SƏRDAR HƏMİDOV Tərtərdə torpağa tapşırılacaq

Tərtər rayonunun keçmiş icra başçısı, Tərtər özünümüdafiə batalyonunun komandiri Sərdar Həmidov ötən gün axşam saatlarında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. 


 AzerTaym.az xəbərinə görə o, qoruduğu Tərtər rayonunda dəfn olunacaq. Bu barədə saytımıza S.Həmidovun oğlu Şəhriyar Məcidzadə xəbər verib:

"Atamın dünən halı pisləşdi və 1 saylı Şəhər Kliniki Xəstəxanasının (Semaşko) Kardiologiya Şöbəsində reanimasiyaya yerləşdirildi. Lakin bütün səylərə baxmayaraq, axşam saatlarında xəstəxanada dünyasını dəyişdi. Onun cənazəsini həyatını fəda elədiyi Tərtərə gətirdik. Bugün onu Tərtər rayonunda torpağa tapşıracağıq. Mart ayının 2-də isə, elə Tərtər rayonunda 3 mərasimi keçiriləcək".

Xatırladaq ki, 1992-1994-cü illərdə Tərtər rayonunun icra başçısı olmuş Sərdar Həmidovun xidmətləri nəticəsində Tərtər rayonu ərazisini tam şəkildə müdafiə edən, həmçinin düşmən işğalından azad edə bilən yeganə bölgədir. Bundan başqa Ağdərə rayonunun düşməndən azad edilməsi prosesində, döyüşlərin taktikasının hazırlanması və hərbi əməliyyatların aparılmasındakı xidmətlərindən dolayı Sərdar Həmidova Azərbaycanın o zamankı prezidenti Əbülfəz Elçibəy tərəfindən Fəxri Fərman verilmişdi.






Fikirlər