Dövlət Dəniz Administrasiyası QƏMBƏR SƏFƏROVUN iddialarına cavab verdi

“Onun niyyəti gəminin təmir xərclərini ödəmədən nəqliyyat vasitəsini əldə etməkdir”


Ötən gün saytımızda dərc olunmuş “Azərbaycanın Koperfildi olan admnistrasiya rəhbəri-GƏMİ NECƏ YOXA ÇIXDI?” materialı ilə əlaqədar Dövlət Dəniz Administrasiyası mətbuat xidməti JAM.AZ-a açıqlama göndərib. 
Mətbuat Xidmətindən verilən məlumata görə, təqdim edilmiş məlumatlar böhtan, heç bir hüquqi faktlara əsaslanmayan, qərəzli və işgüzar nüfuzu ləkələyən məlumatlardır. “Belə ki, Q.Səfərovla “Mərdəkan Broyler” ASC arasında “Yunıy Moryak” gəmisi (hazırkı adı “Ramin”) ilə əlaqədar mübahisə 2003-cü ildən etibarən davam edir. Bu mübahisə adıçəkilən gəminin alqı-satqısı həyata keçirilərkən Q.Səfərovun şəxsən tanıdığı “Mərdəkan Broyler” ASC-nin keçmiş sədri Aydın Əhmədovla aralarında olan pul mübahisəsinə əsaslanır və Dövlət Dəniz Administrasiyasının bu pul barəsində olan mübahisəyə heç bir aidiyyatı yoxdur.Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının 6 fevral 2006-cı ildə yaradılması faktı isə 2003-cü ildə başlamış mübahisənin Dövlət Dəniz Administrasiyasına aidiyyətini birbaşa inkarının sübutudur”.
Admnistrasiyadan bildirirlər ki, həqiqətən də Bakı Apellyasiya Məhkəməsinin 2(103)-529/2013 nömrəli mülki iş üzrə 27 noyabr 2013-cü il tarixli qətnaməsinin 2-ci bəndində “Yunıy Moryak” gəmisinin (hazırkı adı “Ramin”) cavabdeh “Mərdəkan Broyler” ASC-dən alınaraq iddiaçı Q. Səfərova verilməsi və Q.Səfərovun adına “Mülkiyyət hüququ haqqında şəhadətnamə”nin və Azərbaycan Respublikasının Dövlət Bayrağı altında üzmək hüququ haqqında şəhadətnamə”nin verilməsi, eyni zamanda 3-cü bənddə Q.Səfərovdan mübahisəli gəminin təmiri və bərpasına çəkilmiş xərclərinin əvəzinin ödənilməsi üçün 344.388 (üç yüz qırx dörd min üç yüz səksən səkkiz) manat məbləğində pulun alınaraq “Mərdəkan Broyler” ASC-yə ödənilməsi qət edilib. “Xüsusilə vurğulanmalıdır ki, həmin qətnamənin 4-cü bəndinə əsasən 2-ci və 3-cü bəndlərinin, yəni yuxarıda göstərilən icra hərəkətlərinin eyni zamanda həyata keçirilməli olduğu dəqiq olaraq qət edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-1884 nömrəli iş üzrə 03 iyun 2014-cü il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin yuxarıda göstərilən 2(103)-529 saylı 27 noyabr 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Göstərilən xüsusatlar məhkəmələr tərərfindən araşdırarkən bu işlə bağlı bütün faktlara və sübutlara artıq hüquqi qiymət vermişlər və bu səbəbdən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının yenidən öz mənafeyinə uyğun şərh edilməsi və məhkəmənin gəldiyi nəticənin kobud şəkildə təhrif edilməsi hər bir şəxs tərəfindən yolverilməzdir. Biz qanuni qüvvəyə minmiş məhkəmə qərarına hörmətlə yanaşmalı və onun icrasını təmin etməliyik, lakin onu bu və ya digər formada dəyişməyə heç bir səlahiyyətimiz yoxdur”.
Rəsmi dövlət qurumu Q.Səfərovun hazırda niyyətiilə bağlı da fikir bildirib. “Onun niyyəti icra hərəkətlərinin məhkəmə qətnaməsinin 4-cü bəndinə zidd olaraq həyata keçirilməsinə nail olmaqdır ki, bununla əlaqədar olaraq məhkəmə qərarlarının icrasına məsul olan qurum və Dövlət Dəniz Administrasiyası tərəfindən icra hərəkətlərinin məhkəmə tərəfindən qət edilmiş qaydada eyni zamanda icra olunmalı olduğu, bununla razı olmadığı təqdirdə qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəməyə müraciət etmək hüququ Administrasiyanın rəis müavinləri və Aparat rəhbəri tərəfindən dəfələrlə ona izah edilmiş, icra prosedurunun dəyişdirilməsinin Dövlət Dəniz Administrasiyasının səlahiyyətləri çərçivəsində olmadığı bildirilmişdir.
Lakin, Q.Səfərov Dövlət Dəniz Administrasiyasının rəhbərliyi barədə şər və böhtan xarakterli məlumatların kütləvi informasiya vasitələrində yayılması hədəsi ilə Dövlət Dəniz Administrasiyasını göstərilənlərə zidd olaraq müvafiq şəhadətnamələrin ona verilməsinə məcbur etmək fikrinə düşmüş, dəfələrlə ona qeyd olunan şəhadətnamələrin verilmədiyi təqdirdə kütləvi informasiya vasitələrində bu növ məlumatları yayacağını bildirmişdir və artıq neçə illərdir ki, Dövlət Dəniz Administrasiyası və onun rəhbərliyi barədə qəzetlərdə və internet saytlarda cəfəngiyat dolu məlumatlar yerləşdirməkdədir.
Qətiyyətlə bildiririk ki, Q.Səfərovun Dövlət Dəniz Administrasiyasının rəhbərliyi barəsində bildirdikləri böhtan, heç bir hüquqi faktlara əsaslanmayan, qərəzli və işgüzar nüfuzu ləkələyən məlumatlardır və belə məlumatların yayılması ilə bağlı Dövlət Dəniz Administrasiyası qanunvericiliklə müəyyən olunmuş qaydada bu cür böhtan və qərəzli məlumatları yayan şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır.
Məqalədə qeyd olunan başqa bir faktla bağlı bildirmək istəyirik ki, Dövlət Dəniz Administrasiyasının rəhbərliyi qanunvericiliklə müəyyən olunmuş öz hüquq və vəzifələrini yaxşı bilən təcrübəli kapitanlardan ibarətdir. Eyni zamanda qeyd etmək istərdik ki, nə Administrasiyanın rəhbərliyi, nədəki Administrasiyanın heç bir əməkdaşı tərəfindən şikayətçiyə məsələnin həlli ilə bağlı öz səlahiiyət həddini aşaraq yardımçı olmaq barədə söz verilməmiş və bu Admistrasiyanın rəhbərliyi və əməkdaşları haqqında yayılan növbəti böhtandan başqa bir şey deyildir. Əgər məqalə müəllifi məqalədə bildirdiyi kimi bununla bağlı hər hansı bir sübut və ya məlumatı bizə təqdim edərsə, Adminstrasiyanın istənilən əməkdaşı tutduğu vəzifsəindən asılı olmayaraq qanunvericilikdə nəzərdə tutulan məsuliyyətə cəlb olunacaqdır”.

AzərTaym.az






Fikirlər