Düzdür, Ayna Sultanova SATQIN olub... - Amma bu halda da parka münasibət dəyişməlidir

Düzdür, Ayna Sultanova satqın olub...

Bakının Atatürk prospektində yerləşən Ayna Sultanova parkının əsaslı təmirlə əlaqədar bağlanmasından təxminən 2 il ötür.

Ötən müddət ərzində parkın hasara alınmasından savayı heç bir iş görülməyib. Parkdakı yaşıllıqlar isə baxımsızlıq üzündən tamamilə məhv olmaq üzrədir. Buradakı nadir ağac növlərini qurumaq təhlükəsi gözləyir. Parkdakı vəziyyətin düzələcəyi ilə bağlı ümidlərin isə boşa getməsi göz qabağındadır. Qeyd edək ki, layihəyə əsasən Ayna Sultanovanın heykəlinin götürüləcəyi gözlənilirdi. Lakin, Binəqədi rayon icra aparatının rəsmi saytında yerləşdirilmiş məlumatda bu xəbər təkzib edilidi. Bildirilirdi ki, rayonun giriş hissələrindən biri sayılan Atatürk prospektində yerləşən Ayna Sultanova parkında istifadəyə verildiyi müddətdən indiyə kimi heç-bir bərpa işləri aparılmadığından burada ən müasir standartlara uyğun olaraq yenidənqurma işləri görüləcək.Parkda sakinlərin istirahəti üçün oturacaqların, uşaqlar üçün əyləncə qurğularının, yaşıllıq zolaqlarının salınması və gül kollarının əkilməsi, həmçinin müasir işıqlandırma sisteminin qurulması nəzərdə tutulmuşdu. Bütün görülən işlər memarlığın yeni elementləri tətbiq edilməklə həyata keçiriləcəkdi. Eyni zamanda sakinlərin nəzərinə çatdırılmışdı ki, parkın planlaşdırılan təmiri zamanı Ayna Sultanovanın heykəlinin götürülməsi nəzərdə tutulmayıb. Beləliklə, parkın abadlaşdırılması məsələsi bu günədək həllini tapmadı. İşlərin düyünə düşməsinin səbəbləri isə hələ ki, açıqlanmır. Qeyd edək ki, heykəl 1986-cı ilin aprel ayında Vladimir Leninin anadan olmasının 116-cı ildönümü münasibətilə hazırlanıb. Müəllifi heykəltaraş Münəvvər Rzayevadır. Ayna Sultanova bolşevik inqilabçı qadınlardan biri kimi dövrünün tanınmış xadimlərindən olub. Məlumat üçün bildirək ki, Ayna Sultanova represiyyaya məruz qalaraq xidmət etdiyi hakimiyyət tərəfindən aradan götürülüb. Onu da əlavə edək ki, parkda yenidənqurma işlərinin “Elta Construction” şirkəti tərəfindən aparıldığı deyilir. Maraqlıdır ki, Ayna Sultanova parkında işlərin hələ "Bakı-2015" Avropa Oyunlarına hazırlıq çərçivəsində vaxtında və keyfiyyətlə görülməsi üçün Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən nəzarət tədbirlərinin həyata keçirildiyi qeyd edilirdi. Vəziyyətin bu günədək dəyişməməsi bir sıra şayiələrə də yol açır. Son məlumatlara görə, Ayna Sultanova parkında işləri bilərəkdən yubadırlar ki, buradakı qiymətli yaşıllıqları məhv olsun. Əsas məqsəd ərazidə yeni göydələnlərin tikintisini problemsiz reallaşdırmaqdır. Bu barədə dəqiq məlumat əldə etmək cəhdlərimiz isə baş tutmadı. Təmir işlərini yerinə yetirməli olan “Elta Construction” şirkəti ilə də əlaqə yaratmaq cəhdlərimiz boşa çıxdı.

Məsələni diqqətdə saxlayacağıq. 






Fikirlər