Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının noyabrın 30-da keçiriləcək növbəti iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə yola düşüb.
Məlumatı Müdafiə Nazirliyinin saytı yayıb.
Bildirilir ki, səfər çərçivəsində Müdafiə nazirinin rusiyalı həmkarı ordu generalı Sergey Şoyqu ilə görüşü də planlaşdırılıb. Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın müxtəlif aspektləri, regional təhlükəsizlik məsələləri müzakirə olunacaqdır. Həmçinin Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planının imzalanması nəzərdə tutulub. Bundan əlavə, general-polkovnik Z.Həsənovun bir sıra ölkələrin Müdafiə nazirləri ilə görüşləri də gözlənilir.
****
Zakir Həsənovun Moskvaya səfəri zamanı Rusiya ilə ikitərəfli hərbi-texniki əməkdaşlıq məsələlərinin də müzakirə olunacağı istisna deyil. Habelə Rusiyanın Ermənistana “İsgəndər” operativ-taktiki raketlərini verməsindən sonra regionda yaranmış hərbi-siyasi situasiya Zakir Həsənovun rusiyalı həmkarı ilə danışıqlarında qaldırıla bilər. Rəsmi Bakı bu məsələdən narahatlığını açıq ifadə etməyib, ancaq bu o demək deyil ki, Azərbaycan Rusiyanın Ermənistana həmin raketləri və digər yeni silahları verməsindən, beləliklə də İrəvana danışıqlar prosesini faktiki dayandırmaq üçün stimullaşdırmasından məmnundur.(Virtualaz.org)