“Cəzalandırmaq lazımdır” - İdmançılarımızın olimpiya nəticələri haqda RƏYLƏR

Xəbər verdiyimiz kimi, Rio Yay Olimpiya Oyunları artıq başa çatıb. 
Ölkəmizi təmsil edən 56 idmançıdan son yarış günündə çıxış edən 4 idmançının 3-ü fəxri kürsüyə qalxıb. Ümumilikdə isə Azərbaycan təmsilçilərindən 18-i medal qazanıb.
Güləşçilərdən Rəsul Çunayev (bürünc), Sabah Şəriəti (bürünc), Mariya Stadnik (gümüş), Nataliya Sinişin (bürünc), Toğrul Əsgərov (gümüş), Xetaq Qazyumov (gümüş), Hacı Əliyev (bürünc), Cəbrayıl Həsənov (bürünc), Şərif Şərifov (bürünc), cüdodan Elmar Qasımov (gümüş), Rüstəm Orucov (gümüş), boksdan Lorenso Sotomayor (gümüş), Kamran Şahsuvarlı (bürünc), taekvondodan Radik İsayev (qızıl), Milad Beigi Harçeqani (bürünc), Patimat Abakarova (bürünc), kanoedən Valentin Demyanenko (gümüş), kayakdan İnna Osipenko Radomskaya (bürünc) kimi idmançılar medallar qazanıblar. 
İdmançılarımızın göstərdiyi nəticələrlə bağlı millət vəkilləri AzNews.az-a danışıb.
Deputat Fazil Mustafa olimpiyaçılarımızın gözlənildiyindən də uğurlu çıxış etdiklərini deyib:


“Yarışlarda şanssızlıqlar da olur. Amma Azərbaycan kifayət qədər uğurla çıxış etdi. Gözlədiyimdən də uğurlu oldu. 18 medal, 7-si də gümüş – istənilən vaxt qızıla çevrilə bilərdi. İdmançıların müəyyən təcrübəsizliyi, bəzi idmançıların – xüsusilə kubalı idmançının loğvalığı medalı “qızıl”a çevirməyə mane oldu. Amma nəticə ümumilikdə məni qane etdi. 56 nəfərdən 18-i medal qazanıbsa çox böyük bir nəticədir”. 
F. Mustafa hesab edir ki, milli komandalarda legionerlərin sayının azaldılması daha yaxşı olar:“Qazaxıstanı təmsil edən Azərbaycan idmançısının qızıl medal alması bizə bir dərs oldu. Ayrı-ayrı şəxslərin korporotiv maraqları ucbatından uşaqları itirməməliyik. O şəxsləri tapıb idmana bu qədər zərbə vurduqları üçün cəzalandırmaq lazımdır. Düşünürəm ki, bunlar müsbət şəkildə həll olunmalıdır ki, gələcəkdə belə səhvlərimiz olmasın və daha böyük uğurlar qazanaq”. 

Millət vəkili Aydın Mirzəzadə isə hər bir idmançımızın uğuruna sevindiyini dilə gətirib:


“Rio-de-Janeyro Yay olimpiadasını Azərbaycan böyük uğurla başa vurdu. İlk dəfə olaraq Azərbaycan 18 medala sahib oldu. Gedən hər 3 idmançımızdan biri yüksək kürsüyə çıxdı. Medal sayına görə 207 ölkə arasında 15-ci yerdəyik.
Hətta Türkiyə, İsrail, Portuqaliya, Finlandiya, İsveç kimi idman nəhəngləri öz imkanlarından qat-qat aşağı nəticə göstərdilər. İlk dəfə olaraq Azərbaycan 5 idman növündə medal qazandı. Hansı ki, ötən olimpiadada o medalları cəmi 3 idman növündə qazanmışdıq. Bütün bunların heç biri təsadüfi deyil. Bunları Azərbaycanda dövlətin - şəxsən cənab prezidentimiz tərəfindən idmanın olimpiya hərəkatının inkişafına böyük diqqəti nəticəsində əldə etmək mümkün oldu. Azərbaycan bu gün İdman ölkəsinə, olimpiya ölkəsinə çevrilib. Azərbaycan bu gün sağlam nəslin yetişdiyi bir ölkədir. Gələcəyini idmanla, sağlam həyat tərzi ilə bağlamaq istəyən sağlam gənc nəsil ölkəsidir.
Bölgələrdə, əyalətlərdə tikilən olimpiya kompleksləri, çoxsaylı idman dərnəkləri, üzgüçülük hovuzları, idmana böyük həvəs yaradır. Mənim şübhəm yoxdur ki, hər olimpiadadan olimpiadaya Azərbaycan böyük uğurlar qazanacaq. Azərbaycanın idmanına verilən böyük diqqət öz nəticəsini verəcək. 
Artıq Azərbaycan idmançıları başqa ölkələrin idman şərəfini qoruyurlar. Bir vaxtlar Azərbaycan bu və digər idman növünə legioner cəlb edirdisə, 2 azərbaycanlımız başqa ölkə bayrağı altında olimpiadada medal qazandı. Hesab edirəm ki, görülən işlər öz nəticəsini verib. Rio-de-Janeyrodakı hər bir uğrumuz bizi sevindirdi. 18 medaldan başqa, təqribən 10 nəfərə qədər idmançımız sadəcə bəxti gətirmədiyinə görə medal ala bilmədi. Buna baxmayaraq hər bir idmançımızın uğruna sevinirik. Onun gələcəkdə daha böyük uğurlar gətirəcəyinə inanırıq”.
Millət vəkili Adil Əliyev isə düşünür ki, ümumi nəticə gözləniləndən də artıqdır:


“Rio 2016-da, Azərbaycan adına medal qazanan, bütün idmançılarımızı təbrik edirəm. Cəmi bir qızıl medal olmasına baxmayaraq, ümumi nəticəmiz gözlədiyimdən də artıq oldu. Başda MOK-nun prezidenti olmaqla, bütün zəhməti keçənlərin hamısını təbrik edirəm. Yaxın günlərdə start götürəcək yarışlarda paralimpiyaçılarımıza uğurlar arzu edirəm və onlardan da, gözəl nəticələr gözləyirəm”.






Fikirlər