“Bakının Ankara və Moskva ilə hərbi blok yaratması mümkün deyil” - YAP-çı deputat

"Bakı, Ankara, Moskva arasında hərbi blok yaratmaq mümkün deyil”. 

Bunu BakiPost.az-a Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib. 
Onun sözlərinə görə, Azərbaycan qoşulmamaq hərəkatının üzvü olduğu üçün heç bir siyasi hərbi blokda ola bilməz: "Bunun olması üçün Azərbaycan qoşulmamaq hərəkatından çıxmalıdır. Həmçinin Türkiyə və Rusiya bir-birlərinə qarşı duran hərbi blokların üzvüdür. Belə olan halda ya Rusiya hərbi bloku tərk edib NATO-ya qoşulmalı, ya da Türkiyə oradan çıxıb özlərinin rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olmalıdır. Göründüyü kimi bunun siyasi və hüquqi aspektləri kifayət qədər ciddidir. 
Amma dünya siyasətində müəyyən praktikalar var. Belə ki, müxtəlif hüquqi müstəvilərdə ölkələr məqbul bir zamanda və formada əməkdaşlıq edə bilərlər”. 
Aydın Mirzəzadə əlavə edib ki, bu gün heç bir hüquqi prosedur bu üç dövlətə hərbi sahədə əməkdaşlıq etməyə mane olmur: "Bu, hərbi texniki əməkdaşlıq, hərbi quruculuq məsələlərdə təcrübənin bölüşməsidir. Həmçinin bir-birinə qarşı münasibətdə daha çox əməkdaşlıq və dostluq münasibətini göstərir. 
Bu gün Azərbaycan Türkiyə, Azərbaycan Rusiya arasında sıx dostluq əlaqələri var. Yəni Azərbaycan üçün yeni bir şey göstərməyə ehtiyac yoxdur. Amma ümumən götürəndə bu üç dövlətin münasibətləri bu gün daha da sıxlaşan, bir-birləri ilə əlaqələrə çox böyük diqqət edən münasibətlər fomasındadır. Hesab edirəm ki, bu münasibətlər regionda təhlükəsilziyin təmin edilməsinə, sabitliyin bərqərar olmasına çox böyük bir dəstəkdir”.
 Qeyd edək ki, Bakı, Ankara, Moskva arasında hərbi blokun yaradılması fikri Rusiyalı politoloq Aleksandr Duqinin Rusiya mətbuatında dərc edilən məqaləsində yer alıb. Məqalədə qeyd olunub ki, bu üç ölkə hərbi blok yaratmaqla regionda bir çox məsələlər həll oluna bilər, sabitlik yaranar. 






Fikirlər