Bakı Ağır Cinayətlər Məhkəməsi Rəşad Məmmədovun barəsində yüngül cəza verdi
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov, onunla birlikdə tutulan İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid qismində Maliyyə Nazirliyinin sektor müdiri Ağasəf Ağayev ifadə verib. O bildirib ki, baş nazirin müavininin göstərişi əsasında Bayraq Meydanı Kompleksi İdarəsində yoxlama aparıblar. Yoxlama zamanı bəzi şəxslərin adının tabeldə olduğu halda heç birinin imzalanmadığını deyib: “Bəzilərinin adları yox idi, amma orada işləyirdilər. Biz də yoxladıq və akt tərtib etdik”.
R.Məmmədov ötən proseslərdə olduğu kimi bu dəfə də yoxlamanın qərəzli aparıldığını bildirib.
Sübutların tədqiqi mərhələsi və məhkəmə istintaqı başa çatıb.
Dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərə cəza istəyib. Hər üç təqsirləndirilən şəxsin 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalından azadlığa buraxılmasını istəyib.
Təqsirləndirilən şəxslərin vəkilləri müvəkillərinin azadlığa buraxılması ilə bağlı vəsatət qaldırıblar.
Məhkəmə kollegiyası hökm çıxarmaq üçün müşavirə otağına yollanıb.
Fasilədən sonra davam edən məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Rəşad Məmmədov və İsfəndiyar İsfəndiyarov1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum olunublar. Onlar məhkəmə zalından azadlığa buraxılıblar, Arzu Məmmədov barəsində ev dustaqlığı qətimkan tədbiri isə ləğv edilib.
Xatırladaq ki, sonuncu prosesdə dövlət ittihamçısı Rəşad Məmmədovun azadlığa buraxılması ilə bağlı qaldırılan vəsatətə etiraz etmişdi. Zərərçəkmiş kimi tanınan şəxslər isə onlara dəymiş zərərin ödənildiyini deyərək təqsirləndirilən şəxslərin azadlığa buraxılmasını istəmişdilər.
Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi R.Məmmədov, İ.İsfəndiyarov və A.Məmmədov ötən ilin may ayında həbs ediliblər.
Onların barəsində Səbayel Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Həbs edilənlərdən A.Məmmədov bu il mart ayının 4-də Səbayel Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il ittiham olunurlar. R.Məmmədov 6 milyon manatlıq korrupsiya əməlində suçlanırdı.