daha çox xidmət etmək imiş.
Şəhidimizin qardaşı Elçin Axundov bizimlə söhbəti zamanı çətinliklə də olsa qardaşı ilə bağlı xatirələrini bölüşdü: “Qardaşım Məcid heç nədən qorxmayan, çəkinməyən, düşmənlə üzbə-üz çıxmağa can atan, vətənpərvər oğul idi. Bu yaxşı xüsusiyyət olsa da bizi qorxudurdu, narahat idik ki, gedib nəsə edər. Həmişə posta çıxmaq, düşmənlə üzbəüz dayanmağı istəyirdi və elə də etdi. Bizdən çox şeyləri gizlədirdi, heç nə demirdi və biz də elə düşünürdük ki, o hazırlıqsızlıqdı, sən demə ona yaxşı təlim keçiblərmiş. Döyüş gedən əraziyə xüsusi təyinatlı qüvvələr ilə birlikdə gedibmiş. Bunları sonradan bizə Məcidin komandirləri danışıb. Qardaşımın dəfn olunduğu gün komandiri Elvin Səfərov, daha sonra isə Həsrət Almasov bizdə oldu, ailəmizin dərdinə şərik çıxdı. Həmçinin Məcidlə bağlı xatirələrini, döyüşlərdə qardaşımın göstərdiyi qəhrəmanlıqlardan danışdılar. Komandirlərinin dediklərinə görə görə qardaşım döyüşlərdə çox fəal iştirak edib, heç nədən qorxmadan ancaq irəli gedib. Qapanlıda və Seysulanda xeyli sayda erməni öldürəndən sonra onlara tapşırılan ərazidən də bir neçə kilometr irəliyə gediblər. Məcidin gözünü sanki qan tutubmuş, yalnız döyüş haqqında, erməni öldürmək haqqında düşünürmüş. Xeyli sayda ermənini öldürübmüş, bununla yanaşı yaralı döyüş yoldaşlarına da kömək edirmiş. Məcid döyüşdə yaralanıb, ancaq buna baxmayaraq geri çəkilməyib. Özü kimi yaralanan digər döyüş yoldaşını arxaya qaytarıb həkimə təhvil verəndən sonra silahını götürüb yenidən irəli gedib. Seysulan azad olunduqdan sonra aldığı qəlpə yaralarından şəhid olub. Komandirləri onu da danışırdı ki, Məcid təkcə döyüş vaxtı qorxmazlıq, qəhrəmanlıq göstərməyib. O, digər vaxtlarda da döyüş olmasını arzulayırmış, komandirlərinə deyirmiş ki, komandir, bir zibil qaynasaydı döyüşə gedərdik. Əvvəlcə bu danışılanlara inanmaq istəmirdik, elə bilirdik ki, bizi ovundurmaq üçün deyirlər. Ancaq həmin vaxtda çəkilmiş şəkilləri bizə göstərəndə Məcidimizlə qürur duyduq”.
Əbdülməcidin itkisi ailəsinə böyük zərbə vursa da, o ailədəki hər kəsin başı dikdir. Anası elə bir oğul böyütdüyü üçün fəxr edir: “Anam üçün Məcidin yoxluğuna dözmək çox çətindir, o hələ də özünə gələ bilməyib, qardaşımın yoxluğuyla barışa bilmir. Ancaq yeganə təsəllisi odur ki, Məcid təsadüf nəticəsində ölməyib, vətəni, milləti, torpağı uğrunda canını qurban verib, son damla qanına qədər axıdıb, şəhidlik məqamına yüksəlib. Anam Sumqayıt Mədəniyyət və Turizm idarəsində məsləhətçi işləyir, çox çətin olsa da bu gündən işə çıxıb, az da olsa başını qatsın deyə. Qardaşımın yoxluğunu heç nə doldura bilməz, bircə onunla təskinlik tapırıq ki, Məcidimiz şəhid olub. Cammatın, xlaqın dəstəyi ilə az da olsa təskinlik tapırıq”.
Əbdulməcidin ailəsinin bu gün yeganə istəyi odur ki, oğullarının qəhrəmanlığını hər kəs bilsin. Hər kəs Azərbaycanın Əbdülməcid adlı qorxmaz, qəhrəman şəhidini tanısın. Şəhid qardaşı deyir ki, dövlətimiz Əbdülməcidin qəhrəmanlığına qiymət versə, şəhidimizin qanı yerdə qalmasa, dərdlərini az da olsa ovuda bilərlər.
Əbdulməcidlə Elçin iki qardaş olublar, Elçin evin böyüyü, Məcid isə sonbeşiyi olub. Əbdülməcid Tərtərdə döyüşə gedərkən qol saatını, cibindəki 41 manat pulu və telefon nömrəsini əsgər yoldaşlarına verərək "Bunları qardaşıma verərsiz, mən gedirəm şəhid olmağa" deyib. Elçinin indi birinci arzusu qardaşının adının unudulmaması olsa da, ikinci arzusu qardaşının adını daşıyacaq bir övladının olmasıdır. Məcid qardaş toyu görməsə belə, əmi ola bilməsə belə mütləq adını daşıyacaq qardaşı balası olacaq. Elçin ailə qurandan sonra doğulacaq oğul övladına mütləq qardaşının adını verəcək.
Çox çətin olsa da Elçinin bu arzusuna amin deyib onunla sağollaşırıq. Və inanırıq ki, Elçinlə bərabər xalqımız da şəhidlərimizin, qəhrəman oğullarımızın adlarını övladlarında əbədiləşdirəcəklər. Hələ neçə-neçə Abdul Məcidlərimiz doğulacaq, böyüyəcək, müharibəsiz, qansız-qadasız Azərbaycanımızda.