Artıq 4 aydır ki, Azərbaycan Tibb Universitetinin (ATU) rektoru postu boşdur. Universitetin sabiq rektoru Əhliman Əmiraslanov ötən il noyabrın 1-də keçirilən parlament seçkilərində yenidən deputat mandatı əldə etdikdən sonra ATU-dakı postu ilə vidalaşmalı olub.
Qaynar.info-nun ATU-dakı qaynaqlardan əldə etdiyi məlumata görə, Əmiraslanov əslində rektor postunu tərcih edib, amma sonda onun millət vəkili seçilməsi və rektor vəzifəsi ilə vidalaşması daha məqbul sayılıb: “Hazırda ATU rektorunun səlahiyyətlərini tədris işləri üzrə prorektor, professor Sabir Əliyev icra edir. O, 2001-ci ilin fevral ayında patoloji fiziologiya kafedrasının müdiri vəzifəsinə seçilib, həmin ilin may ayında isə universitetin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub. Sabir Əliyev həm də 1992-ci ildən YAP-ın üzvü və universitetin YAP təskilatının sədridir”.
2010-cu ildə ölkə başçısının sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adı alan S.Əliyevin rektor vəzifəsinə təyin edilməsi az ehtimal olunandır. Universitet kulislərində dolaşan söz-söhbətlərə görə, ATU rektoru postuna təyinatın bu ilinin iyun ayınadək gerçəkləşməsi qeyri-realdır. “Böyük ehtimalla yeni rektorun kimliyinə yay aylarında aydınlıq gələcək və ATU yeni dərs ilinə yeni rektorla başlayacaq” deyə mənbələr bildiriblər.
Bunun konkret səbəbi bəlli deyil, amma adıçəkilən universitetdə artıq həmin posta bəzi namizədlərin adı hallanmaqdadır. Bunlardan biri ATU-nun elmi işlər üzrə prorektoru, tibb elmləri doktoru, professor, "Əməkdar elm xadimi", "Əməkdar həkim" İbrahim İsayevdir. “Başqa bir namizəd kimi isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimlinin adı hallanır. O, rektor postuna ən real namizəd hesab edilir” deyə Qaynar.info-ya daxil olan məlumatda deyilir.
Xatırladaq ki, Əhliman Əmiraslanov 65 saylı Saatlı-Sabirabad-Kürdəmir Seçki Dairəsindən millət vəkili mandatı əldə edib. Seçkidən iki ay əvvəl qəbul edilən qərara əsasən, Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürülmüş rektorlar deputat seçiləcəkləri təqdirdə, vəzifədən getməli idilər.
Seçkidən sonra isə həmin qərara əsasən Milli Məclisə seçilən Ə.Əmiraslanovla bərabər, Aqiyə Naxçıvanlı (Azərbaycan Müəllimlər İnstitutu), Səməd Seyidov (Azərbaycan Dillər Universiteti) və Ağacan Abiyev (Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyası) görəvlərindən ayrılıb. Hazırda Səməd Seyidovun yerinə təyinat gerçəkləşib, Müəllimlər İnstitutu isə ümumiyyətlə, ləğv ollunub.