Azərbaycanlı siyasətçilər psixoloqa gedirlər: “80 yaşı var, deyir ki, prezident özüm olmalıyam”
Azərbaycanda hələ də, psixoloqla psixiatrı səhv salırlar. Hər ikisinə müraciət etdinsə, deməli, “dəlisən”. Əslində, heç də belə deyil. Gərginlik, ümumi yorğunluq, işə köklənə bilməmək, ailə ilə münasibətdə gərgin aura formalaşdırmaq bir insan üçün mənəvi yükə çevrilibsə, deməli, psixoloji söhbətə ehtiyac var. Üstəlik, məsələnin, həll edilməsi mümkün olmayan mərhələsində ictimai-siyasi xadim olmaq dayanırsa, işlər çətinləşir. Siyasətçi də evinin bir küncünə çəkiləndə adi insandır! Bəs azərbaycanlı siyasətçilərin psixoloqa ehtiyacı varmı? Psixoloq Dəyanət Rzayev Modern.az-a açıqlamasında mövzuya aydınlıq gətirib. “Siyasi psixologiya anlayışı var. Sırf siyasətçilərə aiddir. Bir də görürsüz ki, bəzi siyasətçilər siyasi fəaliyyətlərində qərarsız olduqlarını deyirlər. Biz situasiyanı yoxlayırıq və problemi həll edirik. Psixoloqa müraciət etmək, təkcə ailə ilə bağlı deyil, siyasətçinin siyasi fəaliyyəti ilə də bağlı ola bilər. Elə olur ki, ailədə problem yaşayırlar, bu da siyasi fəaliyyətə siraət edir”. Onun sözlərinə görə, Azərbaycanda bir çox siyasətçilər ona müraciət edir. “Azərbaycanda bir çox siyasətçilər var ki, psixoloq olaraq, mənə müraciət edirlər. Bir çox siyasətçilər isə Azərbaycanda psixoloq yanına getmirlər. Çünki məxfiliyin pozulmasından qorxurlar. Ona görə də siyasətçilərin çoxu həftədə iki dəfə rusiyalı psixoloq Simonovun yanına gedir”. Psixoloq, bir çox siyasətçilərin özlərindən razı olduqlarına diqqət çəkərək deyib ki, xaricdə ictimai nəzarət çox güclüdür. “Bizdə bəzi yaşlı siyasətçilər psixoloq yanına gedəndə özlərini çox ağıllı hesab edirlər. Səninlə elə danışır ki, elə bil sənə dərs keçməyə gəlib. İnsan yaşlandıqca onda sayıqlamalar başlayır. Bir də görürsünüz ki, 80 yaşı var və deyir ki, “belə baxıram, prezident özüm olmalıyam”. Buna nə deyəsən?! Şöhrət artan kimi, başlayırlar belə sayıqlağa. Xaricdə isə siyasətlə məşğul olanlar daimi olaraq ictimai nəzarətdə olurlar. Təbii ki, həmin siyasətçiyə ilk olaraq ictimaiyyət qiymət verir. Əgər hansısa bir problem baş verirsə, dərhal psixoterapevtə müraciət olunur. Həmin siyasətçilərin təmsil olunduqları partiyaların mütəxəssisləri olur ki, bu da adi bir haldır. Sadəcə, Azərbaycanda bu məsələyə bir qədər ehtiyatla yanaşırlar”.