Köçkünlər işıq probleminə görə aksiya keçirdilər - Həbs olunanlar var

\

Dekabrın 23-də Biləsuvar rayonu ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı Cəbrayıl qəsəbələrinin sakinləri işıq problemi ilə əlaqdar etiraz aksiyası keçiriblər.

 Məcburi köçkünlər qəsəbələrə verilən elektrik enerjisinin tez-tez kəsilməsinə etiraz ediblər. Hadisə şahidlərinin məlumatına görə, əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında hətta qarşıdurma da baş verib, həbs olunanlar var.

Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının I müavini Arif Fərzəliyev məsələ ilə bağlı Modern.az-a açıqlamasında faktı təsdiq edib. O, hazırda kəçkünlərin yaşadığı həmin 11 qəsəbədə vəziyyətin stabil olduğunu bildirib:

“Axşam saatlarından etibarən məcburi köçkünlərə elektrik enerjisi verilməsi bərpa olunub. Məcburi köçkünlərin borcu çoxdur. Vətəndaşlar onlara verilən limiti aşıb. Buna görə də İmişli Regional İşıq Şəbəkəsi abonentlərə verilən işıqları kəsmişdi. Amma danışıqlar aparıldıqdan sonra hər şey normallaşıb. Hazırda tam sakitlikdir, heç bir ixtişaş yoxdur”.

 A.Fərzəliyev bildirib ki, polislə məcburi köçkünlər arasında baş verən iğtişaşlarda saxlanılanlar olub:

“Mən Bakı nümayəndəliyinin rəhbəri və I müavin olduğumdan çox vaxt paytaxtda oluram. Telefon əlaqəsi vasitəsilə mənə məlumat verilib. Bildirilib ki, polisə müqavimət göstərdikərinə görə, iğtişaş törədənlərin müəyyən hissəsi saxlanılıb.

Ümumilikdə Biləsuvar ərazisində 11 qəsəbə üzrə 18 min məcbur köçkünümüz yaşayır. Amma onlardan neçəsinin borclu olması ilə bağlı məlumatım yoxdur”.

Rayon rəsmisinin sözlərinə görə, bundan sonra abonentlər borclarını hissə-hissə ödəyəcəklər:
“Gəlinən razılığa görə, məcburi köçkünlər borcu hissə-hissə ödəyəcəklər. Təbii ki, vətəndaşlar borcun hamısını birdən ödəmək iqtidarında deyillər. İdarə də borcun hamısının birdən ödənilməsini tələb etmir.

 Ərazidə qazlaşma getməyib deyə, əhali yalnız elektrik enerjisindən istifadə edir. Ona görə də elektrik enerjisinə böyük həcmdə borcları yaranıb. Hansı köçkün qəsəbələrində ki, qazlaşma gedib, orada belə problemlər yoxdur. Amma Biləsuvardakı 11 qəsəbənin heç biri qazlaşdırılmayıb”.






Fikirlər