Hərbi Dəniz Qüvvələrində təlimlər başlayıb (FOTO)
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə və təsdiq edilmiş döyüş hazırlığı planına əsasən, avqustun 22-də Hərbi Dəniz Qüvvələrində komanda-qərargah təlimləri başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin hərbi gəmilərin daimi bazalanma məntəqəsində olub, gəmilərin və şəxsi heyətin döyüşə hazırlıq səviyyəsini yoxlayıb. Komanda məntəqəsinə gələn müdafiə nazirinə təlimlərdə iştirak edən gəmilərin ümumi hazırlığı, Xəzər dənizinin Azərbaycana mənsub hissəsində əməliyyat şəraiti və Hərbi Dəniz Qüvvələrinin idarə olunması barədə operativ məlumat verilib. Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, eləcə də Raket və Artilleriya Qoşunlarının qüvvə və vasitələrinin cəlb olunması ilə keçirilən təlimlərin əsas məqsədi Xəzər dənizinin əməliyyat zonasında enerji infrastrukturunun mühafizəsi üzrə birgə fəaliyyətlərin planlaşdırılmasından ibarətdir. Bir neçə mərhələdə icra olunacaq təlimlər avqustun 25-də sona çatacaq.