Ermənistan rus əsgərlərinin Dağlıq Qarabağda döyüşəcəyini gözləyirdi. Bunu vesti.az-a müsahibəsində rusiyalı analitik Oleq Kuznetsov deyib.
"Ermənistan rus əsgərlərinin Dağlıq Qarabağda döyüşəcəyini və onların vasitəsilə Gəncə və Bakıya hücum edəcəyini düşünürdü. Daha sonra isə bu əraziləri özünə birləşdirib, iqtisadi problemlərini həll etmək istəyirdi. Bir saniyə belə şübhə etmirəm ki, rəsmi İrəvan yatıb yuxuda görürdü ki, Gümrüdəki 102-ci bazadakı rus qırıcıları Suriyada İŞİD-ə qarşı mübarizədə olduğu kimi, Azərbaycanın mövqelərini bombalayır", - Kuznetsov bildirib.
Analitik növbəti əməliyyatlar üçün uyğun gün də verib: "Əminəm ki, Azərbaycan ordusu ilk qələbənin dadından sonra da işğal altındakı Dağlıq Qarabağda Ermənistan hərbçilərinə güclü zərbələr endirməyə qadirdir. Növbəti əməliyyatlar üçün gün də verə bilərəm. Şuşanın işğalı gününü separatçılar Dağlıq Qarabağda bayram kimi qeyd edirlər. Bu günlərdə adətən cəbhə xəttində vəziyyət gərginləşir. Düşünürəm ki, bu il də qaçılmaz olacaq. Bu, hərbi əməliyyatlara başlamaq üçün ən uğurlu gündür. Çünki Rusiyada azı 3 gün Qələbə bayramı qeyd olunacaq. Azərbaycan 7-10 may tarixlərində öz ərazilərində istədiyini edə bilər. Bundan sonra isə Moskvanı "sakitləşdirmə" siyasəti başlayacaq".