Ramin Musayevin hakim və hakimiyyət biznesi — İLGİNC DETALLAR

Ramin Musayevin hakim və hakimiyyət biznesi — İLGİNC DETALLAR

Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Neftçi" - "Qəbələ" qarşılaşması (1:1), daha doğrusu, bu oyunda baş verən oyunlar hələ də futbol ictimaiyyətinin müzakirə mövzusudur. 


FİFA referisi olan Əliyar Ağayevin oyunun 74-cü dəqiqəsində yol verdiyi kobud səhv yəqin ki, hələ uzun müddət müzakirə ediləcək. Əgər "Qəbələ" mərhələni adlaya bilməsə, nələr baş verəcəyini də təsəvvür etmək çətin deyil. Matça baxmayanlar üçün həmin epizod barədə qısa arayış verək. Deməli, "Qəbələ"nin futbolçusu Aleksey Qay qapıçı ilə təkbətəkə qalır və "Neftçi"nin qapıçısı Aqil Məmmədov ona qarşı kobudluq edir. Amma Ağayev penalti təyin edib, qapıçını sonuncu ümid foluna görə meydandan qovmaq əvəzinə, qonaqların yarımmüdafiəçisini sarı vərəqə ilə cəzalandırır. Hər halda, "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun oyundan sonra hakimliklə bağlı səsləndirdiyi fikirlər düşünməyə əsas verir. 

İndi isə görək Ağayevin bu səhvinin və ya "səhvinin" arxasında hansı şübhəli məqamlar dayanır.

Ölkə.Az-ın məlumatına görə, bu gün saat 4-də AFFA Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov mətbuat konfransı keçirəcək. Əldə etdiyimiz məlumata görə, Məmmədov bu addımı məhz PFL şefi Ramin Musayevin göstərişi ilə atır.

Bu arada "Qəbələ"nin çempionatdan çıxması barədə informasiyalar da dolaşmaqdadır. Səbəb isə budur ki, Musayev-Məmmədov tandemi məhz "Qarabağ"ın naminə "Qəbələ"yə böyük haqsızlıq ediblər.

Ramin Musayev hələ çempionatın əvvəlində bilirdi ki, bu mövsüm "Qarabağ"ın ən güclü rəqibi məhz "Qəbələ" olacaq. Və şübhəsiz ki, heç bir formada buna imkan vermək olmazdı. Səbəb də budur ki, Musayevin ən böyük dayağı "Qarabağ"dır. Onu bu komanda ilə sıx mənəvi və maddi tellər bağlayır. Sıx tellər deyərkən nəyi nəzərdə tutduğumuzu PFL şefi anlamamış deyil. Şübhəsiz ki, belə olduğu halda, "Qəbələ"ni "vurmaq" labüd idi.

Çempionat ərzində Əliyar Ağayev, Fariz Yusifov, Ömər Paşayev, Elvin Əsgərov və İnqilab Məmmədovun "Qəbələ"nin iştirakı ilə idarə etdikləri oyunlar və səhvlərə baxın. İlk baxışdan belə təəssürat yaranır ki, bu fit sahiblərinə "Qəbələ"ni məhv etmək tapşırığı verilib. Belə bir versiya da istisna edilmir ki, bütün bunlar "Zirə"nin yolunu təmizləmək və ikinciliyi təmin etməsi üçün şərait yaratmaqdır.

Təsadüfi deyil ki, "Qəbələ"nin baş məşqçisi Qriqorçuk sonuncu mətbuat konfransında dolayısıyla buna eyham vuraraq bildirmişdi ki, onsuz da "Qarabağ"ın güclü olduğunu bilirik, imkan verin, biz də oynayaq, bizi boğmayın.

Məsələnin başqa bir diqqətçəkən tərəfi ondan ibarətdir ki, Ramin Musayev bir xeyli irəli gedərək, nazir oğlunun klubunu büdrətməkdən belə çəkinmir. Görünən budur ki, Musayev yetərincə mötəbər yerdən təlimatlanaraq, bu addımı atır. Xəqani Məmmədov isə bu məsələdə sadəcə və sadəcə ən yaxşı halda "günah keçisi"dir.

Bəs niyə hamının bu işlərin başında Ramin Musayevin durduğunu bildiyi halda, heç kəs bu haqda yazmır? Bax, bu tamamilə başqa söhbətin mövzusudur. Bu arada sirr sayıla biləcək başqa bir detal haqda bir neçə kəlmə. Kubok oyunlarını hansı hakimlərin idarə edəcəyi də məhz məşhur 202-ci otaqda həll olunmuşdu. Bu məşhur otaqda daha nələrin baş verdiyini isə Musayevin özündən başqa kimsə daha yaxşı bilə bilməz.

İndiki halda Xəqani Məmmədovu "güllə qabağına" göndərmək isə bəsit və gülünc müdafiə üsulundan başqa bir şey deyil. Məmmədov isə bütün zərbələrə dözməyə məcburdur. Çünki onu məhz belə "qəhrəmanlıqlarına" və "fədakarlıqlarına" görə postunda saxlayıblar.

Yeri gəlmişkən, Məmmədovun keçirəcəyi mətbuat konfransı FİFA, UEFA və AFFA-nın nizamnamə və əsasnaməsinə tamamilə ziddir. Çünki kubok oyunlarını mətbuat qarşısında analiz etmək olmaz və belə biabırçılıq hətta Zimbabvedə də görünməyib.

Daxil olduğumuz UEFA Hakimlər Konvensiyasının nizamnamə və əsasnaməsinə zidd olduğuna görə, Avropanın bir nömrəli futbol qurumunun bundan xəbəri olsa, Azərbaycanı ciddi sanksiyalar gözləyə bilər.

Son olaraq-hər halda, "Qəbələ" kimi şəraiti, normal maddi durumu olan bir klubun ölkə kubokundan və çempionatdan çıxmaq haqda düşünməsi sadəcə dəhşətdir. Əgər bu klub da çempionatı tərk etsə, onsuz da zəifləmiş, azarkeş üçün marağı qalmayan milli birincilik bir qədər də geri düşəcək.






Fikirlər