Elxan Məmmədovun İsgəndər Cavadovu təyyarədən "düşürməyi", 138-ci yer və 7 milyard — İLGİNC FAKTLAR

Elxan Məmmədovun İsgəndər Cavadovu təyyarədən "düşürməyi", 138-ci yer və 7 milyard — İLGİNC FAKTLAR

Bəlkə də çox pafoslu səslənəcək, bəlkə kimlərsə bunu yazmada gecikdiyimizi düşünəcək. Amma Azərbaycan futbolu sözün əsl mənasında can verir. 

FİFA-nın açıqladığı son reytinq siyahısında 138-ci yeri tutmuşuq. Yəni, bədiiləşdirsək, quyunun dibindəyik və heç vaxt bu qədər "dərində" olmamışdıq. Qeyd şərtsiz, biabırçılığın,səriştəsizliyin, məsuliyyətsizliyin və naşılığın son dayanacağı. Bu qədər pul, bu qədər şərait, imkan varkən əldə etdiyimiz bu "uğurun" səbəbləri nədir? Niyə belə oldu? İndi hamısını izah edəcəyik.

Hamının yıxmağa çalışdığı, daş-qalaq elədiyi Fuad Musayev və onun AFFA-sı cəmi 300 minlik büdcə ilə 105-ci yerdən aşağı düşməmişdi. Hər halda diqqətli və stajlı azarkeşlər bunu dəqiq xatırlayır. Nə qədər qəribə səslənsə də, Fuad Musayev həm özü, həm də ətrafında işləyən insanlar futbola yaxın əsl fədailər idilər.

O qədər təzyiq, o qədər basqı və haqsızlıq qarşısında belə sınmayaraq işlərini davam etdirdilər. İndi isə hakimiyyətdə onları daş-qalaq edənlərdi. Nəticə isə 138-ci yer.

Bir vaxtlar büdcəsi 32 milyon manata çatan AFFA-nin indiki büdcəsi 26 milyon manatdır. İldən ilə isə nəticələr daha rüsvayedici olur. Çünki Elxan Məmmədov kimi naşı və futboldan uzaq bir insana bu qədər məsuliyyətli və böyük təsərrüfatı etibar edəndə nəticəsi başqa cür ola bilməzdi. İndi görək futbolumuzu idarə edənlər kimlərdi? AFFA-nin baş katibi futboldan yaxından uzaqdan əlaqəsi olmayan biznes məktəbinin məzunudur. PFL prezidenti isə ət alveri ilə məşğul olan keçmiş orqan işçisidir.

Dünyada analoqu olmayan futbol idarəçiliyi də bizdədir. AFFA adlı yerdə futbola aid olan insanları barmaqla saymaq olar. Onlar da ya Ramin Musayevin, ya da Elxan Məmmədovun adamlarıdır. Üçüncü qrup isə hər şeyə tüpürüb, bir tikə çörəyin xatirinə bütün haqsızlıqlara və biabırçılıqlara göz yuman futbol veteranlarıdır.

Sadəcə bir biabırçı faktı demək kifayətdir ki, veteranların durumunu anlayaq.
Deməli, millinin xarici səfərlərindən birinə gedərkən məşhur keçmiş futbolçu, AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov təyyarəyə minəndə görür ki, Elxan Məmmədov, ailəsi və dostları "biznes klass" yerlərdə əyləşiblər, ona isə "ekonom klass" bilet alınıb. Cavadov təyyarədən düşüb və şəhərə qayıdıb. Elxan Məmmədovun onu geri qaytarmaq cəhdləri isə bir nəticə verməyib. Yalnız bir neçə aydan sonra bə futbol veteranlarının vasitəçiliyi ilə bu iki şəxsi barışdırmaq mümkün olub.


Bəzi veteranlar isə AFFA-dan cəmi 150 manat pensiya almaqla susurlar. Bəzilərinə vəzifə verilib, azacıq pul qazanırlar deyə, sakit dayanıblar. Elələri də var ki, Musayev-Məmmədov tandeminin qəzəbinə tuş gəliblər və indi heç bir klub onlara yaxın düşə bilmir. Məsələn, niyə heç kimə maraqlı deyil ki, ölkənin ən titullu məşqçisi, "Şöhrət" ordenli əməkdar məşqçi Ağasəlim Mircavadov niyə neçə illərdir işləmir? Çünki dövlətin ali ordeninə layiq görülən bu şəxs keçmiş ət alverçisinin, yəni indiki PFL prezidentinin qəzəbinə tuş gələrək heç bir yerdə iş tapa bilmir. Onun təcrübəsindən yararlanmaqdansa, yolunu kəsməyi üstün sayırlar.


Bu arada premyer liqa dağılır, birincilikdə futbol oynamağa klub yoxdur, cəmi 8 klub mübarizə aparacaq.

Belə olan halda UEFA avrokuboklardakı dörd yerdən birini əlimizdən alacaq.

Bütün bunlar 2005-2015-ci illərdə futbolumuza yatırılmış 7 milyardın verdiyi nəticədir. Bu nəticələr isə Almaniyada, Şanxayda, Fransada, Türkiyədə açılan obyektlərdən ibarətdir daha çox.


Sizcə söyülməli olan Fuad Musayevin AFFA-sıdır yoxsa indiki? Dövlət başçısını idmana ayırdığı vəsaitin, göstərdiyi diqqətin nəticəsi, bu diqqətə verilən qarşılıq budurmu? Deyəsən, bir müddət öncə deyilənlər də öz təsdiqini tapır. Ramin Musayev-Elxan Məmmədov cütlüyü anlaşa biliblər. Musayevin özü bir müddət öncə dediyi kimi daha soyuqluq yoxdur.

Ola bilər ki, yazılanlar kiməsə qərəz kimi görünsün. Yəqin ki, bu qısa məlumat vəziyyəti izah edəcək. İslandiya Futbol Federasiyasının büdcəsi 8.5 milyon avrodur. Əhalisi 350 min nəfər olan ölkənin 78 klubu var. Bura həvəskar klublar daxil deyil. İslandiya millisi bir neçə gündən sonra başlayacaq Avropa Çempionatının final mərhləsində çıxış edəcək.






Fikirlər