Dövlət Komitəsinin sabiq Aparat rəhbəri “İNTERPOL”a verildi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq aparat rəhbəri Səfər İmanov “İnterpol” xəttilə beynəlxalq axtarışa verilib. Bu barədə “Report”a vəkil Kamandar Nəsibov bildirib. Qeyd edək ki, AQUPDK-nun sabiq aparat rəhbəri S.İmanovun vətəndaş E.Kərimovu işə düzəltmək adı ilə ondan külli miqdarda pul alaraq aldatması ilə əlaqədar həmin komitədən daxil olmuş müraciət Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Vəkil deyib ki, hüquqlarını müdafiə etdiyi Eynur Kərimovu işə düzəltmək adı ilə ondan külli miqdarda pul alaraq aldatması ilə əlaqədar sabiq aparat rəhbəri ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün “İnterpol”a müraciət edilib.
Araşdırma zamanı qeyd olunan komitənin sabiq aparat rəhbəri S.İmanovun 2012-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaş E.Kərimovu məsul vəzifəyə təyin etdirəcəyi vədi ilə aldadaraq 170 min ABŞ dolları məbləğində pulunu ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan, fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.