Əflatun Amaşov “TÜRKÜSTAN” qəzetini 10 YAŞI münasibətilə təbrik edib

“Türküstan” qəzetinin nəşrə başılamasından 10 il ötür. Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bu münasibətlə qəzetə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: 
10 il az müddət olsa da qəzet oturuşmuş media orqanı kimi tanına, ictimai rəydə özünə yer tapa bilib. Çünki ilk saylarından başlayaraq milli mətbuat ənənələrinin davam etdirilməsini, milli maraqların müdafiəsini, maarifçilik missiyasının həyata keçirilməsini özü üçün əsas prioritet kimi müəyyən edib. 
Yubilyar nəşrin fəaliyyətində həqiqətlərimizin dünyaya çatdırılması, Azərbaycan diasporunun işinin təbliği, türkdilli ölkələrin media qurumları arasında inteqrasiya, xəbər mübadiləsi, təşkilatlanma kimi məsələlər hər zaman aparıcı mövzular olub. İdeoloji mübarizə ruhundakı yazılar da “Türküstan” qəzetini fərqləndirən cəhətlərdəndir. 
“Türküstan” qəzeti həmçinin Azərbaycanın tarixi torpaqlarının bütövlüyü fikri ətrafında milli düşüncəli ziyalıları, vətənpərvər gəncləri birləşdirən mərkəz kimi də çıxış edir. 
Bu gün ölkənin müxtəlif media orqanlarında çalışan onlarla gənc mətbuatda ilk addımlarını məhz “Türküstan” qəzetində atmışdır. 
“Türküstan” qəzetini fəaliyyətə başlamasının 10 illiyi münasibəti ilə təbrik edir, nəşrin rəhbərliyinə və əməksevər kollektivinə ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq. 
Hörmətlə,
Əflatun Amaşov,
Azərbaycan Mətbuat Şurasının sədri,
Milli Məclisin deputatı

AzerTaym.az






Fikirlər