“Guya, hamı himni əzbər bilir?” - Aqil Abbas Elzadan danışdı

Əməkdar artist, müğənni- bəstəkar Elza Seyidcahanın pianoda Azərbaycan Dövlət Himnini düzgün ifa etməməsi müzakirələrə səbəb olub.

 

Məlumata görə, müğənni gah sözləri dəyişib, gah da əlavələr edib. Onun himni səhv oxuması millət vəkilləri, ziyalılar başda olmaqla ictimaiyyətin də tənqid hədəfinə tuş gəlməsinə səbəb olub. Sosial şəbəkələrdə Elza Seydcahanın himnimizə hörmətsizlik etdiyi, dövlət atributuna laqeydlik nümayiş etdirdiyi bildirilir.

 

Milli Məclisin deputatı Aqil Abbas BakiPost.az-a açıqlamasında bildirib ki, istedadlı bir müğənninin belə səhv etməsinə görə onu günahlandırmaq olmaz: "Elza xanım istedadlı bir müğənnidir. Hər zaman da dövlət tədbirlərində iştirak edib. Bütün dövlət bayramlarında konsertlər verib. İndi hardasa səhv edib deyə Elza xanımı gülləmək lazımdır? Düzü mən himni necə, harda və hansı halda oxumasına qulaq asmamışam. Xəbəri sosial şəbəkələrdə və saytlarda gördüm. Amma yenə deyirəm, Elza xanım həmişə dövlət konsertlərində iştirak edib. Bir səhv etdiyinə görə onu bu qədər tənqid atəşinə tutmaq olmaz.Guya, Azərbaycanda hamı dövlət himnini bilirmi? Hamıya himnimizi öyrədə bilmişikmi? Görən hamı dövlət himnini əzbər bilirmi? Məsələnin bu tərəfi də var. Türkiyədə dövlət himni səsləndiyi zaman hamı oxuyur. Amma bizdə dövlət himnini fonoqram oxuyur, bəzilərimiz də ağızımızı açıb-yumuruq. Hələ biz dövlət himnimizi hər kəsə oxuda bilmirik. Buna görə istedadlı bir xanım müğənnini günahlandırmağı, stresə salmağı düzgün qəbul etmirəm. əgər səhv edibsə, səhvini düzəldər”.






Fikirlər