2016-cı il aprelin 21-22-də Moskvada, Həmkarlar İttifaqlarının Əmək Sarayında Ümum Həmkarlar İttifaqları Konfederasiyası (ÜHİK) İcraiyyə Komitəsinin və Şurasının növbəti iclasları keçirilib. İclaslara Konfederasiyanın prezidenti, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakov sədrlik edib.
"AzerTaym.az" AHİK-in mətbuat və ictimaiyyətlə əlaqə şöbəsinə istinadən məlumat verir ki, İcraiyyə Komitəsinin aprelin 21-də keçirilən İclasında ÜHİK Şurasının qərar layihələrinin, o cümlədən, ÜHİK-in üzv təşkilatlarının fəaliyyət göstərdiyi müstəqil dövlətlərdə Beynəlxalq Əmək Təşkilatının (BƏT) Konvensiyalarının ratifikasiyası və onlara riayət olunması, ÜHİK-in Nizamnaməsinə dəyəşikliklər edilməsinə dair ÜHİK-in İcraiyyə Komitəsinin Komissiyasının təklifləri, Ümim Həmkarlar İttifaqları Konfederasiyasının 25 illiyinə hazırlıq, 28 aprel - Ünundünya əməyin mühafizəsi günü ilə bağlı ÜHİK-in bəyanatı və digər məsələlər müzakirə edilib.
ÜHİK Şurasının aprelin 22-də keçirilən iclasında Şuranın üzvlərinin səlahiyyətlərinə xitam verilməsi və yeni üzvlərinin təsdiq edilməsi, ÜHİK İcraiyyə Komitəsinin 2015-ci ilin aprelindən 2016-cı ilin aprelinədək keçən dövrdə fəaliyyəti barədə məlumat, ÜHİK-in üzv təşkilatlarının fəaliyyət göstərdiyi müstəqil dövlətlərdə sosial-iqtisadi vəziyyət və həmkarlar ittifaqlarının vəzifələri haqqında, zəhmətkeşlərin beynəlxalq həmrəylik günü olan 1 May bayramı ilə əlaqədar ÜHİK-in Müraciəti və digər məsələlərin müzakirəsi keçirilib.
ÜHİK-in İcraiyyə Komitəsinin və Şurasının iclaslarında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinin rəhbəri, AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Nehbalıyev çıxış edib.
ÜHİK-in İcraiyyə Komitəsinin iclasında “ÜHİK-in üzv təşkilatlarının fəaliyyət göstərdiyi müstəqil dövlətlərdə Beynəlxalq Əmək Təşkilatının (BƏT) Konvensiyalarının ratifikasiyası və onlara riayət olunması” mövzusu ilə bağlı çıxışında S.Mehbalıyev bildirib ki, 2016-cı ilin yanvarına olan vəziyyətə görə, Azərbaycan BƏT-in 58 Konvensiyasını ratifikasiya edibdir. Bu günə BƏT-in ÜHİK-in siyahısında göstərilmiş sosialyönümlü 11 Konvensiyasından 6-sı təsdiq edilibdir. Digərlərinin ratifikasiya olunması ilə baglı işlər davam etdirilir. Ratifikasiya olunmuş Konvensiyaların əksər müddəaları Əmək Məcəlləsində, AR Mülki, Cinayət Məcəllələrində, “İnzibati Xətalar”, “Müflisləşmə” haqqında Məcəllələrdə öz əksini tapıb.
AHİK sədri diqqətə çatdırıb ki, Azərbaycanda miqrantların hüquqları beynəlxalq hüququ ölkənin hüquq sisteminin bir hissəsi elan edən AR Konstitusiyası ilə möhkəm qorunur. Azərbaycan həmkarlar ittifaqları “Əməkçi miqrantların sosial-iqtisadi hüquqlarının qorunması üzrə fəaliyyət Proqramı” adlı uzunmüddətli sənəd qəbul edib. Azərbaycan, rus və ingilis dillərində müxtəlif bukletlər, “Azərbaycanda əməkçi miqrantlar” yaddaş kitabçası hazırlanıb nəşr edilib, KİV-lərə, sosial şəbəkələrə göndərilib, əlaqə telefonları fəaliyyət göstərir.
S.Mehbalıyev onu da qeyd edib ki, BƏT-in muzdlu işçilərin təşkilatlanma və kollektiv danışıqlar aparmaq hüquqlarını qoruyan və artıq respublikamızda ratifikasiya edilən 87,88 saylı Konvensiyalarının yerinə yetirilməsində ciddi pozuntular mövcuddur. Həmin Konvensiyaların tətbiq edilməsində yol verilən pozuntulara daha çox transmilli şirkətlərdə və iri biznes müəssisələrində rast gəlinir. Həmin müəssisələrdə işəgötürənlər qanunvericilikdəki boşluqlardan istifadə edərək hər vasitə ilə həmkarlar ittifaqı təşkilatlarının yaradılmasına, kollektiv danışıqların aparılmasına əngəl törədir, həmkarlar ittifaqı sıralarına cəlb olunmaq üçün təşkilatçılıq işləri aparan işçiləri təqib edirlər.
S.Mehbalıyev ÜHİK Şurasının aprelin 22-də keçirilən iclasında “ÜHİK-in üzv təşkilatlarının fəaliyyət göstərdiyi müstəqil dövlətlərdə sosial-iqtisadi vəziyyət və həmkarlar ittifaqlarının vəzifələri haqqında” mövzusundakı məsələ ilə bağlı da çıxış edib. AHİK sədri iclas iştirakçılarına məlumat verərək bildirib ki, bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ölkədəki bütün demokratik, siyasi dəyişikliklərin iştirakçısıdır. Bizim nümayəndələrimiz Azərbaycanın sosial-iqtisadi və ictimai inkişafını formalaşdıran müxtəlif dövlət və ictimai qurumlarının tərkibinə daxildir. İqtisadi böhran şəraitində işəgötürənin əmək müqaviləsi şərtlərini yerinə yetirməsini diqqətlə izləmək lazım gəldiyi bir zamanda kimsə işçilərə başa salmalıdır ki, işəgötürənlə problemlər yarandıqda onlar nə etməlidirlər və hiss etməlidirlər ki, tək deyillər. Bunu edən isə həmkarlar ittifaqıdır. AHİK İcraiyyə Komitəsi 2016-cı ilin mart ayında keçirilən iclasında sosial tərəfdaşlıq sisteminin artmaqda olan rolunu qeyd edərək bildirib ki, bu tərəfdaşlıq çərçivəsində böhranın səbəb və miqyasını obyektiv təhlil etmək lazımdır, hər bir həmkarlar ittifaqı təşkilatı işəgötürənlərlə birlikdə mövcud resursları hərtərəfli ölçüb-biçməli, ardıcıl iqtisadi inkişafa nail olmaq üçün həmin resurslardan səmərəli istifadə etməlidir. Bəzən işəgötürənlər biznes strategiyasındakı öz çatışmazlıqlarını işçilərin çiyinlərinə yükləməyə, onların əmək haqlarını, sosial təminatlarını aşağı salmağa çalışırlar. Bu günlərdə 2016-2017-ci illər üçün Baş Kollektiv Saziş imzalandı. Hesab edirik ki, sosial tərəfdaşlar Sazişin şərtlərini yerinə yetirərkən ölkənin Əmək qanunvericiliyinin tələblərinin işəgötürənlər tərəfindən yerinə ietirilməsinə nəzarəti daha da gücləndirəcəklər.
S.Mehbalıyev çıxışının yekununda Baş Kollektiv Sazişin şərtlərini yerinə yetirərkən müəssisələrdə gəlirlərin işəgötürənlə işçi arasında ədalətli bölüşdürülməsini, işçi qüvvəsinə tələbatı formalaşdıran ümumi iqtisadi siyasətin həyata keçirilməsini, qeyri-formal sektorda işləyənlərin tədricən formal sektora keçirilməsini, əmək münasibətlərinin leqallaşmasını, kiçik və orta müəssisələrin, fermer təsərrüfatlarının potensial yeni iş yerləri mənbələri kimi inkişafına hər cür kömək göstərilməsini, iqtisadiyyatın bu kateqoriyadan olan işçilərinin həmkarlar ittifaqına cəlb edilməsini, həmkarlar ittifaqlarının qadın və gənclərin məşğulluğu üzrə məqsədli proqramların və tədbirlərin həyata keçirilməsində fəallığının artırılmasını, onların əmək bazarında mövqelərinin qorunmasını, iş yerlərində ayrı-seçkiliyə yol verilməməsini, regionlarda məşğulluğun artmasına kömək göstərilməsini iqtisadi böhran şəraitində həmkarlar ittifaqlarının əsas vəzifələri kimi iclas iştirakçılarının nəzərinə çatdırıb.
Fikirlər