“Nazirlər Kabinetinin buraxılması o qədər də asan deyil…” – DEPUTAT
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli mətbuata açıqlamasında referenmdumla Konstitusiyaya ediləcək dəyişikliklər fonunda Nazirlər Kabinetinin fəaliyyətini tənqid edib. “Mövcud durumda Nazirlər Kabinetinin çevik reaksiya vermək üçün həm mexanizmləri, həm də vərdişləri mövcud deyil. Bu dövrdə Nazirlər Kabinetinin islahatların önündə getməsini də müşahidə etməmişik. İqtisadiyyat və digər vacib sahələrdə bütün təşəbbüslər prezidentdən gəlir, həmin qərarların icrasının Prezident Administrasiyası vasitəsi ilə həyata keçirildiyini müşahidə edirik. Bu baxımdan Konstitusiyaya edilən əlavə və dəyişikliklər nəticəsində vitse-prezidentlər institutunun yaradılması Azərbaycan dövlətçiliyi baxımından çox əhəmiyyətli bir addımdır, çevik bir mexanizmdir. Belə demək mümkündürsə, xüsusən hazırda prioritet olan iqtisadi sahədə ölkə prezidentinin qərarlarının dürüst, dəqiq, çevik mexanizmdir”,-deyə o bildirib. Musa Quliyevin fikrincə, bununla belə, referendumun məqsədi heç də birbaşa Nazirlər Kabinetinin fəaliyyəti ilə bağlı deyil. Deputat bildirib ki, vitse-prezidentlik institutunun yaradılması ilə Nazirlər Kabinetinin buraxılmasını söyləmək o qədər də asan deyil. Qeyd edək ki, sentyabrın 26-da Konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcək.
Deputat Musa Quliyev Modern.az-a açıqlamasında deyib ki, Əli Hüseynlinin fikirlərini dəstəkləyir.
“Əli Hüseynlinin “Nazirlər Kabineti islahatların önündə getmir” fikri ilə razıyam. Nazirlər Kabineti islahatların önündə gedə də bilməzdi. Çünki Azərbaycanda prezident üsul idarəçiliyidir. Əsas islahat və yeniliklərin müəllifi cənab prezidentdir. Nazirlər Kabineti isə icraedici orqandır. Müəyyən sahələrdə öz fəaliyyətini lazımi səviyyədə həyata keçirməyib”.
“Konstitusiyaya bir sıra dəyişiklik təklif olunur. Bu dəyişikliklər Azərbaycanın öz inkişafının yeni mərhələyə qədəm qoyacağından xəbər verir. Qeyri-neft sektorunun ölkədə aparıcı bir sahəyə keçməsi bir sıra islahatları qaçılmaz edir. Buna görə də idarəetmənin optimallaşdırılması, idarəetmədə ardıcıllığın həyata keçirilməsi, verilən qərar, sərəncamların vaxtında, düzgün icrası və s. məsələlər yeni institutların olmasına zərurət yaradır”.
“Ola bilər ki, Nazirlər Kabineti də qalsın, vitse-prezidentlik institutu da olsun. Bu da ola bilər ki, biri olsun, digəri yox. Bunu gələcək göstərəcək. Amma baş nazir varsa, onun kabineti də qalmalıdır. Görüləcək işləri daha da sürətləndirmək, optimallaşdırmaq, icra strukturları ilə prezident arasında əlaqələrin daha da yaxşı uzlaşdırılması üçün vitse-prezidentlik institutunun yaradılması zəruridir. Heç də düşünmürəm ki, biri o birini inkar edəcək. Biz hansı islahatların aparılacağını referendumdan sonra görəcəyik. İndidən versiyaların səsləndirilməsini hər kəsin öz subyektiv fikri kimi qiymətləndirirəm”.