AFFA-dakı "Kurtlar vadisi"-"Neftçi", "Bakı" və "Xəzər Lənkəran"ın məhv planının — İLGİNC DETALLARI
Cari mövsümdə futbol üzrə Azərbaycan çempionatının səviyyəsinin xeyli aşağı düşdüyü heç kimə sirr deyil. Təsadüfi deyil ki, indidən artıq qızıl və gümüş medalçıların kimliyi demək olar bəllidir. Bircə qalır üçüncü pillənin sahibinin kimliyi, bura da iki əsas namizəd var. "Neftçi"nin, "Xəzər Lənkəran"ın əvvəlki gücündən tamamilə uzaq olması, "Bakı"nın isə birinci dəstədə hər vəchlə mövcudluğunu qorumağa çalışması başqa nəticə verə bilməzdi. Bəs görəsən ümumilikdə doqquz dəfə ölkə çempionu olmuş bu klubların bu günə düşməsinin əsl səbəbləri nədir, "pərdənin arxasında" hansı oyunlar gedib ki, ölkə futbolunun flaqmanı on komandanın mübarizə apardığı çempionatın yeddinci pilləsində qərarlaşıb. Üç il dalbadal çempionluqdan sonra belə "möhtəşəm" uğursuzluğun mahiyyətində bilmədiyimiz nələr dayanır. Ölkə.az sözügedən məsələ ilə bağlı indiyə kimi heç bir mətbu orqanda dərc edilməyən ilginc informasiyalar əldə edib. "Müharibə" AFFA prezidenti Rövnəq Abdullayevin özünə yaxın ətrafını futbola gətirməsi ilə başlamışdı. Məhz ARDNŞ prezidentinin köməyi nəticəsində Hafiz Məmmədov, Mübariz Mənsimov neftdən gəlir götürməyə başlamışdılar. Sadıx Sadıxov "Neftçi" kimi bir kluba, ömrünü alverə həsr etmiş Ramin Musayev (əvvəlcə heyvan alveri, sonra ərzaq və digər məhsullar) PFL prezident gətirilmişdi. Bununla da Abdullayev özünə sanki müdafiə səngəri qurmuşdu. İnsafən qeyd edək ki, "Polad Alemdar"ın (Baş verənlər "Kurtlar vadisi"ni xatırlatdığından Rövnəq Abdullayevi şərti olaraq belə adlandıraq) adamları işə heç də pis başlamamışdılar. "Bakı" və "Xəzər Lənkəran"ın ardıcıl çempionluqları, qazandıqları ölkə kuboku və "Birlik kubokun"dakı uğurlar xeyli ümid verirdi. Şübhəsiz ki, bu süni uğurlardan həvəslənən "Poladın dostları"nın ambissiyaları da artmışdı. "Neftçi", "Bakı" və "Xəzər Lənkəran" arasında mübarizə o qədər qızışmışdı ki, bəzən düşmənçilik müstəvisinə qədər gedib çıxırdı. Bu isə təsadüfi deyildi. Çünki AFFA-da elə bir qüvvə var idi ki, bu supergüclərin sonun gətirməyi bacaracaq gücə sahibdi. Söhbət vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədovdan gedir. PFL yaradılarkən yarışların təşkili və keçirilməsi bu quruma veriləndə artıq Ramin Musayevə Rövnəq Abdullayevin sələfi kimi baxırdılar. Şübhəsiz ki, bu da Elxan Məmmədov-Elşad Nəsirov tandemini narahat etməyə bilməzdi. Amma sonralar Ramin Musayevin səriştəsiz və naşı idarəçi olduğu üzə çıxdı və rəqiblər siyahısında görülmədi. Çünki Musayevin nə savadı, nə bacarığı, nə də nüfuzu buna imkan vermirdi. Ona görə də PFL-ə yaşamaq imkanı verildi ki, adam özünü daha rahat məhv etsin. Hətta AFFA həm milli və həm nəzarət etdiyi müdia gücü və komitələri ilə PFL-i de fakto yolundan çıxarmış oldu. Ramin Musayev əks-həmlə olaraq hakim və inspektorları ələ keçirsə də, bu ancaq onun əleyhinə işlədi. Məhz bundan sonra oyun alveri PFL şefinin nəzarətində güclənməyə başladı. Çünki başqa gəlir yolu yox idi. Transfer gəlirləri əldən çıxmış, klubların çoxu baş katib-vitse prezident tandeminin nəzarəti altına keçmişdi. Ən böyük zərbə isə "Neftçi"nin itirilməsi oldu. Növbə Hafiz Məmmədova çatmışdı. AFFA icraiyyə komitəsinə üzv olan bu şəxs Azərbaycanda gördüyü işlərlə, futbol etdiyi yatırım və beynəlxalq layihələrlə AFFA prezidenti postuna güclü namizəd olduğunu göstərmişdi. Buna görə də onun məhvinə qərar verildi. Nəsirov-Məmmədov tandemi öz işini gördü və "Bakı" məhv edilməyə başladı. Nə qədər acı da olsa, bu baş tutdu və milyonlarla yatırım göyə sovruldu. Sadıx Sadıxovun aqibəti isə bir qədər fərqli həll olundu. O, "Neftçi"yə rəhbər təyin ediləndə bir çoxları düşünürdü ki, futboldan uzaq olan insan uğur qazana bilməyəcək. Amma əksinə oldu. Hər şey ani cərəyan etdi. Büdcə artırıldı, yaxşı transferlər edildi, üstəlik media dəstəyi və ən əsası Ramin Musayevdən böyük dəstək alınaraq, flaqman xarüqələr yaratmağa başladı. Bəlkə də tarixinin ən yaxşı üç ilini yaşadı, qızıl dubl, ardıcıl üç çempionluq, Avqoliqanın qrupu şübhəsiz ki, başgicəlləndirici uğurlar idi. Məhz bundan sonra hamı Sadıx Sadıxovu AFFA prezidentinin sələfi kimi görməyə başladı. Bu amil onun məhvi üçün düyməyə basmağa kifayət etdi. Bununla yanaşı onun öz hərəkətləri də sonunun gəlməsinə səbəb oldu. Sadıxov göndərildi və "Neftçi" məlum tandemin əlinə keçdi. Bu da həm maliyyə, həm də nüfuz baxımından Rövnəq Abdullayevə vurulan ağır zərbə idi. Mübariz Mənsimovla bağlı məsələ isə tamam başqa aspektdə irəlilədi. Öncə onu futbola böyük yatırımlar etməyə cəlb etdilər və bu da təbii ki, Mənsimovun Rövnəq Abdullayevlə isti dostluq münasibətlərinin nəticəsi idi. Düzdür, 2004-cü ildə Mənsimov cənub təmsilçisini himayəsinə götürmüşdü. Amma o vaxt kluba belə böyük pullar yatırılmırdı. Daha sonralar isə Rövnəq Abdullayev-Mübariz Mənsimov dostluğu biznesə çevrildi. Mənsimova hər şərait yaradıldı, sadə dillə desək, bir dediyi iki edilmədi, çempionluq, kubok.... Sadəcə burada başqa rəqiblərdən fərqli olaraq Mənsimovun AFFA prezidentliyində gözü yox idi. Məhz bu amil tandemi başqa strategiya seçməyə vadar etdi. Onlar ağıllı yol tutaraq Mənsimovu futboldan iyrəndirməyə başladılar. Klubda baş verən maliyyə maxinasiyaları gizlicə həm mediaya, həm də FİFA və UEFA-ya ötürüldü. Demək olar ki, hər oyundan sonra kluba külli miqdarda cərimələr yağdırıldı, klub haqqında mənfi imic formalaşdırılmağa başladı. Hətta "Xəzər Lənkəran"ı ayrı-ayrı futbolçuların vasitəsilə daxildən sarsıtmağa nail oldular. Bütün bunların sonunda Mənsimov haqlı olaraq futboldan küsdü və "Xəzər"in indi düşdüyü durum ortadadır. Bütün bunlar futbolumuzun məhv planının məhz çox kiçik hissəsidir. Bu şəxslər məhz kimlərinsə yoluna daş qoyduqları üçün daşı öz başına vurdular və şəxsi ambissiyaları onların futboldan getməsinə səbəb oldu. Burdan belə bir nəticə çıxarmaq olar ki, vəzifə, güc və pul hələ hər şey demək deyil. Bütün bunlarla yanaşı, ağıl, strategiya və balanslaşdırılmış siyasət, eyni zamanda dərin zəka və bilik də lazımdır. Bu özəlliklər isə sadaladığımız insanların çoxunda yox idi. Son olaraq qeyd edək ki, Elxan Məmmədovun Rövnəq Abdullayevin AFFA prezidentliyini qeyri-rəsmi də olsa, qəbul etməməyinin əsas səbəblərindən biri onun bu quruma iki il öncə gəlməsidir. Yəni, Məmmədov AFFA-da Abdullayevlə müqayisədə iki il daha stajlıdır. Şübhəsiz ki, Məmmədov özü AFFA prezidenti olub daha çox qazanmaq istəyərdi.