«İstər ŞƏHİD ailələri, istərsə də əlillərin SOSİAL müdafiəsi ilə bağlı bütün təminatlar var»

Musa Quliyev: «Qanunlarımız bu sahədə kifayət qədər humanistdir»

Ermənistan ordusunun cəbhə xəttində atəşkəs rejimini intensiv şəkildə pozması və törətdiyi təxribatlara Azərbaycan Silahlı Qüvvələrinin layiqli cavab verməsi nəticəsində bir sıra hərbiçimiz şəhid oldu, bəziləri yaralandı. Ölkə başçısı səviyyəsində şəhid ailələrinə və yaralıların yaxınlarına xüsusi diqqət sərgiləndi. Təbii ki, bu istiqamətdə hökumətin diqqət və qayğısının davamlı olacağı şübhəsizdir. Mövzu ilə bağlı «Unikal» qəzetinə müsahibə verən Milli Məclisin deputatı Musa Quliyev Azərbaycan dövlətinin hər zaman şəhid ailələrinin və Qarabağ qazilərinin yanında olduğunu, bundan sonra da həmin siyasətin davam edəcəyini vurğulayıb. 
- Musa müəllim, cəbhədə baş verən gərginlik zamanı itkilərimiz oldu. Şəhidlərimiz və yaralılarımıza lazımi diqqət göstərilir. Bundan sonra onların sosial problemlərinin həlli ilə bağlı hansı tədbirlər həyata keçiriləcək?
- Hesab edirəm ki, Azərbaycanda şəhid ailələrinə, veteranlara, müharibə əlillərinə kifayət qədər yüksək diqqət və qayğı var. Son günlər cəbhədə vəziyyətin gərginləşməsindən sonra cəmiyyətin, hökumətin və dövlətin münasibəti bir daha sübut olundu. Ölkə başçısının bu məsələyə münasibəti, Birinci Xanımın münasibəti, Prezidentin yaralılarla görüşməsi, Birinci xanım Mehriban Əliyevanın şəhid anaları ilə görüşü bütün cəmiyyət üçün gözəl nümunə oldu. Sözsüz ki, bütün bunlar təqdir olunası hadisə idi. Bununla əlaqədar hökumət nümayəndələri, icra hakimiyyətlərinin başçıları, aparatın bütün işçiləri, millət vəkilləri şəhid ailələri və yaralılarla bir yerdə oldular. QHT üzvləri, mətbuat nümayəndələri, gənclər, alimlər, ziyalılarımız hamısı bu məsələyə öz qatqısını göstərdi. Bu bir daha sübut etdi ki, dövlət xalqın yanındadır, hər kəs prezidentin ətrafındadır. İnsanlarımızın ağrı acılarını cəmiyyət mənəvi tərəfdən birgə bölüşür. Hökumətin bu təbəqədən olan insanlara sosial dəstək siyasəti öz yerindədir. Qanunlarımız bu sahədə kifayət qədər humanistdir. Şəhid ailələri, müharibə əlilləri və iştirakçıları üçün bütün dünyada qəbul olunmuş nə imtiyazlar varsa, bunlar Azərbaycanda da tətbiq olunur. Bəzi ölkələrdə bu yardımların məbləği fərqli ola bilər. Bu da ölkələrin yaşayış səviyyəsi ilə bağlı olan məsələdir. İnsanların müavinət, pensiya almaq hüququ var. Cənab prezident tərəfindən təyin olunmuş prezident təqaüdü alırlar. Güzəştli şərtlərlə müalicə, reablitasiya almaq hüquqları var. Mənzil və minik maşını ilə təmin olunmaq hüququ da var. Bir neçə gün öncə Gəncədə şəhidin dəfnindəydim. Gəncə şəhər İcra Hakimiyyətinin qərarı ilə ailəyə 3 otaqlı mənzil verildi. Təmirini də, özəlləşməsini də icra hakimiyyəti öz üzərinə götürdü. Yaralılarla demək olar ki, hər gün şəhər ictimaiyyəti, icra hakimiyyətinin işçiləri, millət vəkilləri görüşür öz mənəvi dəstəklərini götərirlər. Bunu nümunə üçün deyirəm ki, ölkəmizin hər yerində belə münasibət var. Müavinətlərin artırılmasına gəlincə, qəbul etdiyimiz qərarlarda cəmiyyətin iştirakı vacibdir. Bu istiqamətdə, ümumiyyətlə, bizim qanunlarımız çox humanistdir. İstər şəhid ailələri, istərsə də əlillərin sosial müdafiəsi ilə bağlı bütün təminatlar var. Məbləğlərə gəlincə, ehtiyac olarsa, artırıla bilər. Sığortanın məbləğinə də baxıla bilər. Bu cəmiyyətdən gələn təkliflərdən və hökumətin maliyyə vəziyyətindən asılıdır. 
- Şəhid ailələrinə verilməli olan sığorta ilə bağlı problem hələ də davam edir. Bir qrup şəhid ailələri bu vəsaiti ala bilmədikləri üçün narazı qalıblar. Sizcə, bu məsələ necə həll olunmalıdır?
- Bu mövzuda danışmaq mənimçün bir az çətindir. Bəzən şəhid ailələri və müharibə veteranları ilə bağlı fikirləri olduğu kimi qəbul etmirlər. Bu həmin insanlarda bir az aqressiya ilə qarşılanır. Ancaq real qanunvericiliyə baxmalıyıq. Qanun qəbul olunub 1997-ci ildə. 2006-cı ildə qanuna əlavə və dəyişiklik edilərək məbləğ artırılıb. Bunun əvvəlki illərə şamil olunub olunmaması  barədə Konstitusiya Məhkəməsinin qərarı var. Hökumət də bunu araşdırır. Dünya praktikasında belə bir şey yoxdur ki, müharibə getdiyi dövrdə əsgər sığorta olunsun. Amma bizdə əsgər sığorta olunub. Bunlar hamısı ölçülüb biçilməlidir. Hesab edirəm ki, bu məsələləri soyuq başla canlı müzakirələrlə həyata keçirmək daha məqsədəuyğun olardı. Ermənistan –Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tam həll olunmamış, belə bir həssas məqamda məsələnin həllinə yaxınlaşdığımız vaxtda sosial problemləri çox da qabartmağa zərurət yoxdur. Təbii ki, bu məsələ hər zaman diqqətimizdədir və lazımi addımlar atılır. Ancaq məncə, müəyyən qədər aydınlaşmalı olan məsələlər var.
- Yəqin ki, son döyüşlərdə şəhid olanların ailələri bu məsələdə hər hansı bir problem yaşamayacaqlar? 
- Təbii ki. Problem qanun qəbul olunandan əvvəl yardım alanlarla olur. İndiki məqamda hər hansı bir problem yoxdur. Son döyüşlərdə şəhid olanların ailələrinə 11 min manatdan sığorta heablanıb veriləcək. Problem 91-94-cü illər arasında olanlardır. Fikir ayrılığı olduğu üçün hökumət bir qərara gəlməyib. Amma inanıram ki, bu məsələ də həllini tapacaq.
- Musa müəllim, hazırda yaralıların müalicələri hərbi hospitalda, yaxud dövlət xəstəxanalarında aparılır. Maraqlıdır, sonrakı proses necə olacaq? 
- Allah hamısına şəfa versin. Hamısının sağlamlığı bərpa olunsun. Evlərinə qayıtsınlar, sağlamlıqlarına qovuşsunlar. Ağır yaralananlar, yəni, sağlamlığı tam bərpa olunma imkanı olmayanlar üçün əlillik dərəcələri müəyyənləşəcək. Dərəclərinə uyğun olaraq Qarabağ əlili kimi pensiya və xüsusi təqaüd alacaqlar. Qarabağ əlillərinə şamil olunan digər statuslar onlara da şamil olunacaq. Mənzillə, avtomobillə təmin olunmaq və s. Bu zamana qədər necə olub, elə də davam edəcək. Şəhid ailəsi üçün nəzərdə tutulan təqaüd və digər müavinətlər, təminatlar ödəniləcək. Şəhidlərimizin övladlarının təhsil müəssisələrində pulsuz təhsil almaq imkanları qüvvədə qalır. 
- Son günlərin əsas müzakirə mövzusundan biri də ünvanlı sosial yardımların verilməsi prosesinin elektronlaşdırılmasıdır. Sizcə, elektronlaşmadan sonra bu sahədə vəziyyət necə olacaq?
- Hesab edirəm ki, ünvanlı sosial yardım praktikasından imtinanın vaxtı çatıb. Düzdür, elektron sistemə keçid olub, amma bu sistemin özü artıq ömrünü yaşayıb bitirib. Konkret sosial müdafiə hüququ müəyyən olunmalıdır. Ailədə uşaqların sayına görə, əlilliyi olanların ehtiyaclarına görə, qocalığa görə və.s. Baxmayaraq ki, nazirlik ciddi nəzarət edir, hələ də subyektivlik mövcuddur. Dövlət vəsaitinin kənarlaşması prosesi var. Biz elə etməliyik ki, bu məsələ məmurun qərarından asılı olmasın. Müavinətlər qanunun göstərişlərindən asılı olsun.  
- Musa müəllim, bu günlərdə Prezident özünüməşğulluğun təmini ilə bağlı sərəncam imzaladı. Müvafiq tapşırıqlar verildi. Sizcə, bu prosedur necə aparılacaq?
- Bu ciddi və xalqın gözlədiyi sərəncam idi. Post-neft dövrünə keçdiyimiz bir vaxtda özünüməşğulluğun təmin olunması ilə bağlı belə bir sərəncamın verilməsi bu səhənin inkişafına ciddi dəstək olacaq. Prezidentin sərəncamı ilə 6 milyon manat vəsait də ayrıldı. Bu Azərbaycanda özünüməşğulluğun inkişafına ciddi dəstək olacaq. Bununla paralel olaraq hökumət alternativ yollar da axtarmalıdır. Xarici investisiyanın cəlb olunması, xarici investorların şərtlər daxilində Azərbaycan iqtisadiyyatına investisiya qoymasının təmin edilməsi yaxşı olar. Aqrar sektora investisiyalar cəlb olunmalıdır ki, bu sahədə çalışanların məşğulluğu təmin edilsin. Aqrar sənaye komplekslərinin yaradılmasına ehtiyac var. Hökumət yatmamalıdır, gecə-gündüz çalışmalıdır. İqtisadiyyat nazirliyi öz mütəxəssislərini xarici ölkələrə göndərib xarici investorların cəlbi işini sürətləndirməli və bunun hüquqi prosedurlarını işləyib hazırlamalıdır. Azərbaycanın imkanları genişdir. Mədəniyyət və Turizm Nazirliyi nə qabiliyyəti var ortaya qoymalıdır. Bütün şanslardan istifadə etməsək Rusiya bazarlarını digər ölkələr götürəcək. Yəni, iqtisadiyyatımızın gücləndirilməsi üçün bütün addımlar atılmalıdır. Çünki iqtisadiyyatı güclü olan ölkənin vətəndaşının sosial təminatı da güclü olur.
AzerTaym.az

 






Fikirlər