Türkiyədə vaxtilə FETÖ-yə bağlı dərnəklərə üzv olan iş adamlarının əksəriyyəti 17-25 dekabr 2013-cü il və 15 iyul 2016-cı il hadisələrindən sonra istefa verməyə başladılar.
Zamanında Camaata böyük "himmət” yardımları etmiş iş adamlarının bir çoxu istəyərək, bəziləri isə Gülən ilə artıq adlarının anılmasının fayda vermədiyini görərək, istefa verdiklərini bildirdilər. Bir zamanlar Camaatın biznes klubu olan TUSKON-a üzv olmaq prestij sayılırdısa, bu gün o qurumda qalmaq FETÖ üzvü anlamına gəlir.
Azərbaycanda fəaliyyət göstərən türk iş adamlarının əksəriyyətinin zamanında Gülənin xeyir-duası ilə qurulan TUSİAB-a üzv olmaq üstündə yarışa girmişdilər. Təkcə, türk iş adamları deyil, xeyli sayda Azərbaycan şirkəti də təməli 1994-cü ildə Gülənin Azərbaycana göndərdiyi Zafer Ayvaz və Mehmet Ertekin tərəfindən atılan bu dərnəyə üzv olurdular.
İyirmi il (2014-cü ilə qədər) Türkiyə adına Azərbaycandakı iş dünyasına hakim olan dərnək 17-25 dekabr hadisələrindən sonra yenidən öz mövqeyini qorumaq üçün 2013-cü ildə Azərbaycandakı VÖEN-ni belə bağlayaraq, Bursaya yerləşən Yavuz Kələşi geri qaytardı. Kələşin Türkiyənin sabiq daxili işlər naziri Efkan Alanın məktəb yoldaşı olmasını əlində bayraq edən o zamankı TUSİAB rəhbərliyi "vitrin”i təmizləsələr də, başda Yasin Goral olmaqla bütün fətullahçıları arxa planda qorudular.
Yenicag.az xəbər verir ki, Türkiyəyə "fətullahçıları təşkilatdan çıxartdım, onlarla mübarizə apardım” deyən Yavuz Kələş bir çox üzvlərin adlarını dərnəyin rəsmi saytından çıxarsa da, bu barədə Nizamnaməyə uyğun olaraq, heç bir addım atmayıb. Bu may ayında TUSİAB rəhbərliyinə gələn yeni İdarə Heyəti tərəfindən ortalığa çıxarıldı. Belə ki, "çıxarılanlar” ilə bağlı heç bir rəsmi qərarın olmadığı bəlli olub.
Öncədən də qeyd etdiyimiz kimi, 15 iyul əvvəli və sonrasında Cəlil Polat rəhbərliyində TUSİAB 21-ci İdarə Heyəti Qafqaz Universiteti kimi bir sıra fətullahçı üzvü TUSİAB-dan atsalar da, dərnəyə Türkiyənin baxışı dəyişmədi. Yenicag.az-a verilən xəbərə görə, TUSİAB-ın kirli keçmişi və hələ də kriptoların, xüsusilə də, Yavuz Kələş qrupunun dərnək içində aktiv olması ilə bağlı söyləntilər dərnəyin Türkiyədəki limitini bitirdi.
Türkiyə tərəfindən dərnəyə "bağlanılsın” "tövsiyyəsi” verilsə də, İdarə Heyəti bu qərarın dəyişdirilməsinə çalışdı.