"MƏQSƏDİMİZ uşaq ölümlərinin qarşısını almaq,GƏLƏCƏYİMİZİN SAĞLAM HƏYATINI TƏMİN ETMƏKDİR!” - Baş həkim ASİMAN HƏSƏNOV

 

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında İSİM ( İсtimai Səhiyyə və İslahatlar Mərkəzi), TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı və dəstəyi ilə 19-22 aprel tarixlərində “Xoş gəldin körpə” şüarı altında “Ana-Uşaq Sağlamlığına Dəstək” layihəsi ilə bağlı “Uşaqlarda təxirəsalınmaz vəziyyətlər və sonrası həyat dəstəyi” adlı 4 günlük kurs proqramı keçirilib.

 Tədbirdə TİKA-nı təmsil edən professor və mütəxəssislərlə yanaşı respublikanın müxtəlif klinikalarının həkim və rezident heyəti iştirak edib. Kurs üzvlərini salamlayaraq tədbiri açıq elan edən Universitet Klinikasının baş həkimi, dosent Asiman Həsənov kursun faydası və vacibliyi ilə bağlı məlumat verdi və bu tip elmi-praktik konfransların, simpoziumlar və seminarların təşkilinin tibbin yüksək səviyyədə inkişafına, həmçinin də bütün bu çabaların körpələrimizin sağlamlığının qorunmasında mühüm rol oynayacağını bildirdi:

   

“Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamları bizim münasibətlərimizin təməl prinsipidir. Bu gün Türkiyə-Azərbaycan münasibətləri məhz bu əsasda qurulur və əminliklə deyə bilərəm ki, bütün bu inteqrasiyalar, əl-ələ verib birgə gördüyümüz uğurlu iş birliyimiz bütün türk dünyasında, həmçinin tibb sahəsində də öz müsbət əksini göstərir və göstərəcəkdir. Artıq 4 gündür davam edən “Uşaqlarda təxirəsalınmaz vəziyyətlər və sonrası həyat dəstəyi” kursu Azərbaycan tibbi və eləcə də hər birimiz üçün olduqca əhəmiyyət kəsb edir. Yəqin ki, burada iştirak edən mütəxəssislərimiz də bunun fərqinə vardılar. Çünki, bu kurslarda 60 nəfər mütəxəssisimiz iştirak edə bildi. Buna baxmayaraq, tələbat yenə də var idi. Təbii ki, Türkiyədən gələn mütəxəssislərlə təcrübə mübadiləsi, əməkdaşlıqlar bizim üçün olduca vacib məsələdir. Son illərdə Türkiyənin də birbaşa dəstəyi ilə bizə Avropadan yeni qapılar açılır. Bu yöndə kursu təşkil edən təşkilatçılara, TİKA-nın Türkiyə və Azərbaycan rəhbərliyinə, İSİM əməkdaşlarına və Türkiyənin “Ana-Uşaq Sağlamlığına Dəstək” dərnəyinin heyətinə öz dərin təşəkkürümüzü bildiririk. Doğrudan da körpələrin sağlamlığı, onların reanimasyon dəstəyi, hər hansı ehtiyacı olduğu halda ilkin tibbi yardımın göstərilməsi əvəzsiz, heç bir ölçüyə, dəyərə sığmayan işlərdir. Bu işlər üzrə tədbirlərimiz silsilə şəklində davam edəcəkdir.”

Tədbirdə iştirak edən TİKA-nın baş koordinatoru Mustafa Haşim Polat TİKA-nın fəaliyyəti haqqında kurs iştirakçılarını məlumatlandırdı.

“Bu kurslar 3 il öncə başlayan “Xoş gəldin körpə” ana və uşaq sağlamlığına dəstək vermək məqsədilə başlatdığımız bir layihədir. Daha sonra Səhiyyə Nazirliyi çərçivəsində bu işləri davam etdirdik. Bu zamana qədər altı yüzə qədər həkim, tibb bacısı və ya mama olaraq çalışanlara körpə doğulanda 2-3 dəqiqə ərzində tətbiq olunan, həyat qurtaran texnikalar öyrədildi. Bu sayədə neçə körpənin həyatını xilas etmək mümkün olub. Bu proyekt bir körpənin belə həyatını xilas edirsə, bizim üçün olduqca önəmlidir. Yaxşı ki, bu işlə məşğuluq. Çünki, bilirik ki, dua edənlərimiz çoxdur. Dərnəyin təşkil etditi kursdan sonra klinikanın 2 həkimi də könüllü olaraq, bizə kömək edəcəklər. Kursu keçənlərə tövsiyəm odur ki, öyrəndiklərini daha çox insanlarla paylaşsınlar. Bu şəkildə daha çox körpələrin həyatını xilas etmək mümkün olacaq. Bundan sonra daha çox könüllü insanların cəlb olunması üçün çalışmaq lazımdır.” M.H.Polat həm klinikanın rəhbərliyinə, həm də həkimlərə kursu maraqla qarşıladıqlarına görə minnətdarlığını bildirdi.

Dərnəyin başçısı professor Dinçer Yıldıztaş bildirdi ki, “Uşaqlarda təxirəsalınmaz vəziyyətlər və sonrası həyat dəstəyi” kursu demək olar ki, Türkiyənin hər bir bölgəsində keçirilir.

 

“Azərbaycandan bizə belə bir təklif gələndə çox sevindik. Çünki, ilk dəfədir ki, Türkiyə xaricində bir yerə kurs tətbiq etməyə gəlirik. Bizim missiyamız uşaq ölümlərini azaltmaqdan və uşaqlara ilkin tibbi yardımı öyrətməkdən ibrətdir . Qardaş ölkədə belə bir proyekti təşkil etmək bizim üçün qürurvericidir. 4 gün boyunca keçirilən kurslarda uşaqları ölümdən döndərməklə bağlı təcrübələrimizi həkimlərlə bölüşdük. Kurs sonunda 60 nəfər sertifikat almağa haqq qazandı. Bizim hədəfimiz odur ki, bu kursları daha da artıraq və insanları daha çox bilgiləndirək.”

Baş həkim Asiman Həsənov kurs iştirakcilarına uğurlar diləyərək, onlar tərəfindən də hər hansı bir təklif və tövsiyyələr olarsa, dinləməyə hazır olduqlarını bildirdi. Sonda kursda iştirak edənlərə sertifikat təqdim olundu və xatirə fotosu çəkildi.

"AzerTaym.az"

 

 

 

 

  

 






Fikirlər