Başkent Universitetinin rektoru ATU-da qonaq oldu
AzerTaym.az ATU-nun mətbuat xidmətinə istinadən xəbər verir ki Türkiyənin Başkent Universitetinin rektoru, prof.dr. Ali Haberal Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, prof. Gəray Gəraybəyli ilə görüşüb. Görüş zamanı qonağa Universitetin tarixi, fəaliyyəti, əldə etdiyi uğurlar və qarşıya qoyulan hədəflər barədə məlumat verilib. ATU-nun Azərbaycanda yeganə tibb təhsil müəssisəsi olduğunu bildirən rektor G.Gəraybəyli universitet üçün prioritet istiqamətlərdən birinin xarici tələbələrin sayının artırılması ilə əlaqədar olduğunu deyib. Onun sözlərinə görə, hazırda universitetin 7000-dən çox tələbəsi var və onlar tam beynəlxalq standartlara uyğun təhsil alır, yüksək şəraitli klinikalarda təcrübə keçirlər. Professor G.Gəraybəyli ATU-nun beynəlxalq mübadilə proqramlarında aktiv iştirak etdiyini vurğulayıb. Qeyd olunub ki, ATU rezidentləri belə layihələr çərçivəsində dünyanın bir çox ali məktəbləri və klinikalarında, o cümlədən Başkent Universitetində rotasiya keçirlər. Bu, Tibb Universiteti ilə Başkent Universiteti arasındakı qarşılıqlı əməkdaşlıq sazişi nəticəsində mümkün olub. Gələcəkdə bu əlaqələri daha da genişləndirmək, Başkent Universitetinə daha çox rezident və mütəxəssis göndərməklə bağlı planlar mövcuddur. Başkent Universitetinin rektoru, prof.dr. Ali Haberal da iki ali məktəb arasında əlaqələrin sıxlaşması, 2006-cı ildə bağlanmış əməkdaşlıq protokolunun yenilənməsindən məmnun olduğunu bildirib. Qeyd olunub ki, Tibb Universiteti və Başkent Universiteti arasındakı qarşılıqlı əməkdaşlıq müqaviləsi akademik heyətdə çalışan əməkdaşların və tələbələrin mübadiləsi, müştərək konfranslar, seminarlar və müxtəlif tədbirlərin təşkili və digər sahələrdə qarşılıqlı fəaliyyətə dair məsələləri özündə əks etdirir. Görüş zamanı dünyada və Azərbaycanda orqan transplantasiyasının önəmindən söz açılıb. Vurğulanıb ki, Azərbaycanda böyrəkköçürmə və qaraciyər köçürmə əməliyyatları ilə yanaşı, sümük iliyi transplantasiyası da uğurla aparılır. Bununla yanaşı, ölkəmizdə ilk dəfə süni ürək köçürülməsi əməliyyatı da uğurla həyata keçirilib. Bununla belə, bu sahədə ixtisaslaşan cərrahların yetişdirilməsi, bilik və bacarıqlarının artırmasına ehtiyac var. Bu baxımdan, ATU əsasən bu sahədə rezidentlərin mübadilə proqramında iştirakına daha çox önəm verir. Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rəhimə Qabulova, Tədris Cərrahiyyə Klinikasının direktoru, prof. Nuru Bayramov iştirak ediblər.