"Azərbaycandan GETMƏYƏCƏYİK"

 Yavuz Keleş - TÜSİAB –ın rəhbəri

TÜSİAB-ın rəhbərindən Azərbaycana təşəkkür. 

“Türkiyə PKK terror təşkilatı ilə  mübarizə aparır. Azərbaycan prezidentinin Türkiyəyə son səfəri bu mübarizədə bizə dəstəkdir. Türkün türkdən başqa dostu yoxdur”.

ANS PRESS-in məlumatına görə, bunu TÜSİAB-ın rəhbəri  Yavuz Keleş deyib. Bakıda Dövlət Gömrük Komitəsi – TÜSİAB (Azərbaycan-Türk Beynəlxalq Sənayeçi və İş adamları Cəmiyyəti) işgüzar görüşü olub. 

Keleş bildirdi ki, prezident İlham Əliyevin Türkiyə son səfərini heç vaxt unutmayacaqlar. “Azərbaycan xalqına və prezidentinə təşəkkürlərimi bildirirəm. Biz uzun illər Azərbaycanda fəaliyyət göstəririk. Burada heç vaxt bizə mənfi münasibət göstərilməyib. Azərbaycanda aparılan islahatları dəstəkləyirik. Azərbaycandan getməyəcəyik. Biz çalışmalıyıq ki, Azərbaycanın inkişafını daha da sürətləndirək. Hazırda ölkəmiz iqtisadi baxımdan çətin günlər yaşayır. Gürcüstan və Naxçıvan sərhədindən bəzi məhsulların ölkəyə qaçaqmalçılıq yolu ilə keçirilməsi bazarda tarazlığı pozur. Bu məsələdə ciddi izləmə aparılmalıdır". 

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən mətbuat konfransından sonra - 15.03.2016
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən mətbuat konfransından sonra - 15.03.2016

İlham Əliyevin Türkiyəyə son səfəri mart ayının 15-də olub. Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçirilib. 

İlham Əliyev Türkiyədə

İclasın ilk olaraq fevral ayında Gəncədə keçirilməsi nəzərdə tutulmuşdu. Lakin qatı dumanlı hava şəraiti ilə bağlı toplantının yeri dəyişdirilib və Bakı təyin edilib. Fevral ayının 17-də keçiriləcək toplantıya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılmalı idi. Lakin Ankarada törədilən 17 fevral terroru onun səfərinin təxirə düşməsinə səbəb olub.

İkinci dəfə səfərin vaxtı mart ayının 15-nə təyin edilib. Gözlənilən səfərdən iki gün öncə Ankarada 37 nəfərin ölümünə səbəb olan terror aktı törədildi. İlk günlər Ərdoğanın Bakı səfərinin reallaşacağı deyilirdi. Lakin bir müddət sonra Türkiyə prezidentinin Azərbaycana səfərinin ləğv edildiyi bildirilib.  R.T.Ərdoğanın səfəri ləğv edilsə də Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə səfər edib. 






Fikirlər