Anar Rüstəm Behrudinin istefasından danışdı - “TƏBRİK EDƏCƏYİK…”
“Rüstəm Behrudi tələskənlik edib”.Bu sözləri musavat.com-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar şair Rüstəm Behrudinin sözügedən qurumdan istefa bəyanatına münasibət bildirərkən deyib. AYB sədrinin sözlərinə görə, tələsməyə ehtiyac yox idi: “Təbrik də olacaq, tədbir də. Sadəcə indi Yazıçılar Birliyinin binası təmirdədir. Üstəgəl, qurumda böyük əksəriyyət məzuniyyətdədir. Təmir bitib, hamı məzuniyyətdən qayıdandan sonra onun ad gününü təbii ki, qeyd edərik”. Anar R.Behrudini istedadlı şair adlandırıb və deyib ki, o, olduqca tələsik qərar verib. “Bəlkə reklam, piar üçündür” deyə versiya yürüdən AYB sədri daha sonra aşağıdakıları vurğylayıb: “Amma belə piar əsl şairə yaraşmaz. Rüstəm isə əsl şairdir”. Musavat.com xatırladır ki, R.Behrudi Azərbaycan Yazıçılar Birliyindən istefa verməsini facebook hesabında paylaşdığı statusda bildirib. Şairin bu qərarının səbəbi çox maraqlıdır. Sən demə, illərdir ki, R.Behrudi ad günlərində AYB-dən bir quruca təbrik də almayıbmış. Onun statusunu təkrar dərc edirik: “Mən az qala 30 ilə yaxındir ki, əvvəllər SSRİ Yazıçılar İttifaqının, sonradan Azərbaycan Yazıçılar Birliyinin üzvü oldum. Və bir Tanrı şahiddir ki, o təşkilatdan heç bir umaçağım olmadı. Ancaq indi baxıb görürəm ki, bu uzun illər ərzində ədəbiyyat tüccarlarına doğum günlərində mədhiyyə oxuyan YB-nin ədəbi orqanları bircə dəfə də olsun doğum günlərində adımı çəkməyib. Niyə? Görəsən şerləri türk dünyasında dillər əzbəri olan bir şairə bu cür münasibət hardan qaynaqlanır? Bir quruca təbrikə nə deyirsiniz, əfəndilər? YB üzv olmaq məsuliyyətindən özümü bu gündən qurtarmış hesab eləyirəm. Hamıya sevği və sayğılarımla! Şair musavat.com-a bildirib ki, indiyədək nə “Ədəbiyyat” qəzeti, nə “Ulduz” jurnalı onu doğum günündə yada salmayıb. “Məni saya salmayan bir qurumda niyə qalmalıyam?!”- deyən şair bu addımının həm də AYB rəhbərliyinə etiraz olduğunu söyləyib. Bundan başqa, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq şairi Fikrət Qoca da Rüstəm Behrudinin istefasına münasibət bildirib. F.Qoca AzNews.az-a onun istefasından xəbərsiz olduğunu bildirib: “Neyləyək? Ayrılır ayrılsın da… Yazıçılar Birliyi bir cəmiyyətdir. Gələn gəlir, gedən də gedir. Gedəni saxlamaq olmaz. Rüstəm Behrudi çox istedadlıdır, biz ondan razıyıq. O, ittifaqa ömrü boyu 3 dəfə gəlib, gedib qapısını kəsdirməliyik? Bəlkə Anar gedib soruşmalıdır ki, nə lazımdır? Gəldiyi kimi də gedir”. F.Qoca R.Behrudiyə uğurlar arzulayıb: “İşi uğurlu olsun. Bəlkə başqa qurum tapıb gedib ora üzv olacaq!?”
Rüstəm Behrudi.”