Azərbaycanda hər gün insanlar nəzir qutularına pul atır, dualar edir və arzularının reallaşacağına inanır. Bəs nəzir pulları hara gedir?
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa deyir ki, nəzir pullarının hara getməsi ilə bağlı qanunvericilikdə nələrin öz əksini tapdığını bilmir.
Deputatın fikrincə, kimsə yaxşılıq etmək, sədəqə vermək istəyirsə bunun yolları var. Fazil Mustafa nəzir qutularının gəlir mənbəyinə çevrilməsinə də diqqət çəkib:
“Avropada məscidə yardım üçün vəsait yığılır. O vəsait sənədləşdirilir, aktlaşırılır. İşin icraçısı deyir ki, bu qədər vəsait yığılıb. Məsələn, məscidin pəncərəsini təmir edəcəyik. Azərbaycanda isə nəzir qutuları gəlir yerinə çevrilib. Bu da ondan qaynaqlanır ki, insanların axmaqlığından istifadə edərək bunu edirlər.Ağıllı adam gedib nəzir qutusuna pul salmır ki! Yaxud da Bibiheybət məscidinin yanından keçəndə də, qayıdanda da pul salır ki, “qayıtdım” və “gəldim”. Elə bil sövdələşməyə girib ki, bunun sağ-salamat qayıtması nəzir qutusundan asılıdır. Bu, axmaqlıqdır. Avropa cəmiyyətində belə nadanlığı görə bilərsinizmi?! Düşünürəm ki, bu, insanların özü ilə bağlı məsələdir”.
Komitə üzvü nəzir qutularının məscidlərdən yığışdırılması məsələsinə də aydınlıq gətirərək deyib ki, bu cür halları əsrlərlə dəyişmək mümkün olmayıb.
Fikir verin. Çimərliklərin əksəriyyətində zibil qabları qoyulub. Üzərində də yazılıb ki, zibili yerə atmayın! Bu ağıllı insanlar üçün nəzərdə tutulub. Amma 5 dənə anormal adam qarpızı yeyib qabığını özü istədiyi yerə atır. Demək, onsuz da Azərbaycanda qarpızı yeyib qabığını yerə atanların sayı, zibil qutusuna atanların sayından qat-qat çoxdur. Belə bir vəziyyətdə qanunla müəyyən məsələlərin həlli də çətinləşir. Gəlin görək, bu ziyarətgah deyilən bir şeydə insanlar nə umurlar, nə axtarırlar?! Ziyarətgahlar mədəniyyət abidəsidir. Daşı necə tikilib?! Hündürlüyü, arxitekturası nədir? Bunlar insanlara aşılanmalıdır.
Yoxsa, orda hansısa ruh yatır, gedib başımı onun daşına qoyum, görüm, başıma nə gələcək. Bunlar İslamın nadanlıq vasitəsinə çevrilməsinə, doğru anlaşılmamasına gətirib çıxarır.
Bunlar Azərbaycan cəmiyyətindəki reallıqlardır. Bunları əsrlərlə dəyişmək mümkün olmayıb. Ancaq ağıllı adamlara üz tutub söyləmək lazımdır ki, ziyarətgahlar boş şeydir. Bunlar ancaq mədəniyyət abidəsi kimi dəyərə sahibdir. (modern.az)
Fikirlər