BDU-da Elmi Şura toplandı - müəllimlərə fəxri adlar verildi

 

Bakı Dövlət Universitetində Elmi Şuranın genişləndirilmiş iclası keçirilib.

AzerTaym.az  xəbər verir ki, tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov ölkədə təhsilə dövlət qayğısından, prezident İlham Əliyevin bu sahənin inkişafı istiqamətində imzaladığı fərman və sərəncamlardan bəhs edib.

Rektorun çıxışından sonra Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva 2015/2016-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasının və Yekun Dövlət Attestasiyasının nəticələri, yay tədris və istehsalat təcrübələrinin keçirilməsi haqqında məruzə edib, Quba Tədris-Təcrübə və İstirahət Mərkəzində təşkil edilən çöl təcrübələri haqqında ətraflı məlumat verib. Sonra məruzə ətrafında çıxışlar olub və prorektor İradə Əliyevanın məruzəsi yüksək qiymətləndirilib.

Elmi Şuranın iclasında BDU-nun Qazax filialının əsasnaməsini və strukturunun təsdiq edilməsi, müsabiqənin keçirilməsi və elmi adların verilməsi, imtahan sessiyasında iştirak edən əlaqələndiricilərə mükafatların verilməsi, tədris planlarının təsdiqi, o cümlədən yubilyarların təbrik edilməsi, həmçinin ilin nəticələrinə görə fərqlənənlərin mükafatlandırması kimi məsələlərə baxılıb.

Qeyd edək ki, ilin nəticələrinə görə Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Elşad Qurbanov və Rus dilçiliyi kafedrasının müdiri, professor Lalə  Quliyeva “İlin kafedra müdiri”, Genetika və təkamül təlimi kafedrasının professoru Məcnun Babayev və Arxeologiya və etnoqrafiya  kafedrasının professoru Tarix Dostiyev “İlin müəllimi” adlarına layiq görülüblər.

İclasda həmçinin Sosial elmlər və psixologiya fakültəsinin Elmi Şurası tərəfindən qaldırılan vəsatət əsasında Psixologiya kafedrasının professoru, Əməkdar elm xadimi, “Şöhrət” ordenli Əkbər Bayramova “BDU-nun Fəxri professoru” fəxri adının verilməsi barədə qərar qəbul olunub.






Fikirlər