RAMİL USUBOV AVTORİTETLƏRLƏ “MÜHARİBƏ”YƏ BAŞLADI - Kütləvi HƏBSLƏR…

 

12696166_966499550110670Daxili İşlər Nazirliyi Azərbaycanda fəaliyyət göstərən kriminala yaxın şəxslərə qarşı böyük “müharibə”yə başlayıb.

"AzerTaym.az" AzNews.az-a istinadən məlumat verir ki, nazir Ramil Usubovun göstərişiylə kriminal avtoritetlərin, mütəşəkkil cinayətkar dəstələrin zərərsizləşdirilməsi istiqamətində ciddi işlər aparılır. Bildirilir ki, əməliyyatlara əsasən Banditizm və Terrorizm İdarəsi və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Məsələnin bu cür kəskin qoyulması son aylarda kriminal durumun gərginləşməsi, “razborka” vaxtı silahlı insidentlərin sayının çoxalması, “oğru aləmi”nə yaxın şəxslərin kifayət qədər fəallaşmasını göstərən halların artması olub.

“MÜHARİBƏ” NECƏ BAŞLADI…

Aprelin 21-də Bakının Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş verən atışma və nəticədə ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqanın maşınının güllələnməsi kriminallara qarşı total əməliyyatlara başlanması üçün qığılcım olub. Məlumatlı şəxslərin dediyinə görə, bu hadisə hətta ölkə başçısı İlham Əliyevə qədər gedib çıxıb. Bundan sonra nazir bütün kriminal ünsürlərin tez bir zamanda zərərsizləşdirilməsi barədə göstəriş verib.

Məlum olduğu kimi, səfirliyin maşınının güllələndiyi hadisə restoranın müştəriləri arasında iri məbləğdə pul üstündə mübahisə zamanı baş verib. İnsidentin iştirakçıları restorana məhz bu məsələnin müzakirəsi üçün toplaşıblarmış.

Samir adlı qonaq söhbətə odlu silahla gəlib. Və elə restoranın həyətində atəş açmağa başlayıb. Nəticədə bir neçə nəfər yaralanıb.

Nazirin məsələylə bağlı göstərişindən sonra bir çox maraqlı məqamlar ortaya çıxıb. Məlum olub ki, Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən kriminal dəstələrin fəaliyyəti əslində, aidiyyəti dövlət qurumlarında bəzi səlahiyyətli səxslərə bəllidir. Lakin kriminala yaxın şəxslərin cinayətləri çox hallarda rəsmiyyətə salınmır. Bu isə həmin şəxslərin əl-qolunu daha da açır və kriminal durum getdikcə ağırlaşır.

Məsələn, aprel ayının əvvəlləri Novxanıda kriminal dəstələrin böyük toqquşması olur. Odlu silahlardan atəşlər açılır, bir neçə nəfər yaralanır, bütün kənd bu hadisədən təşvişə düşür.Lakin polisin bu hadisəylə bağlı hər hansı rəsmi məlumatına rast gəlinmir.

Kriminal toqquşmanın təfərrüatları da məlumdur. Qeyd olunan hadisə Türkiyədə Rövşən Lənkəranski tərəfindən “tac”ından məhrum edilən “qanuni oğru” Dadaş İbrahimovun (Dadaş Bakinski (Novxanınski)) yaşadığı Kiyevə dönərkən aeroportda özünü bıçaqlamasından sonra baş verib. Belə ki, Dadaş Bakinskinin Novxanıda yaşayan adamları Lənkaranskinin Sumqayıtdakı nümayəndəsini çağıraraq, onun Dadaş barədə yalan məlumat yaydığını, liderlərinin əslində, “tac”dan məhrum edilmədiyini bildiriblər. Bundan sonra onun başına stulla zərbələr endiriblər. Bundan sonra “Lənkəranski”nin adamları Novxanıya hücum çəkərək, onları güllə-boran ediblər. Dadaş Bakinskinin yaxınlarına rəhbərlik edən şəxs qaçıb gizlənib.

Məlumatlara görə, buna oxşar hadisələr vaxtaşırı baş verir.

Əsasən Rövşən Lənkəranskinin və onun rəqibi sayılan “Lotu Quli”nin Bakıda eləcə də, əksər rayonlarda nümayəndələri var. “Palajeniya”ya baxan həmin şəxslər “razborkalar”a gedir, müəyyən problemlərin “oğru qanunları” ilə həllinə nail olmağa çalışırlar. Lakin kriminal “generalların” bir-biri ilə barışmaz mübarizələri yerlərdəki nümayəndələrin də bir-biriləriylə vaxtaşırı toqquşmasına gətirib çıxarır. Və kriminala yaxın şəxslərin toqquşması əksər hallarda ölümlərlə nəticələnir.

Savaş başladı – son bir ayda kimlər tutuldu?

Məsələlərin lap “yuxarı” səviyyədə narahatlıq doğurmasından sonra Bakı və Bakı ətrafında, eləcə də regionlarda kriminala yaxın şəxslərə qarşı xüsusi əməliyyatlar başlayıb.

“Bulaq”dakı insidentdən cəmi bir neçə gün sonra Sabunçuda bir-birinin ardınca iki böyük əməliyyat keçirilib. Bakı şəhər Baş Polis İdarəsi və Sabunçu rayon Polis İdarəsinin birgə keçirdiyi əməliyyat nəticəsində 60-dan çox şəxs saxlanılıb.

Əməliyyat zamanı həbs edilənlərin hamısının “qanuni oğru”lar – Rövşən Lənkəranski və “Lotu Quli”nin yaxın adamları olduğu istisna edilmir. Saxlanılan şəxslərin üzərindən narkotik və odlu silah aşkarlanıb.

Oxşar əməliyyatlar Sumqayıtda, Gəncədə baş tutub.

Bundan əlavə Salyanda da iki əməliyyat keçirilib. Birinci əməliyyatda “Tağı Salyanski” (Tağı Qasımov) ləqəbli avtoritet saxlanılıb.

Axtarış zamanı onun üzərindən “Makarov” tapançası və 4 ədəd patron aşkar olunaraq götürülüb.

Dünən baş tutan ikinci əməliyyatda isə Salyan sakini, 1997-ci il təvəllüdlü İlyasov Vaqif Şükran oğlu (kriminal aləmdə “Qoca” ləqəbi ilə tanınan kriminal avtoritet), onunla əlbir olan Salyan rayonu Arbatan kənd sakini, 1994-cü il təvəllüdlü Qasımov Kamran Tağı oğlu (həbs olunan kriminal avtoritet “Tağı Salyanski”nin oğlu) və 1990-cı il təvəllüdlü, 7 il həbsdə olan Məlikov Rza Əliqulu oğlu (“Krıtıy Rza” ləqəbli kriminal avtoritet) həbs edilib.

R. Məlikov narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham edilir. Onun dolayısı ilə yuxarıda adıçəkilən şəxslərlə əlaqələrinin olduğu, kriminal yolla yığılan pulların xəzinədarı olduğu bildirilir.

Məlumata görə, bu tip əməliyyatlar əksər yerlərdə keçirilir, bəzilərinə isə hazırlıq görülür. Məsələnin bu məcraya yönəlməsi kriminala yaxın şəxsləri təşvişə salıb.

Onların bəziləri ölkəni tərk edib, bəziləri isə gizlənməyə çalışır…






Fikirlər