Azərbaycanın böyük alimi Kamil VƏLİ Nərimanoğlunun 70 yaşı tamam oldu

Azərbaycanın böyük alimi Kamil Vəli Nərimanoğlunun 70 yaşı tamam oldu

Bu gün Azərbaycanın görkəmli alimi, tanınmış filoloq Kamil Vəli Nərimanoğlunun 70 yaşı tamam olur. 

 

Kamil Vəli Nərimanoğlu 18 avqust 1946-cı ildə Cəbrayıl rayonunda anadan olub.
1965-ci ildə orta təhsilini başa çatdırıb.1970-ci ildə ADU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib və həmin il universitetdə müəllimliyə başlayıb. 1988-ci ildə professorluq dərəcəsi alıb, 1988-1999-cu illər arasında universitetdə Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik edib, Böyük Elmi Şuranın üzvü olub.
1990-cı ildə Konya Səlcuq Universitetinin fəxri doktoru adına layiq görülüb. 1991-1992-ci illərdə İzmir Universitetində, 1999-2000-ci ildə Şimali Kiprin Doğu Ağdəniz Universitetində dərs deyib. 
Kamil Vəli Türkiyənin nüfuzlu elmi təşkilatlarından Türk Dil Qurumunun, Atatürk Kültür Mərkəzinin və Türk Folklor Qurumunun fəxri üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin məclis, Ali Attestasiya Komissiyasının ekspertlər şurasının üzvü olub. 30-dan çox kitabın, 500-dən çox məqalənin müəllifidir. Dünyanın 20-dən artıq ölkəsində elmi konfranslarda çıxış edib.
Kamil Vəli Nərimanoğlu 1993-cü ildə prezident Əbülfəz Elçibəyin fərmanı ilə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsinə təyin olunub.
Kamil müəllim 1998-ci ildə elmi araşdırmalarına və Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin inkişafına görə Türkiyə Respublikası prezidentinin fərmanı ilə Türkiyə Cümhuriyyəti "Şərəf və Ləyaqət nişanı" ilə təltif edilib. 
2002-ci ildə isə o,  Türkiyə Nazirlər Kabineti yanında Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin, Türk Dil Qurumunun mükafatlarına layiq görülüb. 
Professor Kamil Vəli Nərimanoğlu 2004-cü ildə Bilkənd Universiteti və Türk Mədəniyyətinə Xidmət Vəqfi tərəfindən dünyaca məşhur dörd elm və mədəniyyət xadimi ilə birgə mükafatlandırılıb. Həmin il o,  Qırğızıstanda Çingiz Aytmatov Akademiyasının fəxri üzvü seçilib.
Kamil müəllim 2006-cı ilin dekabrında Türk Dil Qurumunun, Konya Səlcuq Universitetinin, Karaman Bələdiyyəsinin, Hüseyn Qazi Vakfının və Başbakanlıq yanında “Avraziya Mərkəzi”nin mükafatlarına layiq görülüb.
Hazırda hörmətli professor Türkiyənin Aydın universitetində dərs deyir.
“Yeni Müsavat” qəzeti ailəsi olaraq ən xoş diləklərimizlə görkəmli alimimizə söylənilən təbriklərə qoşulduğumuzu bildirir və ona can sağlığı arzulayırıq!
Ad gününüz mübarək Kamil müəllim!

 






Fikirlər