2016-cı il mayın 30-da Cenevrədə Beynəlxalq Əmək Konfransının 105-ci sessiyası öz işinə başlayıb.
İyunun 11-dək davam edəcək sessiyanın işində AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti S. Mehbalıyevin başçılıq etdiyi Azərbaycan Həmkarlar İttifaqlarının nümayəndə heyəti də iştirak edir.
AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "AzerTaym.az"-a verilən məlumata görə İyunun 1-də AHİK-in sədri S.Mehbalıyev sessiyada “Dünya quruculuğu və həyat dayanıqlığının təmin edilməsi naminə məşğulluq və layiqli əmək” mövzusunda çıxış edib.
Öz çıxışında S. Mehbalıyev Beynəlxalq Əmək Təşkilatının Baş direktorunun çıxışına menasibət bildirərək deyib ki, biz maraqlı və zamanın çağırışlarına cavab verən məruzəyə görə BƏT-in Baş direktoruna öz dərin minnətdarlığımızı bildiririk. Bu məruzə bizi dünya quruculuğunda olan böhranları yeni təfəkkürlə birlikdə dərk etməyə, münaqişə və bədbəxt hadisələrin qarşısını almaq üçün zəruri tədbirlər barədə düşünməyə çağırır.
Azərbaycan nümayəndə heyəti məruzənin nəticələrində iqtisadi və siyasi münasibətlərdə transformasiyaların, əməyin xarakterində və istehsalat münasibətlərinin strukturunda cərəyan edən güclü qlobal dəyişikliklərin əmək bazarına təsiri barədə göstərilənlərlə razı olduğunu qeyd edir. Biz, eləcə də, məruzədə əmək dünyasının vəziyyətinə təsir edən faktor və hadisələrə verilən qiymətlərlə razıyıq. Hər şeydən əvvəl, bu, dünyanın 200 milyon iş yeri qıtlığı ilə qarşılaşan məşğulluq problemidir. İqtisadiyyatın qeyri-formal sektorunda qeyri-sabit məşğulluq sahəsinin genişlənməsini isə xüsusilə qeyd etmək lazımdır. Biz əminik ki, hazırki və gələcək əmək sahəsinin və sosial siyasətin tənzimlənməsində beynəlxalq əmək normaları əsas meyar olmalıdır.
S.Mehbalıyev diqqətə çatdırıb ki, 25 il əvvəl öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası ölkə Konstitusiyasında vətəndaşların məşğulluq təminatının hüquqi əsaslarını təsbit edibdir. Ölkəmizdə BƏT-in ratifikasiya olunmuş 57 saylı Konvensiyası, Avropa Sosial Xartiyası, digər beynəlxalq normalar da məşğulluq probleminin həllinə kömək edir.
Son 12 ildə Azərbaycanda aparılan səmərəli iqtisadi siyasət ümumdaxili məhsulun həcmini 3,4 dəfə, sənaye və qeyri-neft sektorunun inkişafını 3 dəfə artırmağa imkan verdi. ÜDM-in qeyri-neft sektorunda payı 2016-cı ilin əvvəlinə 69,3 faiz, iqtisadiyyatda özəl sektorun xüsusi çəkisi isə 82 faizə çatıb. Bu illər ərzində ölkə iqtisadiyyatına 200 milyard dollardan çox kapital qoyulub ki, onların da böyük hissəsi xarici investisiyalardır. Məqsədyönlü iqtisadi siyasət minlərlə istehsal obyektlərinin, 1 milyonu daimi olan 1,4 milyon yeni iş yerlərinin açılmasına imkan yaratdı. Bu müddət ərzində əhalinin gəlirləri 6,5 dəfə artıb, işsizlərin sayı 4,9 faizədək azalıbdır.
AHİK sədri öz çıxışında BƏT-in Baş direktorun məruzəsində yer alan bir qlobal problemin - iqtisadiyyatın qeyri-formal sektorunun da üzərində ayrıca dayanıb. O, qeyd edib ki,qeyri-formal iqtisadiyyatın miqyası və dinamikası dünyada qeyri-formal münasibətlərin inkişaf tendensiyasından asılıdır. Onlar konkret olaraq hər bir ölkənin tarixi şəraiti ilə müəyyənləşdirilir. Burada həm bazar, həm də dövlətlərin tənzimləmə mexanizmlərinin səmərəlilik dərəcələri mühüm faktordur.
Ölkəmizdə qeyri-formal iqtisadiyyatın mövcudluğu və ona hüquqi reaksiya müxtəlif səbəblər üzündən dövləti, sahibkarları və həmkarlar ittifaqlarını ciddi şəkildə narahat edir. Biz, həmkarlar ittifaqları olaraq, hesab edirik ki, böhran və işsizlik səviyyəsinin artdığı şəraitdə, sosial partnyorlar qeyri-formal iqtisadiyyatın leqallaşması üçün birgə fəaliyyətlərini gücləndirməlidirlər.
BƏT-in Baş direktorunun məruzəsində çox mühüm problem olan çoxmilli kapitala münasibət də öz əksini tapıbdır. Onun əmək bazarı və sosial ədalət problemlərinə münasibəti son dərəcə spesifikdir. Milli işəgötürənlərdən fərqli olaraq onun, demək olar ki, heç bir öhdəliyi yoxdur.
S. Mehbalıyev bildirib ki, Azərbaycan həmkarlar ittifaqları tərəfindən transmilli şirkətlərdə iş aparılarkən meydana bir çox problemlər çıxır. Belə ki, bu şirkətlərdə muzdlu işçiləri həmkarlar ittifaqı üzvlüyünə cəlb edərkən, həmkarlar ittifaqı təşkilatı yaradılarkən, sosial dialoqa təşəbbüs göstərərkən bizə maneçilik törədirlər. Bu sahədə mövcud olan neqativ halları aradan qaldırmaq üçün AHİK-in BƏT-in köməyinə ehtiyacı vardır.
Çıxışının sonunda Azərbaycan nümayəndə heyətinin rəhbəri Azərbaycan həmkarlar ittifaqlarının bugünkü sessiyadan konkret şəkildə nə gözlədiyini diqqətə çatdırıb. Qeyd edib ki, qeyri-formal məşğulluğa dair sosial partnyorlarla birlikdə qəbul edəcəyimiz birgə öhdəliklər məşğulluq strategiyasının və layiqli əmək üzrə ölkə proqramlarının ayrılmaz hissəsi olacaqdır. BƏT-in bütün üzv təşkilatlarında Beynəlxalq Əmək Təşkilatının 100-cü yubiley sessiyasının yeni əsrin quruculuğu haqqında dünyada sosial ədalət şüarı əsas yer tutmalıdır. Bildirib ki, Azərbaycan Həmkarlar İttifaqlar tripartizm, sosial dialoq və sosial ədalət prinsiplərinə tərəfdardır və həmin prinsiplərə sadiqdir.