“FHN polkovniki”nin dələduzluğu – 8 MİNƏ işə düzəldirdi
Özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edərək, onlarla vətəndaşdan işə düzəltmək adı ilə külli miqdarda pul alan şəxsin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində dəmir barmaqlıqlar arxasında oturan Əlövsət Məhərrəmovdan şikayətçi olan, zərərçəkmiş kimi tanınan şəxslər ifadə veriblər. Onlar Ə.Məhərrəmova işə düzəlmək adı ilə 8-12 min manat arasında pul verdiklərini söyləyiblər. Əvvəlcə onu bildirək ki, 2015-ci ilin fevral ayında həbs edilən Əlövsət Məhərrəmov özünü FHN polkovniki kimi təqdim etsə də o, əslində “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının rəisi vəzifəsində çalışıb. Onun həbsindən sonra “Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyinin göstərişi ilə adı çəkilən qərargah ləğv edilib. Zərərçəkmiş kimi tanınanlardan biri Arifə İsayeva ifadəsində oğlu Anar Məmmədovu işə düzəltmək üçün Ə.Məhərrəmova 8 min manat verdiyini deyib. Özü həkim olan A.İsayeva təqsirləndirilən Ə.Məhərrəmovu tanışı Şiraslan vasitəsi ilə tanıdığını və pulu da onun vasitəsi ilə verdiyini bildirib. Təqsirləndirilən şəxs A.Məmmədovu FHN-ə işə düzəldəcəkmiş: “Əlövsət müəllimi tanıyırdım. Başqalarından da bu barədə eşitmişdim. Oğlumu işə düzəltmək istəyirdim. Belə olacağını ağlımıza belə gətirməzdik. Pulumuz da batıb getdi”- deyə, A.isayeva ifadəsində söyləyib. Məhkəmədə zərərçəkmiş kimi ifadə verən Anar Məmmədov anasının dediklərini təsdiqləyib və deyib ki, Ə.Məhərrəmov onu FHN-ə işə düzəldəcəkmiş və bunun üçün də Ukraynada kurs keçməli olduğunu söyləyib: “Əvvəl deyilirdi ki, Ukraynada 2-3 aylıq kurs keçməlisən. Sonra Əlövsət Məhərrəmov dedi ki, kursda iştirak etmək elə də vacib deyil. Əsas odur ki, ölkədən giriş-çıxış olsun. Qalanını da özü həll edəcəkdi. Lazım olan mənim Ukraynaya getdiyimi göstərmək idi. Mən Ukraynaya getdim. Bir yataqxanada 2-3 gün qaldıqdan sonra geri qayıtdım. Həmin xərcləri də özümüz çəkdik”, – deyə zərərçəkmiş ifadəsində bildirib. Z.Niftiyev qeyd edib ki, şəriki ilə birlikdə Ə.Məhərrəmova 18 min manat pul veriblər. Ə.Məhərrəmov onlara Puşkin küçəsində olan obyekti alacağını, sənədlə bağlı problemlərini həll edəcəyi vədini verib. Ancaq sonradan obyektdə əldən çıxıb, pul da:“Hərəmiz 9 min manat verdik. Fikrimiz obyekt almaq idi. Aylar keçdi ancaq bizi yola verirdi. Hər dəfə müxtəlif bəhanələrlə vaxtı uzadırdı. Sonu da belə oldu”. FHN-ə yanğınsöndürən düzəlmək üçün Ə.Məhərrəmova pul verənlərdən biri də Fəxrəddin İsayev olub. O, İfadəsində bildirib ki, Bakıda FHN-ə işə düzəlmək üçün 12 min 500 manatı Ə.Məhərrəmovun şəxsən özünə verib. Lakin aylar keçsə də nə işə düzəlib, nə də pulunu geri ala bilib. Zərərçəkmiş kimi tanınanlardan Anar Məmmədov 7 min manat, Pərviz Əliyev 8 min manatı işə düzəlmək üçün Əlövsət Məhərrəmova veriblər. Şahidlərin ifadəsindən məlum olub ki, Ə.Məhərrəmov pul aldığı şəxslərin əksəriyyətini FHN-ə işə düzəldəcəyini deyib. Bunun üçün həmin şəxslərin Ukraynada kurs keçməsinin lazım olduğunu deyən Ə.Məhərrəmov onların bəzilərini Ukraynaya da göndərib. Lakin Ukrayna səfəri Ə.Məhərrəmovun dediyi kimi, 2-3 aylıq yox, 2-3 günlük olub. Vəd edildiyi kimi, kurs keçirilmədiyini görən vətəndaşlar bunun səbəbini Ə.Məhərrəmovdan soruşublar: “Bütün işləri həll edəcəm. Əsas olan Ukraynaya giriş-çıxışın olmasıdır”, deyən Ə.Məhərrəmov pul aldığı şəxsləri inandıra bilib. Onun vətəndaşları aldatması halları isə 2014-cü ilin sonlarında edilən çoxsaylı şikayətlərdən sonra məlum olub. Ə.Məhərrəmov ötən ilin fevralında həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Nəsimi Rayon Məhkəməsində Ə. Məhərrəmov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Digər zərərçəkmiş Zaur Niftiyev də məhkəmədə ifadə verib. O, Ə.Məhərrəmova pul verdiklərini bildirib. Lakin onların məqsədləri işə düzəlmək olmayıb.
Məhkəmədə ifadə verən zərərçəkmişlərin dediklərinə cavab olaraq təqsirləndirilən Ə.Məhərrəmov onlardan pul aldığını etiraf etməklə kifayətlənib.
Bu iş üzrə zərərçəkmişlərin sayının 50-dən çox olduğu bildirilir.