-
22-11-202421-11-202420-11-2024
Aslan İsmayılov "4 İYUN" bombasını partlatdı - İlginc adlar açıqlanır...
Fikirlər
-
Reklam
-
Əsas xəbərlər
"Mirmahmud Mirəlioğlunu heç cür başa düşə bilmirəm, çünki..."
"Bu yaxınlarda mənə həmin prosesin unikal fotoşəkillərini təqdim ediblər"
"Surət Hüseynovu zərərsizləşdirməyin yeganə yolu həqiqətən Heydər Əliyevin seçdiyi yol idi ki, onu pişiyim-pişiyimlə cəlb edərək..."
Tanınmış hüquqşünas, 4 iyun Gəncə hadisələrini araşdıran deputat istintaq komissiyasının üzvü olmuş Aslan İsmayılov Moderator.az - a olduqca ilginc açıqlamalarla zəngin maraqlı müsahibə verib.
Onunla söhbətimizin birinci hissəsini təqdim edirik:
- Vaxtilə Elçibəyin mətbuat katibi olmuş Arif Əliyev deyir ki, bildiklərim açılsaydı, çoxları prosesə cəlb olunardı. Bəs Aslan İsmayılovun necə, o dövrdə baş verənlərlə bağlı bildikləri və hələ də demək istəmədiyi çoxmu sirlər var?
- İstəyir Arif Əliyev olsun, istəyir Sülhəddin Əkbər, İsa Qəmbər, Mirmahmud Mirəlioğlu və ya Pənah Hüseyn, yəni bu proseslərin özəyində duranlar olsun, əgər onlardan kimsə deyirsə ki, mən ağzımı açsam, aləm qarışar, deməli danışmamağın səbəbi gözü kölgəlilikdir. Mənimsə gözüm kölgəli olmadığından 4 iyun hadisələri barədə 23 il əvvəl hadisə yerində nə görmüşəmsə orda demişəm, ondan sonra da bu hadisələrin hər ildönümlərində mətbuatda cürbəcür rakurslardan eyni fikirlərim səslənib. Özü də bu barədə dəfələrlə həmin prosesin əsas iştirakçılarının hər birinə də demişəm. Mənim Mirmahmud Mirəlioğlu ilə hər zaman xüsusi münasibətim olub, xətrini çox istəmişəm, bu gün də istəyirəm, amma bu gün onu heç cür başa düşə bilmirəm. Ona görə ki, o Gəncədə şəxsən mənimlə bir yerdə olub və nələr baş verdiyini çox gözəl bilir. Bəs niyə açıb danışmır? Tək o deyil. O biriləri də o cümlədən. Bəs bunlar nə vaxt danışmağı qərara alıblar? Bu gün danışmırlarsa, bunu adı gözükölgəlilik və qorxaqlıqdır. Çünki hamısı bir - birinin zibilinin açılmasından qorxur. Necə ki, vaxtilə Etibar Məmmədov və İsa Qəmbər parlamentdə bir - birilərinə xox gəlirdilər ki, ”danışaram ha?”
- Nə danışmalıydılar ki, danışmırlar? Yaxud sizcə danışmalı bir şey varmı ki, hələ də susmağa üstünlük verirlər?
- Bəs necə? 4 iyunda dövlət çevrilişi olub. Mən bunu 93-cü ildə 4 iyunda da demişəm, bu gün də deyirəm. Niyə mən hər zaman deyirəm ki, arxivlər açılsın. Arxivlər açılsa, kimin kim olduğu bilinəcək. Bu gün də deyirəm ki, AXC rəhbərliyində DTK-ya işləyənlər var idi və hadisələri göstəriş verilən istiqamətə yönəldirdilər. Mən çox arzulardım ki, Gəncədə olduğum müddətdə AzTV operatorunun iştirakı ilə apardığım dindirmələr üzə çıxarılaydı. Bütün o hadisələrin videoyazısı var arxivlərdə. O vaxt Gəncə türməsində baş prokuror İxtiyar Şirini, MTN-nin birinci müavini Sülhəddin Əkbəri, daxili işlər nazirinin birinci müavini Qalib Məmmədovu, Qazaxlı Aliki, eyni zamanda Milli Təhlükəsizlik Nazirliyinin bütün struktur rəhbərləri orada olub və onların hamısını dindirmişəm. Bu gün də heç nədən çəkinmədən deyirəm ki, orada verdiyi ifadədə yeganə millətə, dövlətçiliyə sadiq olan qorxmaz mövqedə Sülhəddin Əkbərovu görmüşəm. Mənim o dindirmə zamanı verdiyim bütün suallar həqiqəti ortaya çıxarmağa yönəlmişdi və buna da nail oldum.
- Amma bu gün də cəmiyyətdə hakim mövqe bundan ibarətdir ki, məhz Sülhəddin Əkbərin günahı üzündən Surət Hüseynov asanlıqla zərərsizləşdirilsə də buraxılıb və sonda belə bir fiasko yaşanıb...
- Mən detalları bilmirəm. Mən sizə deyirəm ki, özüm nə iş görmüşəm və dindirmələrdə onların davranışları və etiraflarını bilirəm, əməliyyatı kimin necə apardığının təfərrüatını bilmirəm. Mən ordakı dindirmələrdə də onların özlərinə deyirdim ki, siz nədən qorxursunuz? Təsəvvür edin ki, MTN polkovniklərinin hamısı əsim-əsim əsirdi. Onlardan biri ağzını açıb danışa bilmirdi qorxusundan. O cümlədən də baş prokuror İxtiyar Şirinin davranışı çox dəhşətli idi...
- Bəlkə həmin polkovniklər məlumatsızlıqdan danışa bilmirdilər...
- Nə danışırsınız? Hamısı nəyin, necə baş verdiyini gözəl bilirdi, sadəcə Surət və onun dəstəsindən qorxurdular.
- Aslan müəllim, necə oldu ki, siz deputat istintaq komissiyasının tərkibinə qoşuldunuz?
- Taleyim elə gətirib ki, istəmədən həmişə ölkədə baş verən bütün hadisələrin mərkəzində olmuşam. Necə ki, 1989-ci ildə Azərbaycana gəldiyim ilk günlərdən Sumqayıt hadisələrinə məndən asılı olmayan səbəbdən qoşulmuşam və həmin hadisələrin məhkəmə istintaqını da mən aparmışam. Eləcə də Gəncə hadisələrinin istintaqına qoşulası oldum. O vaxt mən Prezident Aparatına yenicə işə gəlmişdim. Təsəvvür edin ki, mayın 28-də Prezident Aparatında işə başladım, səhv etmirəmsə iyunun 9-da və ya 10-unda Prezident Aparatında hüquq mühafizə orqanları ilə iş üzrə şöbə müdiri Fazil Mustafa məni dəvət etdi ki, Aslan müəllim, biz Gəncə hadisələrini araşdırmaq üçün istintaq komissiyası yaratmışıq, istəyirik, daha doğrusu Elçibəyin təklifidir ki, prezidentin təmsilçisi kimi sən orada iştirak edəsən. Cavab vermişəm ki, mən belə bir ağır yüklü işdə heç kimin təmsilçisi ola bilmərəm. Demişəm ki, bu, dövlətçiliklə bağlı işdir və əgər məni göndərirsinizsə yalnız o halda gedərəm ki, orada kiminsə tərəfini tutmayım, yəni mən kiminsə təmsilçisi ola bilmərəm, ancaq ədalətli araşdırma apara bilərəm. Fazil Mustafa da deyib ki, elə bizə də lazım olan budur və həqiqətin ortaya qoyulmasını istəyirik. Mən də cavab vermişəm ki, onda baş üstə, məmnuniyyətlə gedərəm. Beləliklə yığışıb getmişik Gəncəyə. Komissiyanın rəhbəri də Mətləb Mütəllimli idi. Onunla bağlı fikrimi əvvəllər mətbuatda bildirmişəm və bu gün yenə təkrar edirəm ki, komissiyanın gəldiyi bir nəticə olub, Mətləb Mütəllimlinin elan etdiyi tamam başqa nəticə olub. Bilirsiniz, həmin Gəncəyə gedənlər deputat istintaq qrupu adlansa da orda istintaqçılar demək olar ki, yox idi. Orada Tahir Əliyev idi, Mətləb Mütəllimli idi, Mirmahmud Mirəlioğlu, Tofiq Qasımov, Şirin Hacıkərimov idi. Ola bilsin ki, kimlərsə yadımdan çıxa bilər, yadımda qalanlar bunlardır. Bunların heç birinin istintaqla əlaqələri yoxdur. Yəni onlar Gəncəyə hadisələri araşdırmağa gəlsələr də əslində heç kim bunu etməyə can atmırdı, kimlərləsə görüşürdülər, öz aralarında pıçıldaşırdılar. Amma mən hadisələrin həqiqətən necə baş verdiyini bilmək istədiyimdən dərhal keçdim baş verənlərin araşdırılmasına və insanları dindirməyə. Mənim oradakı bütün dindirməmin videosu var, cəsarətləri çatan varsa həmin videoları qoysunlar ortaya, görünəcək ki, o sualların hamısını verən mən olmuşam və mənim verdiyim suallar da kimisə qorumaq, kimisə qaralamaq, nəyisə malalamaq olmayıb. Verdiyim sualların da demək olar ki, hamısı bu və ya digər formada Surət Hüseynovun əleyhinə yönəlmişdi. Yəni mən Surət Hüseynovu ittiham etmək istəməmişəm, sadəcə baş verənlər açıq göstərirdi ki, prosesdə Surət Hüseynovun missiyası nədən ibarət olub. Təsəvvür edin, bir hərbi hissə dövlətə tabe olmur və qiyam qaldırır. Təbii ki, bu qiyam da yatırılmalıydı. Sual bax burasındadır ki, bu qiyam niyə yatırılmadı? Mən dindirdiyim şəxslərə elə bu sualları vermişəm. Mən dindirmədən sonra hadisə yerinə getmişəm. Yadımda deyil həmin vaxt AzTV-dən yanımdakı operatorun adı nə idi və indi o haradadır. Çox istərdim ki, həmin operator üzə çıxıb danışsın və ya arxivdə olan videomateriallar ortaya qoyulsun. Mən çox təəssüf edirəm ki, bu hadisələrdə müsbət tərəfdən fəaliyyət göstərən bir çox şahidlər və proses iştirakçıları belə bu gün də danışmaqdan çəkinirlər. Necə ki, Sumqayıt hadisələri ilə bağlı müraciət etmişdim ki, həmin o erməni Çaturyanın gəlib o prosesi dinləməsini o vaxtkı məhkəmə katibləri olan cavan uşaqlar mənə demişdilər. Mən vaxtilə müraciət elədim ki, gəlin yaddaşımızı təzələyək və həqiqəti ortaya qoyaq. Amma kimsə çağırışıma səs verib gəlmədi. Amma tarixi gizlətmək kimsəyə müyəssər olmayıb. Bu yaxınlarda mənə həmin prosesin unikal fotoşəkillərini təqdim ediblər. Onları görəndə yada salmışam ki, bu gün onlar kimdir və harada işləyirlər. Onların biri bu gün respublika prokurorluğunda mühüm işlər müstəntiqidir, biri məhkəmə sədridir, amma danışmaqdan qorxurlar. Həmin şəkilləri də bu günlərdə təqdim edəcəm. Maraqlıdır ki, Gəncədə olduğum dövrdə kimə deyirdim ki, gedək hadisə yerinə baxaq, hamı imtina edirdi, heç kim getmək istəmirdi. Bir gün nəhayət mən AzTV-nin operatoru ilə hadisə yerinə getməyə müvəffəq olduq. İddia edilirdi ki, guya hökumət qüvvələri kazarmaya hücum çəkib, dağıdıblar və yandırıblar, xeyli sayda da adam öldürüblər. Gəldik çıxdıq kazarmaya. Kazarmanın qapısından içəri keçdik və baxdım ki, qapı salamatdır. Başladım kazarmanın içini gəzməyə. Baxdım ki, arxamızca əlində avtomat olan bir nəfər də gəlməyə başladı. Mən başa düşdüm ki, bu mənə xəbərdarlıq etmək üçündür. Bundan qabaq səhər mən xəbərdarlığımı almışdım. Biz Gəncə otelində qalırdıq, sonuncu gün oteldən çıxanda tanımadığım bir adam yaxınlaşdı və “Surətin adamları sizi bu gün aparacaqlar, ehtiyatlı olun” deyib sürətlə oradan uzaqlaşdı. Arxamızca gələn adamın həm də psixi durumun yerində olmadığını və istənilən an bizi güllələməyə hazır olduğunu görüb operatora dedim ki, mən ağzımı açıb danışamayacam, amma gəzdiyim və baxdığım bütün yerləri videolentə köçürsün. Kazarmanın həyətində gəzəndə gördüm ki, hasar kazarmanın içərəsinə doğru deyil, çölə tərəf uçub. Bu o demək idi ki, əgər iddia olunduğu kimi hökumət qüvvələri kazarmaya tanklarla hücum etmiş olsaydı, hasar içəriyə doğru uçmalıydı. Amma burada əksinə idi. Bu onu göztərirdi ki, texnika içəridən şəhərə çıxıb, şəhərdən kazarmaya girməyib. Bundan başqa yanmış kazarmaya baxış keçirdim. Baxdım ki, kazarma yuxarıdan deyil, aşağıdan yandırılıb. Əgər kazarmaya kənardan müdaxilə edilmiş olsaydı, yanğın yuxarıdan başlamalıydı. Amma alovun dili yerdən sütunlarla yuxarıya doğru qalxmışdı və aydın görünürdü ki, kazarmanı aşağıdan qəsdən yandırıblar. Bütün bunların hamısını operator lentə alırdı. Mən işimi bitirdikdən sonra deputat istintaq komissiyasından bir və ya iki gün əvvəl Bakıya döndüm, çünki orada qalmaq artıq çox təhlükəli və mənasız risk idi.
- Dindirmələri harada aparırdınız?
- Mən bütün dindirmələri türmədə aparmışam. O vaxt türmənin rəisi Ramazan Ukalayev idi. Orada maraqlı bir epizod da indi yadıma düşdü. Bu gün məni məhkəməyə verib məndən təkzib tələb edən İxtiyar Şirini dindirməyə gətirəndə onu elə vəziyyətdə gördüm ki, şoka düşdüm. Yeri gəlmişkən, bildirim ki, mənim prokurorluq orqanlarından getməyimə səbəb İxtiyar Şirin olub. Onun Eldar Məmmədov adlı birinci müavini vardı, hər gün o məni dəvət edib deyirdi ki, İxtiyar Şirinov deyir burdan getsin. Mən də deyirdim ki, çıxan deyiləm, qoy çıxartsın. Yəni münasibətimiz çox gərgin olub, bu barədə uzun-uzadı danışmaq istəmirəm. Sonra keçmişəm Prezident Aparatına. Nə isə, İxtiyar Şirinovu gətirdilər. Baxdım ki, axsayır. O məni görəndə hiss etdim ki, sarsıldı. Ona görə ki, münasibətimiz pis olub və ona görə prokurorluqdan getməyə məcbur olmuşam. Amma mən özümü elə apardım ki, guya mənə etdiyi pislikdən xəbərim yoxdur. Dərhal başladım ki, İxtiyar müəllim, mən sizin prokuroluqda işləmişəm, adım Aslan İsmayılovdur, amma deyəsən məni tanımadınız. Hərçənd, bilirdim ki, məni gözəl tanıyır və mənə nifrət edir. Soruşdum ki, niyə axsayırsınız? Dedi ki, ayağımda yara var. Onun yanında türmənin rəisi Ramazan Ukalayevi çağırdım ki, təcili bunu tibbi müayinədən keçirib lazımı tibbi yardımlar edilsin, sonra dindirməyə keçərik. O tibbi müalicə aldıqdan sonra dindirməyə gəldi. Mən ordan çıxıb gəldim və deputat istintaq komissiyasının işini Bakıda davam etdirdik. Mən Bakıda İsa Sadıxovla əlaqə yaratdım, o Gəncə hadisələrində aktiv, dövlət mövqeyində olanlardan biri olub. Isa Sadıxov Gürcüstanda idi, xahiş elədim o Bakıya gəldi. Özü də həmin müddətdə o axtarışda olduğundan dolayı yollarla Bakıya gəldi. Onda onun təhlükəsizliyini təmin etmək üçün Səbail rayon polis idarəsinin rəisi Yolçuyev vardı, ondan xahiş etdim. Isa Sadıxov gəldi və onu dindirdik. İsanın ifadəsindən açıq görünürdü ki, heç kimin qiyamı yatırmaq istəyi olmayıb, istəyənlərə də imkan verilməyib. Yadımdadır ki, mən Ali Sovetdə İsa Sadıxovu dindirən gün Heydər Əliyev Surət Hüseynovla danışıqlar aparırdı. Təsəvvür edin ki, İsa Sadıxov axtarışda ola-ola qəti surətdə deyirdi ki, Surət cinayətkardır və onunla heç bir söhbət aparıla bilməz, o dərhal həbs edilməlidir. Amma mən situasiyanı bilirdim ki, həmin müddətdə Surəti tutmaq mümkün olan şey deyil. Onu zərərsizləşdirməyin yeganə yolu həqiqətən Heydər Əliyevin seçdiyi yol idi ki, onu pişiyim-pişiyimlə cəlb edərək zərərsizləşdirdilər və sonra da tamam ipini kəsdilər. Amma əvvəl onu neytrallaşdırmaq asan məsələ deyildi. Ona görə ki, Surətin arxasında Rusiya dururdu.
-İstintaqda sübut olundu ki, doğrudan da Surətin arxasında Rusiya dayanır?
- Mən vaxtilə bu barədə demişəm. Gəncə hadisələri Bakıda elə təşkil olunmuşdu ki, Gəncə də o cür qurtarmalıydı. Əslində Surəti Gəncədə və ya Bakıda zərərsizləşdirmək problem deyildi. Səhv etmirəmsə Surəti MTN-in hansısa bir zabiti evindən çıxanda onu saxlamışdı, sonra naməlum səbəbdən buraxıblar.
- Elə Sülhəddin Əkbəri də buna görə ittiham edirlər ki, Surət Hüseynov əməliyyatın birinci günü onun günahı üzündən buraxılıb.
- Kim buraxdırıb cavab verməliydi. Sizə bir şey deyim. İsa Sadıxov Elçibəydən xahiş edib ki, mənə icazə verin Surət Hüseynovu zərərsizləşdirim. Amma ola bilər ki, əməliyyat zamanı 5-6 adam ölsün. Amma Elçibəy icazə verməmişdi ki, mən qan tökülməsini istəmirəm. Elçibəyin humansitliyi anlaşılandır. Amma dövlətçiliyi bu cür humanistliyə qurban vermək olmazdı. Mən hesab edirəm ki, o çox səhv və yanlış addım idi. O ərəfədə Surət Hüseynov nəyin bahasına olur-olsun həbs olunmalıydı.
- Bəs Bakıda məşhurlardan kimləri dindirdiniz?
- Mən Bakıda baş nazir olmuş Pənah Hüseynovu, milli təhlükəsizlik naziri Fəxrəddin Təhməzovu dindirmişəm, daxili işlər naziri Abdulla Allahverdiyevi, MN baş Qərargah rəisi, general Nurəddin Sadıqovu dindirmişəm. Müdafiə naziri Dadaş Rzayevsə ümumiyyətlə dindirməyə gəlmədi. Həmin hakimiyyəti Gəncə hadisələrində satan birinci elə Dadaş Rzayev olub.
- Yox axı Dadaş Rzayev iki gün öncə Moderator.az-a açıqlamasında deyib ki, bu hadisələrdə MN heç bir günahı olmayıb, mən əmir qulu idim, Ali Baş Komandan nə vaxt əmr verdi ki, mən yerinə yetirmədim?
- Mən onu bilirəm ki, həmin ərəfədə Dadaş Rzayev bilərəkdən qaçıb harasa gizlənmişdi. Şəxsən mən tapa bilmədim ki, dindirəm. Bu dəqiq istintaqla olmuş şeydir. Mən həyatımda heç vaxt yalan danışmamışam və bu gün də olanı deyirəm sizə. Sonra mən rəhmətlik İmam Mustafayevi dindirdim. Bizim dindirməmiz yarımçıq qaldı. Ona görə ki, mənim İmam Mustafayevə böyük hörmətim vardı, bu gün də böyük hörmətim qalır. Ona görə ki, milli-mənəvi dəyərlərimizin bərqərar olunmasında, qorunmasında onun xüsusi rolu olub. Amma Gəncə hadisələrində ya bilərəkdən, ya bilmədən ən pis rollardan birində o və Sabir Rüstəmxanlı çıxış elədi. Ona görə ki, onlar gəldilər yalandan burada parlamentdə çıxış edib dedilər ki, Gəncədə hərbi hissəyə qanunsuz hücum olub və 60-dan artıq adam ölüb. Mən bunu İmam Mustafayevdən soruşdum. Yəni ona hörmət əlaməti olaraq ağsaqqal kimi davrandım və amma sonra deyəndə ki, İmam müəllim, mən o hadisləri Gəncədə araşdırıb bura gəlmişəım, orda 60 yox, heç 6 vətəndaşın da öldüyünü görməmişəm, nə üçün xalqa yalan danışdınız?. Həmin hadisələrdə yeganə öldürülənlər Milli Qvardiyanın komandanı və əməkdaşları olub. Həmin adamlar da Surətin dəstəsi tərəfindən qətlə yetirilib. İmam Mustafayev “məni ittiham edə bilməzsən” deyib otağı tərk etdi. Həmin gün Milli Qvardiyaya göstəriş verilmişdi ki, silah işlədilməsin və Gəncəni tərk etsin. Bunlar da Gəncəni tərk edərkən bir “Jiquli” maşın qarşıların kəsərək hamısını güllələmişdilər. Onların qanı elə də batdı.
- Həmin hadisələri Surətin qəsdən törətdiyi istintaqda ifşa edildimi?
Ardı var...