“SƏRDAR HƏMİDOV vəsiyyətində də, SON SÖZÜNDƏ də TƏRTƏR deyib”

Tərtərin qəhrəmanı son sözündə nələr deyib; İsgəndər Həmidov: “Qardaşımın öldüyünü demirəm, o, şəhiddir, şəhidlik zirvəsinə yüksəlib”

 

Martın 2-də Tərtər Özünümüdafiə Batalyonunun sabiq komandanı, Tərtərin icra başçısı olmuş Sərdar Həmidovun 3 mərasimi keçirilib. Rayondakı mülkündə təşkil olunan yas məclisinə gün ərzində yüzlərlə insan - rayon sakinləri, Qarabağ döyüşçüləri, milli qəhrəmanlar, ictimai və siyasi simalar qatılıb. 
 
Onu anmağa gedənlər sırasında sabiq baş nazir Pənah Hüseyn, MSDM-in rəhbəri İsa Qəmbər, Müsavat Partiyasının başqanı Arif Hacılı, "AG blok"un rəhbəri Tural Abbaslı, Milli Qəhrəman, Goranboy rayonunun keçmiş icra başçısı Maşallah Abdullayev, milli qəhrəman Rasim Əkbərov, keçmiş kənd təsərrüfatı naziri Tofiq Hüseynov, Ümid Partiyasının sədr müavini Tamilla Qulami, D18 Hərəkatının sədri Ruslan İzzətli, digər ictimai-siyasi xadimlər də olub. 
***
Tərtərin işğaldan azad olunmasında böyük xidmətləri olan sabiq icra başçısının ölümünə hər kəs üzüldü. 
Öz vəsiyyətinə əsasən, işğaldan azad etdiyi doğma torpağında dəfn edilən S.Həmidovun vəfatına, heç şübhəsiz ki, ən çox üzülən qardaşı, sabiq daxili işlər naziri İsgəndər Həmidovdur. “Bozqurd”ların lideri ilə qardaş itkisi ilə bağlı söhbət etdik.
İ.Həmidov keçirdiyi hissləri belə anlatdı: “Qardaşımın itkisini sözlə ifadə etmək mənim üçün çox çətindir. Bəhmən Vətənoğlunun bir şeiri var:
Atalar ay ellər, alimdir gerçək,
Cüt olsa sərçə də qalib gələcək,
Tək qalan aslana yazığım gəlir...
Qardaşımın öldüyünü demirəm. O, şəhiddir, şəhidlik zirvəsinə yüksəlib. Bir tərəfdən fəxr edirəm ki, Tərtər kimi qəhrəman torpaqdan Sərdar adlı qardaşım çıxıb. Bir tərəfdən də qardaş itkisinə çox üzülürəm. Ölüm də, verim də Allahın işidir. İnsan psixologiyası belədir. Ölümə üzülürük, dünyaya gəlişə sevinirik. Həmişə çalışmışam ki, Azərbaycanda bir sözü yayaq. Şəhid öləndə demək lazımdır ki, vətən sağ olsun. İndi də təki vətən yaşasın. Heç bir insan arzularına tam çatmır. Çünki arzu sonsuzdur. Buna çatmaq qeyri-mümkündür. Hamımızın bir arzusu var idi ki, ana torpağımız, qəbiristanlığımız yerində qalsın. Bundan böyük arzu, mükafat olmaz. Bu gün bu arzumuza çatmışıq. Bu yöndə Sərdarın arzusu həyata keçdi. Amma həyatdan nakam getdi. Oğul toyu görmədi. Heç vaxt bədbinliyə qoşulmamışam. Daim uzaq durmağa çalışmışam".
İsgəndər bəy uzun illər xəstəlikdən əziyyət çəkərkən qardaşına ayrılan dövlət diqqətindən də şikayətləndi:“Dövlət bizə çox böyük ”diqqət" ayırdı. 10 il mən və Sərdarı həbsdə saxladı. Bizə diqqət heç zaman ayrılmadı. Amma ictimaiyyətin diqqəti daim olub. Bunu Sərdarın yas mərasimi sübut etdi. Mağar dolub-boşalır. Xalqın gözü tərəzidir. Öz qiymətini daim verir. Qardaşım rəhmətə gedəndə Fəxri Xiyabanda dəfn olunması təklifləri oldu. Amma dövlət buna icazə versəydi belə, mən razı olmazdım. Çünki özünün vəsiyyəti var ki, məni Tərtərdə dəfn edin. Fəxri Xiyaban təzadlı yerə çevrilib. Tərtər doğma yerimizdir. Amma ana torpağımız Bütöv Azərbaycandır. Harada dəfn olunmasının fərqi yoxdur. Sərdar hər yerə layiqdir. Səməd Vurğunun bir misrası yadıma düşdü. O, şeirində deyir ki, qaranlıq zindana da zinətdir insan. Həyat sonsuzdur. Vəfat edən hər kəs vaxtsız gedir. Həyatdan doyan yoxdur. Quranda yazılır ki, o dünyaya gedəndə bir an yaşadığınızı zənn edəcəksiniz. Sərdar bir an yaşadı, amma insan kimi yaşadı. Vəsiyyətində də, son sözündə də Tərtər deyib.
Öləndə mən yox, oğlu Şəhriyar yanında olub. 15 dəqiqə gecikdim. Sərdar çılğın adam idi. Komadan sonra iynə vurmağa qoymurdu. O zaman mənə xəbər etdilər. Mən xəstəxanaya çatanda artıq rəhmətə getmişdi. Komadan ayılanda deyib ki, məni Tərtərdə dəfn edin, yasımı da orada verin. Türkiyədə Mərəş adlı şəhər var. Amma heç kəs bu şəhərə Mərəş yox, Qəhrəmanmərəş deyir. Azərbaycanda qəhrəman statusu alacaq iki rayon var. Tərtər və Goranboy. Sərdarın yasında da Tərtər camaatı bizə diqqətini göstərdi. Müxtəlif rayonlardan da gələnlər çoxdur. Bu, Azərbaycanın Sərdara verdiyi qiymətdir. Bakıdan da gələnlər çoxdur. 2-3 min insan yas mərasiminə qatılıb. İnsanların axını davam edir. Hələ çox adam gələcək. Tərtər döyüş zonası olub, vuruşan döyüşçülərdən biri də Sərdar olub. Bakıda cümə axşamı verməyi planlaşdırırıq. Amma vaxtı hələ bilinmir".
Sabiq nazir mərhum qardaşına görə başsağlığı verən hər kəsə təşəkkür etdi: “Dərdimə şərik olan hər kəsə minnətdarlıq bildirirəm. Allah onların qapısına xeyir iş nəsib etsin, biz də xoş günlərə gələk. Sərdara görə çoxsaylı başsağlıqları var. Dünyanın müxtəlif ölkələrindən zənglər gəlməkdə davam edir. Allah heç kəsin başına belə işlər gətirməsin”.
       Allah rəhmət eləsin! 
 
Cavanşir ABBASLI






Fikirlər