İkinci qrup Qarabağ qazisi Xocalı sakini İsmayılov Məmməd Sair oğlu Moderator.az –a müraciət edərək səhhətinin pisləşdiyini bildirib.
Bununla bağlı Moderator.az – ın əməkdaşı qazinin yaşadığı Binəqədi rayon 2 saylı ev tikmə kombinatının istirahət bazasındakı ünvana yollanıb. Adı çəkilən ünvanda ümumiyyətlə Xocalıdan qaçqın düşmüş sakinlər yaşayır. Əməkdaşımız qazinin evində olaraq onun səhhəti ilə maraqlanıb. İndi ölüm ayağında olan qazi 1956 – cı ildə Xankəndində anadan olub. Məmməd İsmayılov səhhətindəki problemlərin müharibədən sonra yarandığını bildirib:
“1989 – cu ildə 1996 – cı ilə qədər ermənilərə qarşı döyüşlərdə iştirak etmişəm. O vaxtı mən Xocalı özünü müdafiə batalyonunda döyüşürdüm. Onda bədənim çox zəyiflədi. Xocalı hadisəsi zamanı mən bir döyüşçü kimi bir neçə sakini də ölümdən xilas edərək həyata qaytardım. Həmin şəxslər indi burda mənim qonşularımdı. 2001 – ci ildən səhhətimdə problemlər yarandı. Bu günə kimi on üç dəfə əməliyyat olunmuşam. Bunlardan ikisini İranda, qalan əməliyyatlarım isə Bakıda olub. Böyrəklərimdə dörd santlıq daş var. Sidik kisəm balacalaşıb. Böyrəklərimdən gələn sidik yolları tutulub. Bədənimə “kater” qoyublar və neçə vaxtı onunla sidiyə çıxıram.
Bizim həkimlər mənim əməliyyatıma zəmanət vermirlər. Mənə bildirdilər ki, İsraildə, Ukraynada və Türkiyədə əməliyyat oluna bilərəm. Bunun üçün isə maddi imkanım yoxdu. On üç əməliyyat keçirmişəm və hamısı da öz şəxsi vəsaitim hesabına olub. İndi artıq satası heç nəyim yoxdu. Sizin vasitənizlə Müdafiə Nazirliyindən və Səhiyyə Nazirliyindən kömək istəyirəm. Xahiş edirəm mənim həyatda qalmam üçün öz köməklərini əsirgəməsinlər”.
Biz də qazinin problemini diqqətdə saxlayırıq. Ümidvarıq ki, canını vətən uğrunda fəda etmiş şəsxin həyata qaytarılması üçün müvafiq qurumlar öz köməyini əsirgəməyəcəklər.
Tel: 055 – 799 – 66 – 06